Avqustun 5-də hüquq müdafiəçiləri Leyla və Arif Yunusun işi üzrə məhkəmə prosesi sənədlərin araşdırılması ilə başa çatıb.
Vəkil Elçin Qəmbərov jurnalistlərə bildirib ki, məhkəmə A.Yunusun səhhətinin pis olması səbəbindən dinləmələrin təxirə salınması barədə müdafiə tərəfinin vəsatətini təmin etməyib və prosesi davam etdirib.
A.Yunusun halı pisləşdiyi zaman məhkəmə zalına həkim dəvət olunub, ona iynə vurulub.
Bu gün hakim məhkəmə istintaqının başa çatdığını elan edərək prokurorun çıxışını avqustun 6-na təyin edib.
***
Avqustun 5-də Sülh və Demokratiya İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Leyla Yunus və onun həyat yoldaşı, tarixçi-alim Arif Yunusun məhkəməsi davam edir.
Bu gün məhkəməyə gələnlər bir sürprizlə qarşılaşıblar. Məhkəmə binasının qapısına qıfıl asılıb.
Ötən proseslərdə olduğu kimi, yenə də müstəqil media qurumlarının əməkdaşları zala buraxılmır.
AXCP sədri Əli Kərimli də məhkəmə binası qarşısındadır və o da zala buraxılmayanlar arasındadır.
AXCP sədri Əli Kərimli Leyla və Arif Yunusların heç bir cinayət törətmədiyini deyir.
Onun fikrincə hüquq müdafiəçilərinin həbsi siyasi sifarişlidir və sonda bu istiqamətdə qərar veriləcək.
Məhkəmə administrasiyası lazım bildiyi adamları arxa qapıdan zala buraxıb.
Təsadüfən zala daxil ola bilmiş Emil Ədalətli bildirib ki, iclasın əvvəlində Leyla Yunusun səhhəti pisləşib: o 15 kiloqram arıqlayıb, dərmanları qurtarıb. Sonra dərman alınması üçün Almaniya səfirliyinin nümayəndəsinə müraciət edib.
Arif Yunusun da halı pisləşib və zalda iştirak edən həkim ona dərman verib.
Leyla Yunus prosesin ədalətsiz aparılmasına etirazını bildirib.
Jurnalistlərlə söhbətindfən sonra Emil Ədalətli yenidən məhkəmə zalına buraxılmayıb.