Dekabrın 15-də Rusiyanın baş nazirinin müavini Dmitri Roqozin Rusiya-Azərbaycan hökumətlərarası komissiyanın iclasında iştirak etmək üçün Bakıya gəlir. Bundan başqa o, prezident İlham Əliyevlə görüşəcək.
Tərəflər iki ölkə arasında hərbi-texniki əməkdaşlıq məsələlərini, həmçinin bu yaxınlarda Ermənistana “İsgəndər-M” operativ-taktiki raket kompleksinin göndərilməsini müzakirə edəcəklər. Bu barədə Moskvanın “Kommersant” qəzeti məlumat yayıb.
Qəzet bildirib ki, Roqozin dekabrın 16-na planlaşdırılan iclasdan bir gün öncə gələcək və cümə günü danışıqlarda iştirak edəcək.
Rusiya Müdafiə Sənayesi Nazirliyinin nümayəndəsinin məlumatına görə, ümumi əməkdaşlıq məsələləri ilə yanaşı səfər çərçivəsində iki tədbir mühüm yer tutur: Roqozinin Əliyevlə görüşü və silah ixracı haqda danışıqlar.
Rusiya nümayəndə heyətinin əsas vəzifələrindən biri Ermənistana “İsgəndər” operativ-taktiki raket kompleksinin göndərilməsilə bağlı Moskvanın mövqeyinin açıqlanması olacaq.
“Azərbaycanlı tərəfdaşlar Dağlıq Qarabağ problemi kontekstində hadisələrin bu cür inkişafına olduqca mənfi reaksiya veriblər”, nazirlikdəki mənbə qeyd edib.
KİV-in məlumatına görə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının silah göndərilməsi haqda sazişin əsasında payızda erməni ordusuna bir divizion “İsgəndər” kompleksi verilib. Bu ixrac heç vaxt rəsmən təsdiqlənməyib. Lakin 2016-cı ilin sentyabrında Ermənistanın müstəqilliyinin 25 illiyi münasibətilə Yerevanda keçirilən hərbi paradın məşqləri zamanı bu sistemə məxsus qurğular gözə dəyib.
Roqozin Bakıya İsrailin baş naziri Netanyahunun səfərindən dərhal sonra gəlir. İsrail Azərbaycan üçün alternativ silah tədarükçüsüdür.