“Qarşımızda bir sıra milli prioritet müəyyən edilib və mən onları sadalamaq istərdim. Birincisi dayanıqlı, artan rəqabətqabiliyyətli iqtisadiyyatın qurulması, ikincisi dinamik inkluziv və sosial ədalətə əsaslanan cəmiyyətin formalaşdırılması, üçüncüsü işğaldan azad olunmuş ərazilərdə böyük qayıdışa nail olmaq, dördüncüsü Azərbaycanın rəqabətli və insan kapitallı innovasiyalar məkanına çevrilməsi, beşincisi təmiz ətraf mühit və yaşıl artım ölkəsinə çevrilməkdir. Həmin proiritetlərin reallaşdırılması, ölkənin iqtisadi gücünün artırılması, davamlı və yüksək iqtisadi artımın, milli iqtisadiyyatın daxili və xarici təsirlərə dayanıqlığının təmin edilməsi, rəqabətli insan kapitalının, vətəndaş institutlarının mövcud olması Azərbaycanın təkcə regionun deyil, inkişafda olan ölkələrin daha yuxarı sıralarında olması kimi hədəflərə nail olunmasına xidmət edəcək”.
Bu barədə “Postpandemiya dövründə vergi sistemi” konfransında çıxış edən Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Haqsız rəqabətə yol açan hallara son qoyulmalıdır. Bunun üçün institutsional islahatlar və yeni qanunvericilik təşəbbüsləri həyata keçiriləcək.Mikayıl Cabbarov, iqtisadiyyat naziri
Onun sözlərinə görə, ilk növbədə dayanıqlı iqtisadi inkişaf hədəflənilməlidir.
“Çalışacağıq ki, post-pandemiya dövründə, qısa müddət ərzində sahibkarlıq subyektlərinin gəlirlərinin ilkin səviyəsi və istehlak fəallığı bərpa edilsin. Bu addımlar həmçinin yeni iş yerlərinin yaradılmasına təkan verməlidir. İkinci mühüm məqam biznesin və investisiyaların canlandırılmasına, qeyri-neft-qaz sektorunun sürətli artımına nail olmaqdır. Bu sahədə qeyri-neft məhsullarının daha da stimullaşdırılması özəl investisiya qoyuluşunun təşviq edilməsi əsas prioritetlərdən olacaq.
Üçüncü, biznes mühiti daha da yaxşılaşdırılmalı, xüsusilə orta sahibkarların imkanları daha da genişlənməlidir. Belə demək olarsa, əl-qolu tam açılmalıdır. Kiçik və orta biznesin ÜDM-in formalaşmasında dominant mövqeyinə nail olunması nəzərdə tutulur. Kiçik və orta biznesin dövlət satınalmalarında iştirakı təşviq edilməli, onlar dövlət sifarişlərinə daha çox cəlb edilməlidir. Haqsız rəqabətə yol açan hallara son qoyulmalıdır. Bunun üçün institutsional islahatlar və yeni qanunvericilik təşəbbüsləri həyata keçiriləcək.
Sahibkarların maliyyələşməyə çıxış imkanları genişləndirilməlidir. Biznesin təşviqi alətlərinə biz yenidən baxmağa hazırlaşırıq. Dövlətin yanaşması belədir ki, təşviq mexanizmlərinin iqtisadi səmərəsi artırılmalıdır və priroritet sahələr üzrə təşviqedici vergi siyasətinə üstünlük veriləcək.
Yeni özəlləşmə proqramının həyata keçirilməsi nəzərdə tutulub. Birbaşa xarici investisiyaların təşviqi mexanizmi təkmilləşdirilməli, eyni zamanda hesab edirik ki, dövlət investisiya proqramları dövlət-özəl tərəfdaşlığı çərçivəsində genişlənməlidir,” nazir qeyd edib.
İqtisadiyyat nazirinin fikrincə, bir sıra dövlət şirkətlərinin fəaliyyəti günün tələblərinə uyğun deyil, bir sıra hallarda isə idarəetmənin effektivliyi aşağıdır.
Onun sözlərinə görə, sözügedən şirkətlərin xərclərinin, tender prosedurlarının şəffaflığı tam təmin edilməyib.
Cabbarov qeyd edib ki, büdcə gəlirlərinin formalaşmasında mühüm rol oynamalı olduğu halda, bir çox hallarda dövlət şirkətləri zərər ilə çalışır.
Orta, kiçik sahibkarların əl-qolunu kim bağlayır?! Mən?! Biz?! Yox əgər hörmətli Mikayıl müəllim üstüörtülü danışırsa, bu başqa məsələ, əgər yerli icra hakimiyyətləri, hüquq-mühafizə orqanları, məhkəmələr, gömrük orqanları sahibkarların əl-qolunu bağlayırsa, bunu demək istəyirsə, əla, onun demədiyini mən dedimNatiq Cəfərli, iqtisadi təhlilçi
"Bu sahədə artıq ciddi islahatlar həyata keçirilir. Dövlət şirkətlərinin effektivliyinin artırılması və onların ciddi bazar dəyərinə çatdırılmasına nail olunmalıdır. Dövlət şirkətlərinin borclanmlarına nəzarətin gücləndirilməsi, dövlət büdcəsinə divident ödənişlərinin artırılması hədəf kimi qarşımızda durur və 2020-ci ildə yaradılmış Azərbaycan İnvestisiya Holdinqi hazırda bu istiqamətdə çalışır," o deyib.
İqtisadi təhlilçi Natiq Cəfərli bildirib ki, nazir Cabbarov "vizion" olaraq doğru məqamlara toxunub.
“Amma yenə də anlamadım ki, kimdən-kimə şikayət edir?! Orta, kiçik sahibkarların əl-qolunu kim bağlayır?! Mən?! Biz?! Yox əgər hörmətli Mikayıl müəllim üstüörtülü danışırsa, bu başqa məsələ, əgər yerli icra hakimiyyətləri, hüquq-mühafizə orqanları, məhkəmələr, gömrük orqanları sahibkarların əl-qolunu bağlayırsa, bunu demək istəyirsə, əla, onun demədiyini mən dedim. O zaman yenə gəlirik əsas məsələyə - deməli sistem dəyişikliyi labüddür,” iqtisadçı qeyd edib.