Accessibility links

General sabiq metropoliten rəisinin obyektləri və pullarından danışıb


Akif Çovdarov

Akif Çovdarov Tağı Əhmədovun milyonlarla manat vəsaiti mənimsədiyini bildirib

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) generalı Akif Çovdarov, idarə rəisləri - Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesində ictimiayyətin marağına səbəb olan məlumatlar açıqlanıb. Bu barədə yerli media məlumat yayıb.

Məlumatlarda deyilir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə iyulun 12-də Akif Çovdarov “Bakı Metropoliteni”nin sabiq rəisi Tağı Əhmədovun obyektləri və ofşor zonalardakı pulları barədə məlumat verib.

“Metrostansiyaların çıxışlarında 1200 obyekt var idi. Bunlar 2007-ci ilə qədər Bakı Şəhər İcra Hakimiyyətinin, sonra isə "Bakı Metropoliteni"nin balansında olub. Həmin obyektlərin aylıq icarə haqqı 200 dollardan 3 min dollara kimi idi. Onlar da 3 aylıq icarə pulunu öncədən alırdılar”.

Generalın sözlərinə görə, metro stansiyalarının çıxışlarında olan ticarət nöqtələri Tağı Əhmədovun hakim oğlu Rauf Əhmədovun yaxın dostları arasında bölüşdürülüb.

“Tağı Əhmədov ötən iclasda dedi ki, ildə 120 min manat icarə pulu verib. Ona sual verilməlidi ki, 1200 köşkün icarəsi 120 min edirsə, belə çıxır ki, biri 8 manat 50 qəpik olub. Həmin vaxt icarədarlardan alınan 3 aylıq ödəniş 5 milyon dollardan artıq idi. Biz bunu da rəhbərliyə məruzə etdik. Dövlət rəhbərliyi bizi çağırıb detallı araşdırma aparıb metropolitenin fəaliyyətinin yoxlanılmasını tapşırdı. Məlum oldu ki, metropoliten hər il dövlətdən subsidiya alsa da, bu qədər gəlir əldə edirmiş”.

Çovdarov deyib ki, detallı araşdırma zamanı bəlli olub ki, metrostansiyalarda aparatlar elə qurulub ki, hər 4 jetondan biri qeydiyyatdan keçməyib və onun pulu Tağı Əhmədovun cibinə gedib.

“Bütün bunları bizə Tağının qardaşı oğlu Şövqi Əhmədov açıb dedi. Buna görə də Tağı Əhmədov ondan imtina edib. Bundan başqa biz özümüzün agentura xəttimiz vasitəsilə müəyyən etdik ki, təzə vaqon adı ilə Moskvadan işlənmiş vaqon alıb “kraskalayıb” 11 milyondan çox dövlət vəsaiti mənimsənilib. Bir vaqonunun təmirinə 120-140 min manat “silirdilər”, indiki rəhbərlik bunu 40 minə edir. Hər 4 jetondan birini əldə etməklə aya 300 min manat pul qazanılırdı. İşıq puluna görə “Azərenerji”yə 4 milyon manat borcu var idi, onu da mənimsəmişdi. Bunlar üzə çıxandan sonra biz Tağı Əhmədovun əmlaklarını da müəyyən etməyə başladıq”.

General Tağı Əhmədovun yadında qalan mülklərini məhkəməyə açıqlayuıb.

“Sahil” metrosunun üstündəki binada 4 mənzil, “Yeni Həyat” yaşayış kompleksində 4 mənzil, Neft Akademiyasının əsas korpusu ilə üzbəüz 7-8 dükan, Bakıda 6-7 bağ evi, Yasamal rayon məhkəməsinin yeni binasının arxasındakı “Kolizey” və “Şəhrizad” restoranları, Dubayda elit yaşayış kompleksində yerləşən otelin bütövlükdə 3 mərtəbəsi, Dubayda bir böyük ticarət mərkəzi. Bundan başqa, Tağı Əhmədov Xarici İşlər Nazirliyində işləyən oğlu Ruslan Əhmədov vasitəsilə 17 milyon dollar pulu ofşor hesablarla ölkədən çıxarıb. Dubaydakı oteli və ticarət mərkəzini də bu pulla alıb. Moskvada metro çıxışında 5 milyona 120 kvadratmetrlik dükan alıb, arendaya verib.

Tağı Əhmədovun bank hesablarında da külli miqdarda vəsait aşkarlandı. Təkcə “TexnikaBank”da 13 milyon dollar pulu olub, digər pulları isə “Bank of Baku” və “Unibank”dakı hesablarında idi. “Texnikabank” müflis olanda öz hesabından 9 milyon çıxarıb ofşora yatırmışdı. Qalan 4 milyonu da Ruslan Əhmədov müxtəlif qohumlarının adına 30-50 min miqdarında köçürmüşdü. Qohumları hesablardan pulu çıxarıb əlbəəl Ruslana vermişdilər, bunun kamera görüntüləri də var idi. Ümumilikdə Tağı Əhmədov və yaxınlarının hesablarında 21 milyon pul müəyyən edildi”.

Biz məlumatları toplayıb rəhbərliyə təqdim etdik, bizə cavab verdilər ki, hələ gözləyin, məlumatları özünüzdə saxlayın, prokurorluq istəyəndə verərsiniz. Sonra mən prokurorluqdan yüksək vəzifəli şəxslə əlaqə saxladım və telefonda hansı məlumatlar olduğunu ona dedim. Həmin şəxs dedi ki, “bu, bombadı, partlaya bilər, qoy özündə qalsın”. Dedi sən onu bizə göndərsən biz gərək qeydiyyata salaq, onda da ortaya çıxacaq”, o qeyd edib.

Prokuror qeyd edib ki, Tağı Əhmədov haqda prokurorluqda araşdırma aparılmayıb.

Bununla yanaşı, məhkəmənin generalın dedikləri ilə bağlı hüquq-mühafizə orqanlarının araşdırma aparması üçün qərar qəbul edib-etməməsi barədə də məlumat yoxdur.

Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədov iqtidarda olan Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının sədridir.

O hələ Akif Çovdarovun dediklərinə münasibət bildirməyib. Əhmədovun qəbul otağından Turanın müxbirinə onun iş otağında olmadığı bildirlib.

XS
SM
MD
LG