Accessibility links

Apellyasiya Məhkəməsi Elgiz Qəhrəmanı həbsdə saxlayıb [Video]


Apellyasiya Məhkəməsi Elgiz Qəhrəmanı həbsdə saxlayıb
please wait

No media source currently available

0:00 0:03:09 0:00

Fəalın şikayəti təmin edilməyib

Mayın 18-də Bakı Apellyasiya Məhkəməsi hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə NİDA Vətəndaş Hərəkatının fəalı Elgiz Qəhrəmanın 5 il 6 ay həbsi barədə hökmü qüvvədə saxlayıb.

Məhkəmədə Avropa İttifaqının nümayəndəsi, ziyalılar, gənc fəallar, siyasi partiya rəhbərləri iştirak edib.

Öncə Elgiz Qəhrəman şüşə qəfəsdən çıxarılıb, iclas zalında oturdulub, məhkəmə iclasının 20-ci dəqiqəsində isə onun əlindəki qandal açılıb.

Gənc fəal bu zaman Amerikanın Səsinə səhhətində problemin olmadığını və saxlanma şəraitindən narazı olmadığını deyib.

Elgiz Qəhrəman ötən il avqustun 12-də Facebook səhifəsində hökumətin yüksək vəzifəli şəxsinin övladı ilə bağlı tənqidi status yazdıqdan sonra saxlanılıb və ona ilk öncə Fətullah Gülən tərəfdarı kimi ittiham irəli sürməyə cəhd edilib. Evində axtarış zamanı Fətullah Gülənlə bağlı kitablar tapıldığı iddia edilib. Lakin sonradan fəala qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) maddəsi ilə həbs-qətimkan tədbiri seçilib. Onun üzərindən 3.315 qram heroin tapıldığı iddia olunur. Gənc fəal barədə məhkmənin həbs qətimknan tədbiri qərarı olmasına baxmayaraq bir həftə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılıb, vəkili yanına buraxmayıb.

Bu gün məhkəmə iclası başlayan kimi Elgiz Qəhrəmanın istintaq təcridxanasında yazdığı “3.14 Məntiqli Testlər Toplusu” kitabının ilk nüsxələri məhkmə heyətinə təqdim edilib. Bu zaman hakimlərdən Camal Ramazanov kitabı götürməkdən nümayişkarənə imtina edib.

Qərardan öncə gənc fəal özü çıxış edib. Bildirib ki, ona verilmiş narkotik ittihamı tamamilə yalandır.

E.Qəhrəmanın sözlərinə görə, ötən il avqustun 12-də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları onu saxlayarkən üzərində narkotik olmayıb. Fəal narkotikin cibinə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində qoyulduğunu deyib.

"Narkotiki cibimə “bandotdel”in əməkdaşı Sahlar Cəfərov qoydu", Elgiz Qəhrəman məhkəmənin diqqətinə çatdırıb.

O deyib ki, cibinə narkotiki atmaqla kifayətlənməyiblər, evlərində axtarış da aparıblar, mənzilinə iki dini kitab qoyub, sonra da onu axtarış zamanı tapılmış kimi qələmə veriblər.

"O kitablardan biri rus dilində idi. Mən Türkiyədə təhsil almışam, ümumiyyətlə rus dilini bilmirəm", E.Qəhrəman belə deyib.

Prokuror Rəsul Abbasov fəalın şikayətinin təmin olunmamasını, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün dəyişdirilmədən qüvvədə saxlanılmasını istəyib.

Hakimlər qısa müşavirədən sonra hökmün qüvvədə saxlanıldığını elan edib.

E.Qəhrəmanın vəkiləri Fariz Namazlı və Nemət Kərimli bildirib ki, apellyasiya məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti veriləcək.

Məhkəmədə iştirak etmiş Müsavat Partiyasının başqanı Arif Hacılı fəalın həbsinin tam siyasi olduğunu deyib.

Elgiz Qəhrəmanın valideynləri də məhkəmənin qərarından təəssüf hissi keçirir. Onun atası Camal Qəhrəmanov Amerikan Səsinə deyib ki, Azərbaycan məhkəmələrindən ədalət gözləmək əbəsdir.

“Mənim oğlum elm adamıdır, iki akademiya bitirib. Oğlum narkotikdən yox, qələmdən istifadə edir, kitab yazır”, o qeyd edib.

XS
SM
MD
LG