Accessibility links

İlham Əliyev: Amerika-Azərbaycan əlaqələri yeni mərhələyə qədəm qoyur


İlham Əliyev
İlham Əliyev

İyulun 12-də prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

Əliyev iclasda geniş nitq söyləyib.

Prezident bildirib ki, Azərbaycan 2017-ci ilin birinci yarısında uğurla inkişaf edib, qarşıda duran bütün vəzifələr icra olunub, ölkə daha da güclənib və beynəlxalq əlaqələri daha da dərinləşib.

Onun fikrincə, Azərbaycanda bütün sosial-iqtisadi məsələlər uğurla öz həllini tapır, ölkədə təhlükəsizlik tədbirləri yüksək səviyyədədir. Dövlət başçısı deyib ki, Azərbaycan beynəlxalq aləmdə çox böyük hörmətə layiq olan ölkə kimi tanınır. Prezident buna missal olaraq 10 olkəyə səfər etdiyni, Azərbaycanda beynəlxalq tədbirlərin və idman oyunlarının keçirlməsini göstərib.

Əliyev bu il Bakıda keçirilən 24-cü Xəzər neft-qaz sərgi və konfransa ABŞ prezidentinin təbrik məktubu göndərdiyinə diqqət çəkib.

Əlbəttə ki, belə xoş münasibət Amerika-Azərbaycan əlaqələrinin uğurlu inkişafı üçün yeni zəmin yaradır.

“Bunun ən gözəl göstəricisi ondan ibarətdir ki, bu tədbirə Amerika Birləşmiş Ştatlarının Prezidenti cənab Tramp məktub göndərmişdir. Mənə ünvanlanan məktub əlbəttə ki, Xəzər neft-qaz sərgi və konfransının əhəmiyyətini artırır, eyni zamanda, Amerika Birləşmiş Ştatları tərəfindən Azərbaycanın icra etdiyi uğurlu enerji layihələrinə göstərilən növbəti dəstəkdir. Əlbəttə ki, belə xoş münasibət Amerika-Azərbaycan əlaqələrinin uğurlu inkişafı üçün yeni zəmin yaradır. Bir neçə gün bundan əvvəl Amerikanın dövlət katibi ilə İstanbulda görüşüm bir daha bizim strateji əlaqələrimizi təsdiqlədi və bu gün Amerika-Azərbaycan əlaqələri yeni mərhələyə qədəm qoyur”.

Əliyev çıxşının böyük hissəsini Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son duruma həsr edib.

Onun fikrincə, Azərbaycanın xarici siyasətinin əsas məsələsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir.

“Əfsuslar olsun ki, bu ilin birinci yarısında bu istiqamətdə - danışıqlar istiqamətində heç bir nəticə əldə edilməmişdir. Bununla bərabər, hesab edirəm ki, 2017-ci ildə münaqişənin həlli ilə bağlı önəmli hadisələr də baş vermişdir və Azərbaycanın haqlı mövqeyi daha da böyük dəyər qazanmışdır”.

Prezident deyib ki, bu il qondarma separatçı rejim Ermənistanın siyasi rəhbərliyinin təhriki ilə Dağlıq Qarabağda növbəti qondarma, qanunsuz, dırnaqarası referendum keçirib. O “referendum”u böyük səhv adlandırıb.

“Çünki bəri başdan bəlli idi ki, dünya birliyi bu qondarma tədbiri tanımayacaq. Belə də oldu. Minsk qrupu bəyanat verdi, onun həmsədrləri – Amerika, Fransa, Rusiya “referendum”u tanımadılar. Avropa İttifaqı referendumu tanımayıb. Qonşu ölkələr – İran, Gürcüstan “referendum”u tanımayıb. Digər ölkələr də oxşar bəyanatlarla çıxış etdilər. Bu qondarma “referendum”un tanınmaması Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu bir daha təsdiqləyir. Bütün dünya və münaqişənin həlli ilə bilavasitə məşğul olan ölkələr bu münasibətləri ilə bir daha təsdiq edirlər ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Bu, həqiqətdir, bu, tarixi həqiqətdir və əlbəttə ki, bu həqiqət bir daha qeyd olundu. Bu, Ermənistanın növbəti biabırçılığı idi”.

Dövlət başçısı deyib ki, aprel hadisələrindən sonra Ermənistan danışıqların bərpa edilməsi üçün bir neçə şərt qoyub və bunu açıq şəkildə bəyan edib.

“Dünən Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşüblər. Danışıqlar prosesi bərpa edilib, heç bir şərt Azərbaycan tərəfindən qəbul edilməyib, danışıqlar prosesi qeyd-şərtsiz bərpa edilibdir.

Bu, bizim mövqeyimizdir, biz həmişə demişik ki, belə olmalıdır. Bu, Minsk qrupunun həmsədr ölkələrinin də mövqeyidir. Ona görə işğalçını məcbur etdilər və o, danışıqlar masasına qayıdıb. İndi məsələ ondan ibarətdir ki, tezliklə substantiv, yəni, mənalı, konkret danışıqlar bərpa edilməlidir. Danışıqlar nəticəsində torpaqlarımız işğaldan azad edilməlidir, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Bizim mövqeyimiz bundan ibarətdir. Bundan kənarda heç bir həll yolu mümkün deyil”.

Əliyev bildirib ki, Ermənistan həmişə danışıqları pozmağa çalışıb, onlara təzyiq artdıqca təxribat törədib.

Prezident fikrini 1990-cı illərin sonlarında Ermənistan parlamentində terror aktı, 2014-cü ildə Fransada keçirilmiş danışıqlardan dərhal sonra Ermənistanın Ağdam rayonunda hərbi təlimlər təşkil etməsini, erməni hərbi helikopterini vurulmasını və digər hadisələr göstərməklə izah edib.

“2016-cı il martın sonunda Vaşinqtonda nüvə sammitində mən də iştirak edirdim, Ermənistan prezidenti də. O vaxt Ermənistan prezidentinə təzyiqlər göstərilirdi ki, məsələ tezliklə öz həllini tapsın. Danışıqları pozmaq üçün aprel hadisələri törədildi, bizə qarşı təxribat törədildi. Azərbaycan Ordusu düşmənə layiqli cavab verdi. Bu cavab nəticəsində bu gün bizim bayrağımız Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının işğaldan azad edilmiş torpaqlarında dalğalanır”.

O cəbhədəki son durumdan da danışıb.

“Bu günə qədər danışıqlar aparılmırdı və Ermənistana təzyiq artırdı. Danışıqlara başlamamaq üçün onlar keçən ay növbəti hərbi təxribat törətdilər, bir əsgərimiz həlak oldu. Yenə də Azərbaycan Ordusu onları cəzalandırdı. Azərbaycan Ordusunun zərbəsi nəticəsində bir çox işğalçı məhv edildi. Növbəti təxribat bu ayın 4-də Füzuli rayonunun Alxanlı kəndində baş verdi. Bu, hərbi cinayətdir”.

Dövlət başçısı erməni tərəfinin Azərbaycanın iki mülki vətəndaşını öldürməsinin səbəblərindən danışarkən deyib ki, bu danışıqları pozmaq üçün edilib.

“İyunun 11-də xarici işlər nazirlərinin görüşü nəzərdə tutulmuşdu. Artıq bu tarix bəlli idi, sadəcə olaraq, son günlərdə bu tarix açıqlandı. Bu təxribatı törətməklə onlar hesab edirdilər ki, Azərbaycan danışıqlardan imtina edəcək. Biz imtina edə bilərdik, əgər onlara layiqli cavab verməsəydik. Cavablarını verdik, işğalçıları məhv etdik, onları cəzalandırdıq, sonra da danışıqlara getdik.

Bax, budur Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olan əsas məsələlər. Ona görə mən deyirəm ki, bu il Azərbaycan mövqeləri daha da möhkəmləndi. Alxanlı kəndində törədilmiş hərbi cinayətin dünyada böyük əks-sədası var. Yəni, Ermənistan gördü ki, Azərbaycan böyük beynəlxalq dəstəyə malikdir”.

O ki qaldı, danışıqların perspektivlərinə, prezident danışıqların bərpa edilməsini müsbət hal sayır.

“İndi əsas vəzifə tezliklə məsələni həll etməkdir ki, Azərbaycanın ərazi bütövlüyü bərpa edilsin. Əminəm ki, belə də olacaq. Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaq”.

Prezident Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan Ordusunun istənilən hərbi obyektini məhv edəcək müasir silahlara malik olduğunu vurğulayıb.

“Bu günün özündə biz işğal edilmiş torpaqlarda istənilən hədəfi məhv edə bilərik. Amma biz öz hərbi potensialımızı daha da gücləndirməliyik. Buna ehtiyac var və buna bizim imkanlarımız çatır. Yoxsul Ermənistandan fərqli olaraq, biz bütün hərbi texnikanı öz hesabımıza alırıq və Azərbaycanda da bu texnikanı istehsal edirik”, o qeyd edib.

Prezident həmçinin münaqişə nəticəsində köçkün düşmüş şəxslərin mənzil və sosial şəraitinuin yaxşılaşdırılması üçün görülən və görüləcək işlərdən, sahibkara yaradılmış şəraitdən danışıb.

Əliyev deyib ki, son 6 ay ərzində qeyri-neft iqtisadiyyatı 1,7 faiz artıb.

“Qeyri-neft sənayesi daha çox artıb. Burada artım 4,4 faizdir. Hesab edirəm ki, bu da mümkün olan ən gözəl göstəricidir”.

Bu ilin altı ayında ölkə iqtisadiyyatına 5 milyard dollar sərmayə qoyulub.

“Bizim valyuta ehtiyatlarımız artıb və bu günə 40,6 milyard dollar təşkil edir. Bu da çox gözəl göstəricidir.

Çünki ilin əvvəlindən bu günə qədər valyuta ehtiyatlarımız təxminən 3 milyard dollar artıb”.

Onun sözlərinə görə, bu il 122 min yeni iş yeri açılıb ki, onlardan 101 mini daimi iş yeridir.

“Onu da qeyd etməliyəm ki, 24 min iş yeri bağlandı. Bunun da həm obyektiv, həm də subyektiv səbəbləri var. Bu, əslində daimi prosesdir. Ancaq biz rəqəmlərə baxanda, - 122 min iş yeri açılıb, 24 min iş yeri isə bağlanıb, - əlbəttə, görürük ki, yenə də iş yerlərinin açılması prosesi uğurla gedir. Ona görə də bizdə işsizlik aşağı səviyyədədir. Xarici ticarət dövriyyəsinin göstəriciləri də müsbətdir. Bu ilin altı ayında ixrac 36 faiz artıb. Burada da ən önəmlisi qeyri-neft ixracıdır. Qeyri-neft ixracı altı ayda 27 faiz artıb. Bununla bərabər, idxal 15 faiz azalıb. Müsbət saldo 1,9 milyard dollar təşkil edir. Hesab edirəm ki, hər bir ölkə üçün bu, ən arzuolunan nəticələrdir. Kənd təsərrüfatı da 2,2 faiz artıbdır”, o qeyd edib.

XS
SM
MD
LG