Accessibility links

Keçmiş OMON-çu Qobustan qapalı cəzaçəkmə müəssisəsində aclıq aksiyasına hazırlaşır


Elçin Əmiraslanov
Elçin Əmiraslanov

E.Əmiraslanov həmçinin, Ombudsmana da müraciət göndərib

Qobustandakı qapalı cəzaçəkmə müəssisəsində saxlanan keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinin (OMON ) ömürlük cəza alan üzvlərindən biri olan Elçin Əmiraslanov aclıq aksiyasına hazırlaşır.

Bu haqda 21 ildir cəza çəkən məhbus Qarabağ Azadlıq Təşkilatına ünvanladığı məktubda məlumat verib.

Ömürlük məhbus məktubunda yazır ki, Qarabağdakı döyüşlərdə aldığı yaralar onu çox incidir. Epilepsiya, ürəktutmaları, kəllə-beyin ağrılarından əziyyət çəkir. Dəfələrlə müraciət etməsinə baxmayaraq, onu müalicə müəssisəsinə göndərmir, tibbi yardım göstərmirlər.

E.Əmiraslanov məktubunda son vasitə kimi aclıq aksiyasına başlamağa qərar verdiyini bildirib. O, aksiyaya mayın 30-da başlayacağını yazıb.

E.Əmiraslanov həmçinin, Ombudsmana da müraciət göndərib.

Məktuba hələlik Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.

Xüsusi Təyinatlı Polis Dəstəsi (OMON) 1990-cı illərin əvvəlində Dağlıq Qarabağda gedən döyüşlərlə bağlı yaradılmışdı. Ancaq 1994-cü ildən Azərbaycan hökuməti ilə OMON arasında münasibətlər kəskinləşib. 1995-ci il martın 17-də hökumət OMON-un Bakının 8-ci kilometr qəsəbəsindəki qərargahını ələ keçirib. Rəsmilər dəstənin qiyam qaldırdığını bildirirdilər. Atışmada rəsmi bilgilərə görə, 22 hərbçi, yeddi mülki şəxs, bir polis əməkdaşı həlak olub. Səkkiz OMON əməkdaşı öldürülüb.

Hadisə nəticəsində 105 nəfərin yaralandığı bildirilir. OMON-un rəhbəri Rövşən Cavadov aldığı güllə yarasından Daxili İşlər Nazirliyinin (DİN) hospitalında vəfat edib. Dəstənin qalan üzvləri isə həbs ediliblər.

OMON-un Qazax bölməsinin keçmiş komandiri Elçin Əmiraslanov, Səfa Poladov və Arif Kazımova ömürlük cəza verilib.

Onlar qətl və bir sıra ağır cinayətlərdə ittiham ediliblər. Həmin şəxslər cəzalarının 20 il həbslə əvəzlənməsi ilə bağlı məhkəməyə də şikayət ediblər.

Yerli məhkəmələr onların şikayətini mümkün saymadığından, onların vəkilləri Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət hazırlayırlar.

Keçmiş OMON üzvlərindən bu üç nəfərdən başqa həmin hadisələrlə bağlı həbsdə qalan yoxdur.

XS
SM
MD
LG