Accessibility links

Qiyas İbrahimovun cinayət işi üzrə növbəti məhkəmə iclası


Qiyas İbrahim
Qiyas İbrahim

İclasda 22-ci Polis Bölməsinin əmədaşları və hal şahidləri ifadə veriblər

Sentyabrın 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində gənc fəal Qiyas İbrahimovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Meydan TV-nin məlumatına görə, hakim Ənvər Seyidovun sədrlik etdiyi iclasda 22-ci Polis Bölməsinin əmədaşları və hal şahidləri ifadə veriblər. Polis əməkdaşı Bəylər Nağıyev ifadəsində bildirib ki, onlara Qiyas İbrahimovun narkotik vasitə əldə edib daşıması haqqında məluat daxil olub və həmin məlumat əsasında əməliyyat keçiriblər. Onlar Qiyas İbrahimovu saxlayıb idarəyə apardıqdan sonra o, üzərində olan narkotik vasitəni polis əməkdaşlarına təhvil verib. Şahid ifadəsində Qiyas İbrahimov saxlanıldıqdan sonra idarəyə vəkil və hal şahidlərinin də dəvət edildiyini deyib.

Vəkil Elçin Sadıqov isə bildirib ki, saat 17-də vəkil məsləhətxanaları bağlı olur. Vəkil şahiddən həmin vaxt vəkili haradan tapdıqlarını soruşub. Bəylər Nağıyev qrupun üzvü olduğunu, vəkili şəxsən özünün dəvət etmədiyini deyib. Hakim Ənvər Seyidov isə deyib ki, məsləhətxanalarda növbətçi vəkillər olur.

Qiyas İbrahimov deyib ki, Bəylər Nağıyevin vicdanı da yalandan ibarət bir adamdır. Qiyas İbrahimov saxlanılan zaman həmin şəxsi görmədiyini deyib. Daha sonra digər polis əməkdaşı Çingiz Əlisəfərov ifadə verib. O da ifadəsində deyib ki, Mərdanov qardaşları küçəsində Qiyas İbrahimovu saxlayıb, ona özlərini təqdim ediblər. Qiyas İbrahimov da onlara özünü təqdim edib və heç bir etiraz etmədən maşına əyləşərək onlarla birlikdə idarəyə gedib. İdarədə hal şahidləri və vəkillərin işitirakı ilə ondan üzərində qanunsuz nə olduğunu soruşublar.Qiyas İbrahimov da gödəkcəsinin cibindən narkotik vasitəni çıxararaq onlara təqdim edib. Bildirib ki, onu 8-ci kilometr deyilən ərazidə adını bilmədiyi İran vətəndaşından alıb:

"Yoxladıq, heroin idi. Daha sonra o, ərizə yazaraq narkotik vasitənin qalan hissəsini evdə saxladığını dedi. Özünün iştirakı ilə evinə baxış keçirdik. Çarpayının altından özü çıxararaq qalan narkotik vasitəni bizə təqdim etdi".

Vəkil Elçin Sadıqov Qiyas İbrahimovdan mənzillərinin neçə kvadratmetr olmasını soruşub. Qiyas İbrahimov evin 19-20 kvadrat metr olduğunu deyib. Vəkil şahiddən 19 kvadrat metr sahəsi olan bir evə 14 nəfərin necə yerləşdiyini soruşub. Şahid riyaziyyatçı olmadığını bildirib:

"Qapını bizə anası açdı. Özü də gedib narkotiki çıxartdı. Həmin vaxt içəridə vəkil də, hal şahidi də var idi".

Digər polis əməkdaşı Rüfət Ağarzayev də oxşar ifadə verib. O, Qiyas İbrahimovun şəkilinin onlara göstərildiyini söyləyib. Vəkil Elçin Sadıqov ondan şəklin harada çəkildiyini, necə şəkil olmasını soruşub. Şahid harada və necə çəkilməsini bilmədiyini, normal şəkil olduğunu deyib. Qiyas İbrahimov isə bildirib ki, Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları onun üzərində axtarış aparana kimi ona nəzarət edən şəxslərdən biri də Rüfət Ağarzayev olub.

Daha sonra iclasda hal şahidləri – Mübariz Əliyev və İntiqam Musayev ifadə veriblər. Onlar da Qiyas İbrahimovun üzərindən və evindən narkotik vasitə çıxdığını təsdiq ediblər. İntiqam Musayev Ermənistanda anadan olduğunu, latın qrafiksı ilə yazıb-oxuya bilmədiyini deyib. Bildirib ki, yazılanları ona elan ediblər, o da imzalayıb.

XS
SM
MD
LG