Accessibility links

"Şəhidlər” məscidinə imam və axund təyin edilib


Şeyxülislam Hacı Allahşükür Paşazadə
Şeyxülislam Hacı Allahşükür Paşazadə

"Şəhidlər” məscidinə axund və imam təyin edilib.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə məlumat verib.

Din xadimləri Əyanət Cəfərovla Mirzaid Qənbərov imam, Cavid Kərimov və Gülağa İsmayılov isə axund vəzifəsini yerinə yetirəcəklər.

İmam sünni təriqətində, axund isə şiə təriqətində ibadət prosesinə başçılıq edir.

Şeyxülsilam APA-ya açıqlamasında bəzi məsələlərin mətbuatda düzgün şərh və təqdim olunmadığını bildirib.

“Dini ayinlərin həyata keçirilməsi üçün axund və ya imam təyinatını qanuna görə, QMİ həyata keçirir. Bu, başqa cür ola bilməz. Şəhidlər Xiyabanının ziyarətçilərinə xidmət etdiyi nəzərə alınaraq Dövlət Komitəsi bu məsciddə icmanın olmayacağı barədə açıqlama verdi. Lakin ziyarətçilərə dini xidmət göstərmək üçün “Şəhidlər” məscidinə axund və imam təyin etdik. Bakı Şəhər İcra Hakimiyyəti həmin məscidin təmir, bərpa məsələləri və mühafizə işlərini həyata keçirir. Bu, belə də olmalıdır”, - şeyxülislam bildirib.

Bakıdakı “Şəhidlər” məscidi Türkiyənin Dini İşlər Vəqfi tərəfindən 1996-cı ildə tikilib. 2008-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi “Şəhidlər” məscidinin fəaliyyətinin təmir məqsədilə dayandırıldığını açıqlayıb. Həmin vaxt ekspertlərin firincə,Türkiyə və Azərbaycan rəhbərliyi arasında münasibətlər pisləşmişdi. Ancaq sonradan münasibətlər düzəlsə də məscidin əhalinin üzünə açılması illər çəkdi.

Dövlət Komitəsinin ötən ay yaydığı açıqlamada bildirilirdi ki, məscidə təmir işlərinin tam yekunlaşmamasına baxmayaraq, ibadət evi protokola açıqdır. Orda dini icma fəaliyyət göstərməyəcək, məscidi Bakı Şəhər İcra Hakimiyyəti idarə edəcək. Ancaq məsciddə, hələ də, kütləvi namaz qılınmır.

İndi də Bakıdakı “Aşurbəy” məscidinin təmir adı ilə bağlanılacağı bildirilir.

Məscidin təmsilçisi Faiq Mustafanın Azadlıq Radiosuna dediyinə görə, Səbayel Rayon Polis İdarəsindən gəlib onlara xəbərdarlıq verilib. Bu xəbərdarlığa görə, ibadətə gələn insanlara deyilməlidir ki, məscid iyulun 26-dan təmirə görə bağlanacaq. Faiq Mustafa bunu məscidi bağlamaqdan ötrü bəhanə sayır.

XS
SM
MD
LG