Accessibility links

ATƏT-in sədri : Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli mövcud deyil. Biz artıq indi sülhü planlaşdırmalıyıq


Avstriyanın xarici işlər naziri Sebastyan Kurts
Avstriyanın xarici işlər naziri Sebastyan Kurts

Bu, ATƏT-in bu gün yayılan bəyanatında bildirilir

ATƏT-in hazırkı sədri, Avstriyanın xarici işlər naziri Sebastyan Kurts ATƏT-in Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin tərəflərinə danışıqlar prosesini bərpa etmək çağırışına qoşulub.

Bu, ATƏT-in bu gün yayılan bəyanatında bildirilir.

Bəyanatda qeyd olunur ki, ötən il qeydə alınmış zorakılıq son 20 il ərzində ən dəhşətlisi idi:

“Bu münaqişə dağıntılara, insan itkilərinə və əzablara səbəb oldu. Bu bizə açıq-aşkar xatırladır ki, hərbi mexanizm sülhün əldə olunmasına mane ola bilər”.

ATƏT sədri bəyanatda vurğulayıb ki, o danışıqlara yeni təkan veriləcəyinə ümid edir: "Qarşılqlı inamın bərpa olunması üçün bütün diqqətləri praqmatik və praktiki addımlara yönəltməyin və eləcə də substantiv danışıqları bərpa etməyin vaxtı çatıb. Mən dəfələrlə qeyd etmişəm ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli mövcud deyil. Biz artıq indi sülhü planlaşdırmalıyıq və hərbi əməliyyatların bərpa olunmasına imkan verməməliyik".

Qeyd edək ki, ATƏT-in Minsk qrupunun həmsədrləri martın 29-da regiona səfərlərinin yekunları ilə bağlı birgə bəyanat vermişdilər.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ilin mayında tərəflər atəşkəs barədə saziş imzalayıb. 2016-cı il aprelin 2-dən 5-dək hərbi əməliyyatlar yenidən bərpa edilib. Döyüşlər zamanı tərəflər onlarla itki verib, çoxsaylı mülki yaşayış evləri, obyektlər dağıdılıb. Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə tərəflər hərbi əməliyyatları dayandırıb.

Hərbi əməliyyatlar dayandırıldıqdan sonra Azərbaycan və Ermənistan prezidenləri ABŞ-ın təşəbbüsü ilə Vyanada, Rusiyanın təşəbbüsü ilə Sankt-Peterburqda görüşüb. Buna baxmayaraq, münaqişənin danışıqlar yolu ilə nizamlanması istiqamətində müsbət irəliləyişlə bağlı hər hansı açıqlama olmayıb.

Münaqişənin dinc yolla nizamlanmasında vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri (ABŞ, Rusiya, Fransa) hazırki status-kvonun qəbuledilməz olması ilə bağlı dəfələrlə bəyanatlarla çıxış edib.

XS
SM
MD
LG