Accessibility links

Beynəlxalq QHT koalisiyası: Azərbaycan referendum ərəfəsində repressiyalara başlayıb


Konstitusiya referendumuna altı həftə qalmış Azərbaycan hakimiyyəti tənqidi səsləri susdurmaq üçün yeni repressiya dalğasına başlayıb. Bu barədə beynəlxalq hüquq-müdafiə təşkilatları koalisiyasının bəyanatında deyilir.

Koalisiya xatırladır ki, avqustun 12-də tanınmış iqtisadçı, REAL Hərəkatının icra katibi Natiq Cəfərli, avqustun 13-də isə NİDA Hərəkatının gənc fəalı Elgiz Qəhrəmanlı həbs olunub.

Avqustun 15-də gənc fəallar Elşən Qasımov və Toğrul İsmayılov həbs edilib.

Vətəndaş fəalı və keçmiş siyasi məhbus Bəxtiyar Hacıyev saxlanılaraq cərimə edilib.

Koalisiya bu həbsləri siyasi motivli həbslər hesab edir və onların, eləcə də digər siyasi məhbusların-İlqar Məmmədov, jurnalist Seymir Həzi, fəallar İlkin Rüstəmzadə, Qiyas İbrahimov və Bayram Məmmədovun dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasına çağırıb.

Bütün bunlar Azərbaycanda insan hüquqları ilə bağlı ümumi vəziyyətin ağır olması fonunda baş verir. KİV əvvəlkitək hakimiyyətin nəzarəti altındadır, tənqidçi jurnalistlər qorxu atmosferində fəaliyyət göstərirlər.

Vətəndaş cəmiyyəti təzyiqlərə məruz qalır, müstəqil QHT-lər fəaliyyət göstərə bilmir.

“Hüquqlar naminə idman” Azərbaycan hakimiyyətini bu kobud və sistematik pozuntulara son qoymağa, ölkədə insan hüquqlarının vəziyyətinin yaxşılaşdırılması ilə bağlı tədbirləri həyata keçirməyə, öz ifadə azadlığı hüququnu gerçəkləşdirməyə görə mühakimə edilən siyasi məhbusları dərhal və qeyd-şərtsiz azadlğa buraxmağa çağırır”, - koalisiyanın bəyanatında deyilir.

Sənədi 20 təşkilat imzalayıb.

Rəsmi Bakı koalisiyanın bəyanatına hələ münasibət bildirməyib.

Ölkə rəsmiləri bir qayda olaraq hüququn aliliyinin təmin edildiyini, insanların söz və fikrinə görə, həbs edilmədiyini bəyan edir. Dövlət rəsmiləri həmçinin, seçkilərin azad və demokratik keçirildiyini bildirir.

Bununla yanaşı, yerli hüquq müdafiəçiləri 10-dan 100-dək insanın siyasi məhbus kimi tanıdığını bildirir. "Amnesty İnternational" təşkilatı Azərbaycanda 13 insanı "vicdan məhbusu" elan edib. Eyni zamanda, çoxsaylı beynəlxalq təşkilat, o cümlədən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Azərbaycanda keçirilən seçkilərin ATƏT standarlarına uyğun olmadığını bildirib.

XS
SM
MD
LG