Accessibility links

Vəkillər məhkəmədən Rəsul Cəfərovun bəraətini istəyirlər


Rəsul Cəfərov: Müstəqillik dövründə heç zaman indiki qədər çox sayda gənc həbs edilməyib
Rəsul Cəfərov: Müstəqillik dövründə heç zaman indiki qədər çox sayda gənc həbs edilməyib

Rəsul Cəfərov aprelin 15-də məhkəmədə son sözlə çıxış edəcək

Hüquq müdafiəçisi Rəsul Cəfərovun işi üzrə məhkəmədə vəkillər yekun sözlə çıxış diblər.

Əlibaba Rzayev ittihamın bütün bəndlərinin əsassız olduğunu qeyd edib.

Ədliyyə Nazirliyinin təqdimatı əsasında Baş Prokurorluq tərəfindən “fakt üzrə” cinayət işi açılıb. Lakin cinayət işi üçün məhz hansı faktın əsas olduğu açıqlanmır. Həmçinin, ölkədə milyonlarla məbləği olan qrantlar alan yüzlərlə QHT fəaliyyət göstərdiyi halda, Ədliyyə Nazirliyinin niyə Cəfərovun və daha bir neçə hüquq müdafiəçisinin işi üzrə təhqiqat təşəbbüsü irəli sürdüyü aydın deyil.

Vəkil hesab edir ki, cinayət işləri məhz hakimiyyəti tənqid edən fəallara qarşı başlanıb.

Daha sonra o, “xüsusilə böyük ölçüdə mənimsəmə” maddəsi üzrə ittihamın əsassız olduğunu qeyd edib. İstintaq Cəfərovu donorlardan alınmış 150 min manatı mənimsəməkdə ittiham edir. Lakin istintaq bu donorları zərərçəkmiş qismində cəlb etməyib.

Bundan başqa, donorlar özləri rəsmi olaraq Cəfərova qarşı iradları olmadığını bildiriblər.

Eyni zamanda, zərərçəkmiş qismində Cəfərovun layihələrində çalışmış 5 nəfər cəlb edilib. Mümkün mübahisələr cinayət deyil, mülki məhkəmə təhqiqatının predmetidir. Amma bütün zərərçəkmişlər məhkəmədə özlərini zərərçəkmiş hesab etmədiklərini bildiriblər və onların üzərindən bu statusun götürülməsini xahiş ediblər.

13 ittiham şahidinin hamısı qrantlardan təyinatı üzrə istifadə olunduğu barədə ifadə verərək, Cəfərovun təqsirsiz olduğunu təzdiq ediblər.

Vəkil istintaqın dövlət qeydiyyatı olmayan qrantlardan istifadə, qanunsuz sahibkarlıq ittihamını əsassız adlandırıb. 2014-cü ilin fevral ayına qədər qanunvericilik fiziki şəxslərin qrantları qeydiyyatdan keçirməsini tələb etmirdi. Yeni qanunvericilik tətbiq edildikdə isə Cəfərov artıq dövlət qeydiyyatı olan QHT-lər vasitəsilə qrant layihələri həyata keçirirdi və qrantları qeydiyyat üçün Ədliyyə Nazirliyinə təqdim edirdi.

Amma hətta Cəfərovun qanunu pozduğunu hesab etsək belə, qrantların qeydiyyatdan keçirilməməsinə görə cərimə şəklində inzibati məsuliyyət nəzərdə tutulur.

Vəkil Cəfərovun əməllərində sahibkarlıq fəaliyyəti olmadığını bəyan edib, belə ki, sahibkarlıq malların və xidmətlərin gəlir əldə etmək məqsədilə istehsalını nəzərdə tutur.

Cəfərovun fərdi vergi ödəyicisi kimi qeydiyyatı var idi və o, vergiləri ödəyirdi, onun fəaliyyəti lisenziya tələb etmirdi.

Vəkil cinayət işində digər uyğunsuzluq kimi eyni məbləğin – 150 min manatın həm xüsusilə böyük ölçüdə mənimsəmə, həm də qanunsuz sahibkarlıq çərçivəsində gəlir əldə etmə kimi göstərilməsini qeyd edib. Elə həmin məbləğdən Cəfərovun 6,2 min manatlıq vergini ödəmədiyi iddia olunur. “Məntiq bunun harasındadır? Belə çıxır ki, oğru oğurladığı puldan vergi ödəməlidir”, deyə vəkil istehza edib.

O, həmçinin 313-cü maddə (vəzifə saxtakarlığı) üzrə ittihamın əsassız olduğunu vurğulayıb, belə ki, bu, dövlət və bələdiyyə vergilərinə aiddir.

308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə gətirib çıxardıqda) maddə ilə ittham da əsassızdır. Cəfərovun rəhbərlik etdiyi İnsan Hüquqları Klubunun dövlət qeydiyyatı olmayıb, yəni Cəfərovun vəzifəsi olmayıb. Bundan başqa, istintaq hansı “ağır nəticələrdən” söhbət getdiyini açıqlamayıb.

Bütün bunları nəzərə almaqla, vəkil Cəfərova qarşı cinayət işini “absurd, qərəzli, qanunsuz” adlandırıb və Cəfərova bütün ittiham bəndləri üzrə bəraət verməyi təklif edib.

Vəkil Fariz Namazlı İnsan Hüquqları Evinin fəaliyyətinin qanunsuz kimi təqdim edilməsinin əsassız olduğuna diqqət çəkib.

Bu zaman o, QHT-lərin dövlət qeydiyyatı olmadan fəaliyyət göstərə biləcəyi haqqında QHT-lərə Dövlət Dəstəyi Şurasının rəhbəri Azay Quliyevin bəyanatına və “İsmayılov Azərbaycana qarşı” işi üzrə Azərbaycan hökumətinin Strasburq Məhkəməsinə rəsmi məktubuna istinad edib.

Namazlı həmçinin qrantlara vergi düşmədiyinə diqqət çəkib. Cəfərov isə layihələr çərçivəsində əmək haqqına görə vergiləri şəxsən ödəyib.

Bundan başqa, istintaq Cəfərovun 146 min manatı mənimsəməsi haqqında heç bir dəlil təqdim etməyib, yalnız onun vəsait alması haqqında bank çıxarışlarına istinad edib.

O da Cəfərova bəraət verilməsini təklif edib.

Daha sonra Cəfərov özü çıxış etməli idi. Lakin hakimlər fasilə elan ediblər, daha sonra isə iclası 15 aprel saat 10.30-a keçiriblər.

XS
SM
MD
LG