Accessibility links

Vəkil Əlayif Həsənova qarşı şikayətə Yasamal Məhkəməsi baxacaq


Vəkil Əlayif Həsənov
Vəkil Əlayif Həsənov

Leyla Yunus şikayətin təşkil edildiyini, vəkilləri qorxutmaq məqsədi daşıdığını bildirib

Bu gün Sabunçu rayon Məhkəməsi həbsdə olan Nüriyyə Hüseynovanın vəkil Əlayif Həsənova qarşı xüsusi ittiham qaydasında şikayətinə baxıb. Məhkəmə işi baxılması üçün Yasamal rayon Məhkəməsinə göndərib. Bu barədə vəkil Əlayif Həsənov Amerikanın Səsinə bildirib.

Həsənov elmi konfransda olduğu üçün, məhkəmə onun iştirakı olmadan keçirilib.

Vəkil Əlayif Həsənovu həbsdə olan hüquq müdafiəçisi Leyla Yunusla eyni kamerada saxlanılan Nuriyyə Hüseynova məhkəməyə verib. Leyla Yunus vəkilləri vasitəsi ilə Nuriyyə Hüseynova tərəfindən təzyiqlərə məruz qalması ilə bağlı bəyanatlarını yayıb.

Onun bəyanatlarından birini də vəkil Əlayif Həsənov “Azadlıq” qəzetinin 17 sentyabr sayında dərc etdirib. Bundan sonra Nuriyyə Hüseynova vəkilin “cinayətkar” və “residivist” deyərək onu təhqir etdiyini iddia edərək xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib.

Vəkil Əlayif Həsənov bildirib ki, Hüseynova əvvəllər də məhkum edilib və məhkumluğu hələ bitməyib.

Vəkil və Leyla Yunus hesab edir ki, hakimiyyət Nuriyyə Hüseynova vasitəsi ilə vəkilləri prosesdən uzaqlaşdırmaq istəyir.

“Sentyabrın 24-də Nüriyyə Hüseynovanın şikayətinə görə Vəkillər Kollegiyasında izahat vermişəm. N.Hüseynova xüsusi ittiham qaydasında məhkəməyə də şikayət edib.

İşin xüsusi təşkil olunduğu aydın görünür, çünki ərizəyə "Azadlıq" qəzetinin səhifəsinin ksero-surəti də əlavə edilmişdi.

Belə çıxır ki, N.Hüseynova "Azadlıq" qəzetinin daimi oxucusudur, onu hətta Bakı İstintaq Təcridxanasında belə alır.

Amma vəkillərin çantası həmişə yoxlanır ki, "Azadlıq" qəzeti istintaq təcridxanalarına buraxılmır. Təqsirim olmasa da görünür həbsim realdır”, deyə Ə.Həsənov Facebook səhifəsində yazıb.

Leyla Yunus mediaya ünvanladığı məktubunda bildirir ki, rejim Nuriyyə Hüseynovanın məhkəməyə müraciətini təşkil edərək ondan Əlayif Həsənova qarşı da istifadə edir.

“Təyin edilən məhkəmənin məqsədi vəkilləri qorxutmaq, vicdan məhbuslarını müdafiəsiz qoymaqdır. Bu gün Azərbaycanda vicdan məhbuslarını müdafiə etməyə cəsarəti çatan 6-7 vəkil qalıb.

Bizi müdafiə etmək üçün nə qədər güc və cəsarətin tələb olunduğunu bilirəm. Azərbaycanda müstəqil məhkəmə sisteminin olmadığını hamıdan yaxşı bilirəm.

Ancaq yenə də sizə müraciət edirəm: Cənab hakimlər, vəkil Əlayif Həsənova qarşı hansı hökmü çıxaracağınızla bağlı sizə aydın tapşırıq verilib. Amma dinləyin və işgəncələrə məruz qalan şəxsi müdafiə edən vəkilə qarşı hansı əxlaq, vicdan normalarını pozduğunuzu düşünün”, Leyla Yunus qeyd edir.

XS
SM
MD
LG