Accessibility links

Hüquq müdafiəçiləri Avropa Şurasının baş katibini Konstitusiyaya təklif olunan düzəlişlərə hüquqi qiymət verməyə çağırır


Torbyorn Yaqland
Torbyorn Yaqland

Azərbaycanın bir qrup hüquq müdafiəçisi Avropa Şurasının baş katibi Tornbyorn Yaqlanda məktub ünvanlayıb

Azərbaycanın bir qrup hüquq müdafiəçisi Avropa Şurasının baş katibi Tornbyorn Yaqlanda Azərbaycanda Konstitusiyaya təklif olunan düzəlişlərə hüquqi qiymət vermək çağırışı ilə məktub ünvanlayıb.

"Ofisinizi Azərbaycan Konstitusiyasına təklif olunan dəyişikliklər və planlaşdırılan referendumun Avropa Şurasının standartlarına uyğunluğu ilə bağlı Venesiya Komissiyasının rəyini almaq üçün təşəbbüs irəli sürməyə çağırırıq. Hesab edirik ki, təklif olunan düzəlişlərin bəziləri Avropa Şurasının demokratiya, insan hüquqları və qanunun aliliyi kimi təməl prinsiplərinə ziddir. Bu düzəlişlərin qəbul edilməsi ölkədə demokratiya defisitini daha da artıracaq, dövlət hakimiyyəti orqanları arasında səlahiyyətlər tarazlığını pozacaq və hakimiyyətin prezidentin əlində cəmləşməsinə gətirib çıxaracaq. Başqa sözlə, təklif olunan düzəlişlər yalnız səlahiyyətlər artıq əhəmiyyətli dərəcədə hazırki prezidentin əlində cəmləşmiş sistemin daha da qeyri-demokratik olmasına səbəb olacaq", deyə müraciətdə qeyd edilir.

Məktub müəllifləri qeyd edirlər ki, vətəndaşlar referendumun nəticələri haqqında məlumatlandırılmalıdır. Hazırki rejimin tənqidə qarşı dözümsüzlüyü və KİV və fikri ifadə etmək, toplaşmaq və birləşmək azadlığının məhdudlaşdırılması təklif edilən düzəlişlərə tarazlaşdırılmış qiymət verilməsini və referendumun keçirilməsinə qədər onların seçicilərə çatdırılmasını qeyri-mümkün edir.

2016-cı il iyulun 18-də prezident İlham Əliyev “Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi haqqında” referendum aktı layihəsi haqqında fərman imzalayıb.

Konstitusiya Məhkəməsi iyulun 25-də referendumun keçirilməsinə razılıq verib, bundan sonra prezident İlham Əliyev referendumu 26 sentyabr 2016-cı ilə təyin edib.

"Azərbaycan hökumətinin parlamentlə razılaşdırmadan və ictimai müzakirələr aparmadan dəyişikliklərin belə tələsik qəbul edilməsi haqqında bu qərarı göstərir ki, qarşıda duran referendum Avropa Şurasının standartlarına ziddir," deyə müraciətdə bildirilir.

“Biz israrla təcili Venesiya Komissiyasının rəyini istəməyinizi xahiş edirik. Bu rəyin Azərbaycan Konstitusiyasının, Azərbaycanda insan hüquqları və qanunun aliliyinin müdafiəsində həlledici əhəmiyyəti olacaq”, deyə İntiqam Əliyev (Hüquqi Maarifləndirmə Cəmiyyəti), Emin Hüseynov (Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu), Rəsul Cəfərov (İnsan Hüquqları Klubu), Anar Məmmədli (Seçkilərin Monitorinqi Mərkəzi), Leyla Yunus (Sülh və Demokratiya İnstitutu) tərəfindən imzalanmış müraciətdə qeyd edilir.

XS
SM
MD
LG