Accessibility links

Siyamək Kuşi: "Atamın səhhəti bizi çox narahat edir"


Hüseyn Kuşi
Hüseyn Kuşi

Fəhlə hüquqları fəalı Hüseyn Kuşi 3 il müddətinə azadlıqdan məhrum edilib və artıq bir aydır ki, Təbriz Mərkəzi Həbsxanasında saxlanılır.

Hüseyn Kuşinin oğlu Siyamək Kuşi Amerikanın Səsinə atasının həbsxanadakı səhhətindən və 3 illik həbs cəzasından danışıb.

please wait

No media source currently available

0:00 0:05:37 0:00

Siyamək Kuşinin sözlərinə görə, onun atası sadəcə sosial şəbəkələrdə bir neçə paylaşımında hökuməti tənqid etdiyinə görə “rejimə qarşı təbliğat aparmaq” və “rəhbərliyi təhqir etmək” ittihamı ilə 3 il həbs cəzasına məhkum edilib.

Cənab Hüseyn Kuşinin ailəsinin dediyinə görə, təhlükəsizlik qüvvələri onu şəxsi hesablarında bir neçə məqalə və yazı dərc etdiyinə görə saxlayıb və dindiriblər.

Təbrizdəki təhlükəsizlik qüvvələrinin təcridxanasından müvəqqəti olaraq azad edildikdən sonra qiyabi olaraq mühakimə edilərək 3 il həbs cəzasına məhkum edilib. Cənab Hüseyn Kuşinin oğlu Siyamək bəyin dediyinə görə, bu hökm onlara çatdırılmamışdı.

Cənab Hüseyn Kuşi müdafiə haqqı olmadan qiyabi mühakimə olunub və məhkəmənin hökmü ona çatdırılmayıb ki, o, nəzərdə tutulmuş müddətdə apellyasiya məhkəməsinə şikayət verə bilsin.

“Atamın 68 yaşı var və üç ildir ki, ağciyər xəstəliyindən əziyyət çəkir. Evimizdə daimi olaraq oksigen aparatından istifadə edir. Atam müəyyən dərmanlar istifadə edir, hazırda həbsxanada bunlardan istifadə etmək imkanı yoxdur. Onunla hər dəfə telefonla danışanda öskürək və nəfəs darlığından yaxşı danışa bilmədiyini görürük"-deyə Siyamək Kuşi söyləyib.

Kuşinin oğlunun sözlərinə görə, həbsxana rəhbərliyi siyasi məhbusun ailəsinin cəzanı elektron qandalla evdə çəkməklə bağlı dəfələrlə etdiyi müraciətlərə cavab verməyib.

“Atam iki aydan bir həkimə getməli, müayinədən keçməlidir. Müayinə vaxtından bir ay keçib və atamın sağlamlıq durumu bizi çox narahat edir”-siyasi məhbusun oğlu əlavə edib.

Təbriz Mərkəzi Həbsxanasının rəsmiləri siyasi məhbusun elektron qandalla həbs cəzasını evdə keçirməsi üçün təhlükəsizlik qüvvələrinin əmrinin lazım olduğunu deyiblər, lakin ailəsinin tez-tez həbsxana rəsmilərinə və rəhbərliyinə müraciətinə baxmayaraq, təhlükəsizlik qurumları tərəfindən hər hansı bir cavab verilməyib.

İranda ifadə azadlığı hüququ kobud şəkildə pozulur, vətəndaşlar sırf sosial şəbəkələrdə şəxsi səhifələrində öz fikir və mülahizələrini dərc etdiklərinə görə mühakimə olunaraq müxtəlif ittihamlarla həbs olunurlar.

XS
SM
MD
LG