Accessibility links

"MTN işi" ilə bağlı saxlanılan şəxslərin həbs müddəti uzadılıb


"MTN işi" ilə bağlı başlanılan cinayət işi üzrə saxlanılan şəxslərdən bəzilərinin həbs müddəti uzadılıb.

APA agentliyinin məlumatına görə, Səbail Rayon Məhkəməsi ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Monitorinq Mərkəzinin sabiq rəisi Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi Sübahir Qurbanov və digərlərinin həbs müddətini daha 3 ay artırıb.

Baş Prokurorluğun "MTN işi" ilə bağlı yaydığı məlumata görə, onlar vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma və başqa cinayətlərdə ittiham edilir.

"MTN işi" ilə bağlı 2015-ci ilin oktyabrında açılan cinayət işi üzrə 65 nəfər zərərçəkən şəxs qismində tanınıb. 20-yə yaxın şəxs həbs edilib.

Onlardan Energetika və nəqliyyat sahələrində təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov, nazirliyin əməkdaşları - Səlim Məmmədov, Orxan Osmanov və Akif Əliyevin cinayət işi ayrıca icraata verilib. Hazırda Bakı Hərbi Məhkəməsində həmin şəxslərin işinə baxılır.

Onlar da Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311 (rüşvət), 145.3-cü (qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə ittiham edilirlər.

Milli Təhlükəsizlik Nazirliyi ləğv ediləndən sonra onun bazasında 2 qurum yaradılıb. Bunlar Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidmətidir.

XS
SM
MD
LG