Accessibility links

Əhsən Nuruzadədən hələ də xəbər yoxdur


Əhsən Nuruzadə
Əhsən Nuruzadə

Vəkil onun tapılması üçün yazılı müraciətlə daxili işlər nazirinə üz tutub

Yanvarın 28-də Əhsən Nuruzadənin vəkili onun tapılması üçün yazılı müraciətlə daxili işlər nazirinə üz tutub.

Həbsdəki ilahiyyatçı Taleh Bağırovun tərəfdarı, yanvarın 24-dən yoxa çıxan Əhsən Nuruzadədən hələ də xəbər yoxdur.

Onun vəkili Yalçın İmanov bununla bağlı yanvarın 28-də daxili işlər naziri Ramil Usubova müraciət edib.

Vəkil bildirir ki, 40 yaşlı Əhsən Nuruzadə yanvarın 24-də axşam saat 5 radələrində evdən siqaret almağa çıxıb və bir daha geri qayıtmayıb. Onun mobil telefonuna yanvarın 27-dək zəng çatsa da, dünəndən telefon söndürülüb.

Yalçın İmanov
Yalçın İmanov

Ötən müddətdə ailə üzvləri və vəkil rayon polis idarələrinə, inzibati məhbusların saxlandığı məntəqəyə, Bakı Şəhər Baş Polis İdarəsinə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə, Daxili İşlər Nazirliyinin 102 saylı “Qaynar Xətt”inə müraciətləri nəticəsiz qalıb.

Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatına müraciətlər də nəticə verməyib.

Bu il yanvarın 27-də onun itkin düşən şəxs kimi qeydiyyata alınması ilə bağlı polisə rəsmi müraciət olunub.

Yalçın İmanov müraciətində xatırladır ki, Əhsən Nuruzadə Taleh Bağırov və daha 17 nəfərin işi üzrə məhkəmə iclaslarına daim qatılan şəxslərdən idi və o məhz bu fəaliyyəti üzündən dəfələrlə izləndiyini, təqib olunduğunu bildirmişdi.

"Əhsən Nuruzadənin himayəsində iki azyaşlı övladı, ağır xəstə və yaşlı anası var. Ailə dərin təşviş və narahatılıq içindədir.

Bizim ehtimallarımıza görə, o, hansısa polis orqanında saxlanılır. Müraciət etdiyimiz bəzi polis qurumlarının “məlumat verə bilmərik”, digərlərininsə effektiv araşdırma aparmaması da bu ehtimalı artırır.

Prezident İlham Əliyev və Siz dəfələrlə ölkədə qanunçuluğun və ictimai qaydanın möhkəm şəkildə qorunduğunu və sabitlik hökm sürdüyünü bildirirsiniz.

Sizə müraciət edərək, Əhsən Nuruzadənin tapılması və ən azı, ailə üzvlərinə onun harada saxlanması barədə məlumat verilməsinə göstəriş vermənizi xahiş edirəm", - nazirə müraciətində vəkil belə yazır.

Əhsən Nuruzadənin anası
Əhsən Nuruzadənin anası

Öz növbəsində yerli medianın yazdığına görə, bir həftəyə yaxındır ki, Zeynəb Hüseynova oğlu Əhsən Nuruzadəni tapa bilmir.

Baxmayaraq ki, 1976-cı il təvəllüdlü Əhsən Nuruzadənin yeri haqda heç bir məlumatı yoxdur, ana onun polislərin əlində olduğunu düşünür. Güman edir ki, övladını həbsdə olan ilahiyyatçı Taleh Bağırovun məhkəmələrində iştirak etdiyinə görə cəzalandırırlar

Zeynəb Hüseynova yanvarın 30-da prezident İlham Əliyev və xanımı Mehriban Əliyevaya teleqram göndərəcək:

“Mən balamı istəyirəm. Günahı varsa, hansısa cinayəti eləyibsə, qoysunlar ortaya ki, bunu eləyib. Mənim oğlum heç kimdən artıq deyil ki, cavab verməsin. Belə olmaz axı, bir ananı beş gün balasından xəbərsiz qoymaq olar?! İki balasına cavab verə bilmirəm. Qızı məktəbdən gəlir, deyir ki, ‘nənə, dua eləyə-eləyə gəlirəm ki, qapının ağzında atamın cüt ayaqqabılarını görüm’. Kiçik qızı gecə-gündüz ağlayır ki, ‘ata gəl, səni çox istəyirəm, gəl məni yuxudan oyat, öp’”.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG