Accessibility links

Əli Həsənov: Siyasi məhbusun bir nömrəli nümunəsi Məhəmməd Mursidir


Əli Həsənov
Əli Həsənov

Bakı Dövlət Universitetində (BDU) “Azərbaycan Milli Mətbuatı-140: “Əkinçi” ənənələri və müasir jurnalistika” mövzusunda elmi praktiki konfrans keçirilib.

Milli Mətbuatın 140 illik yubileyinə həsr olunmuş tədbirdə BDU-nun rektoru Abel Məhərrəmov, Prezidentin köməkçisi Əli Həsənov, Mətbuat Şurasının sədri Əflatun Amaşov. Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun rəhbəri Vüqar Səfərli və digər rəsmi şəxslər iştirak edib.

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib ki, prezident İlham Əliyevin sərəncamına uyğun olaraq, milli mətbuatın 140 illik yubileyi mərasimləri iyun, iyul və avqust aylarında keçiriləcək.

“Bu zaman kəsiyində mətbuatımızın keçdiyi inkişaf yoluna nəzər salınacaq, mətbuat tarixi təkrar araşdırılacaq. Dəyərli ziyalılar və mətbuatın inkişafında mühüm rolu olan şəxslər yada salınacaq. Eyni zamanda, milli strategiya və platformamızı formlaşadıracağıq. Mətbuatın inkişafında mühüm nailiyyətlər əldə olunmalı və buna müvafiq olaraq jurnalistkanın bugünkü durumunu özündə əks etdirən strategiya hazırlanmalıdır. Elit təbəqə müasir geosiyasətdə yerimizi bilməli, kimlərlə qonşu olduğumuzu, xarici və daxili təzyiqlərin haradan və nədən qaynaqlandığını bilməlidir”, o qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdən sonra ilk başlanğıcda media sahəsində müəyyən böhran yaşanıb. Bu zaman bəzi siyasi qüvvələr özlərinə müəyyən adda mətbuat orqanları yaradaraq ayrı-ayrı siyasi qüvvələrin tərkibində dövlətə qarşı çıxış edirdilər.

“Azərbaycan milli mediasının banisi Həsən bəy Zərdabidir. Həsən bəy Zərdabidən başlayan ənənələr Xalq Cümhuriyyəti dövründə də davam etdirilib. Cümhuriyyət dövründə Əli bəy Hüseynzadə, Üzeyir Hacıbəyov kimi xadimlər var idi. Həsən bəy Zərdabidən Xalq Cümhuriyyətinə qədər medianın inkişafı bir mərhələ, Xalq Cümhuriyyəti dövründə bir mərhələ, sovet dövründə isə bir mərhələdir. Müstəqillik dövründə mətbuatın inkişafı da sovet dövründən qaynaqlanıb. Müstəqillik dövründə yaradılan mətbu orqanları təəssüf ki, ayrı-ayrı siyasi qüvvələrin təsirinə düşdü, anti-Azərbaycan mövqedən çıxış etməyə başladı, pis ənənələr formalaşdı. Ancaq müstəqillik dövründə azad jurnalistikanın prinsipləri də formalaşmağa başladı".

Prezidentin köməkçisi qeyd edib ki, qanunvericilik sahəsində 1998-ci ildən bu günə qədər mühüm addımlar atılıb, konstitusiyada söz, fikir və mətbuat azadlığına dair müddəlar yer alıb.

"2000-ci ildə isə Mətbuat Şurası yaradıldı. Jurnalistika ilə bağlı normativ və hüquqi sənədləri məhz bu şura qəbul edir. Mətbuatın maddi-texniki bazasının yaxşılaşdırılmasına geniş şəraitin yaradılması xüsusi qeyd edilməlidir. Mediaya güzəştli kreditlərin verilməsi, müəyyən vergilərdən azad edilməsi əsas amillərdən biri idi. 2008-ci ildən mediaya dövlət dəstəyi şəffaf şəkildə həyata keçirilməyə başladı. Çünki əvvəllər bu istiqamətdə müəyyən işlər görülsə də, işlər elə də şəffaf deyildi. Bu gün jurnalistikamız əhalinin informasiya almaq hüququnu tam ödəyir”.

Həsənovun fikrincə, Azərbaycan mətbuatının işi bir çox dövlətlərin qəzəbinə səbəb olursa, deməli hər şey düzgün istiqamətdə gedir

“Jurnalistlərimiz müstəqil şəkildə Azərbaycan problemlərinin altına öz çiyinlərini verib qərəzli yazılara tutarlı cavab verə bilirlər. Müasir dünyada o qədər çox standartlar yaranıb ki, Qərb və digər sistemlər obyektiv gerçəkliklə çıxış edərək həqiqəti qəbul etmək istəmirlər. Qərbi təmsil edən transmilli mediada bəlli mərkəzlərin sifarişi əsasında informasiyalar hazırlanır", o qeyd edib.

O deyib ki, hər bir juranlist unutmamlıdır ki, o eyni zamanda xalqı, milləti, dövləti təmsil edir.

“Gündəlik jurnalist fəaliyyətində vətənə bağlılıq hissləri qətiyyən arxa plana keçməməlidir”.

Onun sözlərinə görə, bəzi qüvvələr xalqları millətləri və etnik azlıqları bir-birinə qarşı qaldırdılar.

"Müasir dünyada o qədər çox standartlar yaranıb ki, nə nümunəsini Azərbaycanda yaymağa çalışdığımız Qərb, nə də digər bizə nümunə ola biləcək sistemlər bu gün təəssüf ki, obyektiv gerçəklikdən çıxış edərək vahid standartlar çərçivəsində siyasət həyata keçirmirlər. Bilirik ki, bu gün dünyada baş verən proseslər heç də Qərb və digər mətbuatda yazıldığı kimi cərəyan etmir. Xalqların çoxu heç də terrorist, vəhşi insanlar deyil. Amma son 10 ildə həmin dövlətlərin başına görün nə oyun açıldı. Öz maraqları çərçivəsində müsəlman ölkələrini nə günə qoydular".

Prezidentin köməkçisi qeyd edib ki, bəzi dairələr bu gün dünya ölkələrində siyasi məhbus axtarırlar.

"Siyasi məhbusun bir nömrəli nümunəsi Misirin devrilmiş prezidenti Məhəmməd Mursidir. Demokratik səsvermə yolu ilə öz əhalisinin 50 faizdən çoxunun səsini toplayıb prezident seçilən adam kiminsə maraqlarına cavab vermədiyi üçün bu gün həbsdədir və onu edam etmək istəyirlər. Təəssüf ki, bu gün dünyada çox standartlılığın hökm sürdüyü dövrdə Azərbaycan jurnalistikasının bəzi nümayəndələri də onlara dəstək olurlar. Azərbacan xalqına, dövlətinə qarşı çevrilən əməllərə bu və ya digər yollarla yardım edirlər. Təəssüf edirəm ki, bu gün xarici ölkələrdə məskunlaşan bəzi azərbaycanlı adını, soyadını daşıyan jurnalistlər onların əsas hədəflərinə çevriliblər. Anti-Azərbaycan şəbəkələri formalaşıb ki, onların fəaliyyəti haqqında məlumatlıyıq”.

Ə.Həsənov deyib ki, bu gün Azərbaycan mediasının nümayəndələri kifayət qədər qüdrətə malikdirlər və həmin qüvvələrə sinə gərməyi bacarırlar.

“Onlar I Avropa Oyunları ərəfəsində bizim başımıza nə oyunlar açmağa çalışdılar?! Düzdür, heç nəyə nail ola bilmədilər. Faktiki olaraq 3-5 nəfər adını hüquq müdafiəçisi qoyan təşkilat və şəxsdən başqa dünya ictimaiyyətini anti-Azərbaycan prosesinə qoşa bilmədilər. Onların dairəsi maksimum 60-70 nəfəri əhatə edə bilir. Bu qədər şəxslə Qərb anti-Azərbaycan fəaliyətini sistemli şəkildə həyata keçirmək istədi, ancaq istəyinə nail ola bilmədi. Sual ortaya çıxır ki, niyə onların dairəsi genişlənmədi? Çünki biz haqlı idik. Onlar haqqa qarşı mübarizə aparmaq istəyirdi. Gözləri götürmədi ki, 20 illik müstəqillik tarixinə malik olan Azərbaycan bu gün dünyanın keçirə biləcəyi səviyyədə olimpiada keçirə bilir. Bir sözlə, Azərbaycanın cəlbedici obrazı çoxlarını qane etmir və yəqin ki, bundan sonra da etməyəcək. Ona görə də Azərbaycan xalqı, eləcə də aktiv təbəqə olan ziyalılar və jurnalistlər ayıq-sayıq olmalı və bəzi qüvvələrin əməllərini yerindəcə ifşa etməlidirlər".

O bildirib ki, bəzi böyük güclər bir sıra dövlətləri idarə etmək istəyir.

"Təbii ki, Azərbaycanda həmin dövlətlərin sırasındadır. Bu günün Azərbaycanın bəlli sərvətləri, siyasəti və özünə məxsus maraqları var. Bu maraqları reallaşdırmaq üçün kimlərinsə maraqları qarşısında sədd çəkməliyik, kiminsə istəyinə yox deməliyik. Bu da onlara sərf etməyəndə Azərbaycanın üzərinə gəlirlər. Sadəcə olaraq böyük dövlətlər ölkəmizi idarə etmək istəyirlər. Amma bu gün prezident İlham Əliyevin sözün həqiqi mənasında Azərbaycan xalqının iradəsinə söykənən müstəqil siyasəti onlara sərf etmir və buna qarşı çıxırlar".

XS
SM
MD
LG