Accessibility links

Siyamək Mirzayi 5 gün müddətinə məzuniyyətə buraxılıb 


Evin Həbsxanasında saxlanılan güneyli siyasi məhbus Siyamək Mirzayi 5 günlük məzuniyyətə buraxılıb.

İnsan hüquqları üzrə fəaliyyət göstərən Ərk cəmiyyəti bu barədə məlumat yayıb.

Evin Həbsxanasında 1 il 10 günlük həbs cəzasını çəkən türk fəal Siyamək Mirzayi bacısı vəfat etdikdən 3 gün sonra 300 milyon tümənlik girov müqabilində mayın 19-da 5 günlük məzuniyyətə buraxılıb.

Hazırda Mirzayinin həbs səbəbi əvvəlki məhkumluğu dövründə həbsxanada aclıq aksiyasından dolayı qaldırılan iddiası ilə bağlıdır. Mirzayi həbsdə ikən 18 gün aclıq aksiyası keçirdiyi üçün “rejimə qarşı təbliğat aparmaq” ittihamı ilə suçlanaraq bir il 10 gün həbs cəzasına məhkum edilmişdi.

Siyamək Mirzayi
Siyamək Mirzayi

Mirzayi dekabrın 28-də Ərdəbil şəhərində evinə girərkən təhlükəsizlik qüvvələri tərəfindən tutulub və o zamandan bəri Evin həbsxanasında 1 il 10 günlük həbs cəzasını çəkir.

Mirzayi bundan əvvəlki məhkumluğunda "ölkə təhlükəsizliyini pozmaq məqsədilə qeyri-qanuni qruplara üzv olmaq" ittihamı ilə üç il həbsə və bir il İranın Qain şəhərində sürgün həyatı keçirməyə məhkum edilmişdi. O, 2019-cu ilin iyul ayının 28-də üç illik həbs cəzasının bitməsindən sonra bir illik sürgün cəzasını çəkmək üçün İranın Cənubi Xorasan vilayətində yerləşən Qain şəhərinə göndərilmişdi.

Güneyli fəal həmçinin son mühakiməsində 2 il müddətinə qədər ölkədən çıxmaqdan və siyasi, ictimai partiyalar və qruplara üzv olmaqdan məhrum edilib.

İran Azərbaycanın Muğan şəhərindən olan siyasi fəal Siyamək Mirzayi indiyə qədər dəfələrcə İran hökumətinin təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və mühakimə olunub. O, 2010-cu ildə siyasi fəaliyyətlərindən dolayı magistr dərəcəsində ali təhsildən məhrum edilmişdi.

XS
SM
MD
LG