Accessibility links

Məhkəmə keçmiş milli təhlükəsizlik nazirinə cinayət işinin başlanması barədə xüsusi qərardad çıxarıb


Eldar Mahmudov

Keçmiş MTN polkovniki rütbədən məhrum edilib, ona 12 illik həbs cəzası verilib

İyulun 10-da Bakı Hərbi Məhkəməsində sahibkarlara hədə-qorxu gəlməkdə, onların külli miqdarda əmlakını ələ keçirməkdə ittiham olunan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi 2-ci istintaq şöbəsinin rəisi Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Trend agentliyinin məlumatına görə, hakim Siyavuş Hacıyevin sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə V. Ələkbərovun hərbi rütbəsi alınmaqla 12 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə görə V.Ələkbərovun əmlakı müsadirə edilərək zərrəçəkmişə verilib.

Hökmə əsasən həmçinin sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun və həmin nazirliyin baş istintaq idarəsinin rəisi olmuş Movlan Şıxəliyevin barəsində cinayət işinin başlanması barədə xüsusi qərardad çıxarılıb və həmin qərarın surəti icra olinması üçün aidiyyatı üzrə prokurorluğa göndəriləcək.

Xatırladaq ki, prokuror V.Ələkbərovun 15 il müddətinə azadlıqdan məhrum edilməsini və onun hərbi rütbədən məhrum edilməsi barədə qərar qəbul edilməsini istəmişdi.

İttihama görə, V.Ələkbərov Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2-ci (mütəşəkkil dəstə tərəfindən, külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu gəlmə), 294.3-cü (sübutları saxtalaşdırma, ağır və ya xüsusilə ağır cinayətlər haqqında cinayət işi üzrə sübutları saxtalaşdırma, habelə digər işlər üzrə sübutların saxtalaşdırılması ağır nəticələrə səbəb olma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, təkrar, külli miqdarda, hədə-qorxu tətbiq olunmaqla rüşvət alma), 341.2.1 və 341.2.3-cü (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddələri ilə ittiham edilir.

İttihama əsasən, təqsirləndirilən şəxs iş adamlarını MTN-ə gətirib, hədə-qorxu yolu ilə onların külli miqdarda pulunu ələ keçirib.

Qeyd edək ki, həbsdə olan V.Ələkbərova məxsus olan və həyat yoldaşı Şəhla Ələkbərovanın adına rəsmiləşdirilmiş Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində 0,18 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 164, mənzil 42 ünvanında yerləşən mənzilin üzərinə həbs qoyulub. Üzərinə həbs qoyulan əmlakların ümumi dəyəri 1.277.000 manat dəyərində hesablanıb.

XS
SM
MD
LG