Accessibility links

"Nardaran işi" məhkəməsində müttəhimlər "İstefa" şüarları səsləndirib [Video]


Nardaran işi məhkəməsi

Oktyabrın 17-də “Nardaran işi” üzrə prosesdə hakim Əlövsət Abbasov “Müsəlman Birliyi” Hərəkatının sədr müavini, müttəhim Abbas Hüseynovun prosesdən kənarlaşdırılması barədə qərar verib.

O, bunu A.Hüseynovun əvvəlki iclasda özünü pis aparması ilə izah edib.

Belə ki, A.Hüseynov həbs olunanlara işgəncə verən polis əməkdaşı İbrahim Kazımova qarşı cinayət işinin başlanmasını tələb edib.

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı İ.Kazımov bunu inkar edəndə dəmir barmaqlıqların arxasından ona su butılkası və ayaqqabı atıblar. Hakim iclası yarımçıq kəsməyə məcbur olub.

Hakim A.Hüseynovun prosesdən kənarlaşdırıldığını elan etdikdən sonra “Müsəlman Hərəkatı”nın lideri Taleh Bağırzadə bildirib ki, müttəhimlər A.Hüseynovun məhkəməyə gətirilməsini tələb edirlər və bildiriblər ki, o qayıtmasa digər müttəhimlər prosesin keçirlməsinə mane olacaqlar.

AXCP sədrinin müavini, müttəhim Fuad Qəhrəmanlı qeyd edib ki, A.Hüseynovun özünü emosional aparmasının səbəbləri var. Belə ki, ona işgəncə veriblər, doğmalarını təhqir ediblər.

Bundan sonra, T.Bağırzadə deyib: “Bu rejim getməlidir!” Qalan müttəhimlər isə “İstefa!” “Biz xalqın azadlığını istəyirik!” kimi şüarlar səsləndiriblər.

Vəkil Nemət Kərimli A.Hüseynovun zala qaytarılmasını xahiş edib. Ancaq hakim xahişi yerinə yetirməyib. Bundan sonra müttəhimlər yenə şüarlar səsləndiriblər.

Hakim beş dəqiqəlik fasilə elan edib. Fasilədə F.Qəhrəmanlı məhkəməni "siyasi" və "ədalətsiz" adlandırıb.

Fasilədən sonra müttəhimlər yenidən A.Hüseynovun iştirakını tələb ediblər və hakim saat 14:00-dək fasilə elan edib.

XS
SM
MD
LG