Azərbaycanda səfərdə olan AŞPA həmməruzəçiləri Stefan Şennak (Avstriya) və Sesar Florin Preda (Rumıniya) yanvarın 13-də Müsavat Partiyasının rəhbəri Arif Hacılı, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və REAL Hərəkatının icraçı katibi Natiq Cəfərli ilə görüşüblər.
A.Hacılı Turana bildirib ki, görüşdə demokratiya və insan haqları ilə bağlı vəziyyət, siyasi məhbuslar problemi, Konstitusiyaya düzəlişlərlə bağlı referendum, Qarabağ nizamlanması, seçki qanunvericiliyinin vəziyyəti müzakirə olunub.
“İnsan hüquqlarının vəziyyəti mənfi istiqamətdə inkişaf edir, vətəndaş cəmiyyəti, media və siyasi partiyaların fəaliyyətini tənzimləyən qanunvericilik pisləşir. Hər yeni seçki əvvəlkindən daha pis keçirilir, siyasi məhbusların sayı artır”, - A.Hacılı bildirib.
Onun sözlərinə görə, həmməruzəçilər bildiriblər ki, müxalifətçilərin qaldırdığı məsələlər diqqət mərkəzində saxlanılacaq və problemin həlli üçün bütün tərəflərlə dialoq daha fəal dəstəklənəcək.
A.Hacılı qeyd edib ki, Avropa Şurasında avtoritar rejimli müxtəlif dövlətlər təmsil olunur.
O, buna misal olaraq Kristof Ştrasserin Azərbaycanda siyasi məhbuslar haqda hesabatının uğursuz olduğunu göstərib.
İndi isə İtaliyanın keçmiş millət vəkili Luka Volonteyə qarşı istintaqdan sonra Ştrasserin hesabatına qarşı çıxmaq üçün bəzi deputatların ələ alınması faktları ortaya çıxıb.
A.Hacılı hesab edir ki, Avropa Şurası və onun bütün strukturları öz prinsip və dəyərlərinin müdafiəsində daha ardıcıl olmalıdırlar.
REAL Hərəkatının icraçı katibi Natiq Cəfərlinin sözlərinə görə, məruzəçilər "Azərbaycandakı problemlər haqda məlumatlı olduqlarını” nümayiş etdiriblər.
Onlar hətta bloger Mehman Hüseynovun qaçırılması və işgəncə verilməsi ilə bağlı son olaydan da xəbərdar olublar.
N.Cəfərlidə belə təəssürat yaranıb ki, həmməruzəçilərin konkret nəticələrə nail olmaq istəyi var.
“Mən belə başa düşdüm ki, yaxın vaxtlarda onların əsas vəzifəsi REAL Hərəkatının lideri İlqar Məmmədov da daxil olmaqla, bütün siyasi məhbusların azad edilməsinə nail olmaqdır”, - N.Cəfərli bildirib.
Yeri gəlmişkən, həmməruzəçilər N.Cəfərlinin özünə qarşı cinayət işindən də məlumatlı olublar.
“Belə təəssürat yaranır ki, Avropa Şurasında və AŞPA-da “rebrendinq” – təşkilatın imicinin bərpası prosesi başlayıb. İtaliyalı deputat Luka Volontenin rüşvət alması məsələsi ilə bağlı hadisə AŞ-nin imicinə ciddi ziyan vurub”, - N.Cəfərli bildirib.
Onun sözlərinə görə, həmməruzəçilər bildiriblər ki, yaxın vaxtlarda Azərbaycana yenə gələcəklər. Çox güman ki, onlar AŞPA-nın aprel sessiyasına hesabat hazırlayacaqlar.
N.Cəfərlinin fikrincə, hesabatın qəbuluna qədər, martda - Novruz bayramı ərəfəsində siyasi məhbusları azad etmək üçün hakimiyyətin şansı var.