Accessibility links

Siyamək Mirzayidən prokurora məktub - “Ettelaat ailəmi incidir.”


Siyamək Mirzayi

Milli fəal keçən ilin iyun ayından bəri həbsdədir

10 il həbs və iki il sürgün cəzasına məhkum edilmiş və hazırda Tehranın Evin həbsxanasında saxlanılan türk dil haqları müdafiəçisi Siyamək Mirzayi Tehran prokuror müavini Hacı Muradiyə məktub ünvanlayıb.

Keçən ilin iyulunda İran Azərbaycanının Muğan bölgəsindəki təhlükəsizlik qüvvələri tərəfindən nəzarətə alındıqdan bəri həbsdə olan fəalın məktubunun mətni sosial şəbəkələr və Günaz TV kimi internet portallarında yayımlanıb.

Amerikanın Səsinin məhbusun yaxınlarından əldə etdiyi məlumata görə, məktub həbsxanadakı məhkəmə icraçısına təslim edilib.

Ailəmin bütün üzvlərinin telefonlarını dinləyiblər. İradəmizi qırmaq üçün hər tərəfdən basqılar tətbiq olunub. Halbuki, mənim fəaliyyətlərim və hərəkətlərimin hamısı qanun çərçivəsində həyata keçirilib.
Siyamək Mirzayi

Milli fəal yazdığı məktubda tutulma, nəzarət müddəti, sorğu-sual, və mühakimə proseslərində qanunsuzluqlar ilə üzləşdiyini, ailə üzvlərinin isə təhlükəsizlik qüvvələrinin basqı və əziyyətlərinə məruz qaldığını açıqlayıb.

“Təhlükəsizlik qüvvələrinin məhkəmə qurumları vasitəsilə oynadıqları oyunlardan əlavə, zindan xaricində də ailəm və həyat yoldaşım davamlı olaraq təhdid və basqılara məruz qalıblar. Ailəmin bütün üzvlərinin telefonlarını dinləyiblər. İradəmizi qırmaq üçün hər tərəfdən basqılar tətbiq olunub. Halbuki, mənim fəaliyyətlərim və hərəkətlərimin hamısı qanun çərçivəsində həyata keçirilib,” fəalın məktubunda yazılıb.

Siyamək Mirzayi
Siyamək Mirzayi

Tehran vilayətinin Baharistan şəhərinin İnqilab Məhkəməsi bu ilin yanvar ayında Siyamək Mirzayini10 il həbs və əlavə olaraq, iki il Cənubi Xorasan vilayətinin Təbəs şəhərində sürgündə yaşamaq cəzasına məhkum edib.

Mirzayi apelyasiya məhkəməsinə müraciət edərək çıxarılan hökmə etiraz edib. Lakin hüquq müdafiəçilərinin xəbərlərinə görə, apelyasiya məhkəməsi üçün bir neçə dəfə tarix verilsə də, “hər dəfəsində məhkəmə iclası müxtəlif bəhanələr ilə təxirə salınıb.”

Baharistan İnqilab məhkəməsi Siyamək Mirzayi və dörd digər fəalı 10 il həbs və iki il sürgünə məhkum edib.
Baharistan İnqilab məhkəməsi Siyamək Mirzayi və dörd digər fəalı 10 il həbs və iki il sürgünə məhkum edib.

Baharistan şəhərinin İnqilab Məhkəməsi Siyamək Mirzayidən əlavə dörd digər türk dil haqları fəalını da 10 ildən 15 ilə qədər həbs və əlavə olaraq 2 il ölkənin türk əhalisi olmayan bölgələrində sürgündə yaşamaq cəzasına məhkum edib. Bu fəalların hamısı daha əvvəl Dünya Ana Dili Günü tədbirləri ilə bağlı nəzarət altına alınıblar.

Siyamək Mirzayi 2006-cı ildən bəri göstərdiyi fəaliyyətlər üzündən həbs, mühakimə və ali təhsilini davam etdirməkdən məhrum edilmə kimi basqılara məruz qalıb.

O, 2015-ci ilin fevral ayında Amerikanın Səsi ilə müsahibədə İran İslam Respublikasının türk dili və mədəniyyətinə qarşı yürütdüyü siyasəti tənqid edib.

XS
SM
MD
LG