Accessibility links

Avropa məhkəməsinin Azərbaycanla bağlı daha bir qərarı açıqlanıb


Avropa məhkəməsi
Avropa məhkəməsi

Qərarlar 3 aydan sonra qüvvəyə minir

İyulun 20-də Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycanla bağlı növbəti iki qərarını elan edib.

Həmin qərarlar müxalif siyasi qüvvələrin Bakı şəhərində keçirdikləri etiraz aksiyalarında saxlanan 5 nəfərin şikayəti əsasında çıxarılıb.

Qərarlar Avropa İnsan Hüquqları Məhkəməsinin (AHİM) saytında açıqlanıb.

Şikayətçilər 2011-2013-cü illər ərzində keçirilmiş razılaşdırılmamış etiraz aksiyalarında saxlanıblar. Onlar Dəyanət Babayev, Ülvi Həsənli, Şahin Mirzəyev, Turqut Qəmbər və İlkin Rüstəmzadədir.

Qərarda göstərilir ki, D.Babayev etiraz aksiyasında iştirakına görə 2011-ci ildə 10, 2012-ci ilin oktyabrında yenidən 10, noyabr ayında isə 7 gün inzibati qaydada həbs edilib. Ü.Həsənli isə 2011-ci ilin martında 7, 2012-ci ilin oktyabrında isə 7 gün inzibati həbs cəzası alıb.

Ş.Mirzəyev, T.Qəmbər və İ.Rüstəmzadə isə 2013-cü ilin yanvar, mart və sentyabr aylarında keçirilmiş aksiyalarda saxlanıblar.

Şikayətçilər əvvəlcə yerli məhkəmələrə müraciət ediblər. Onlar saxlanmalarını onların hüquqlarına müdaxilə kimi qiymətləndirərək, pozuntuların tanınmasını tələb ediblər. Amma milli məhkəmələr onların şikayətlərini rədd edib. Milli məhkəmə qərarlarından AİHM-ə şikayət edilib.

AİHM şikayətçilərin iddia etdikləri pozuntuları tanıyıb. Qərara görə, etiraz aksiyasında saxlanan şikayətçilərin Avropa Konvensiyasının 5-ci (azadlıq və toxunulmazlıq hüququ), 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) və 11-ci (toplaşmaq hüququ) maddələri ilə hüquqları pozulub.

Azərbaycan hökuməti şikayətçilərdən D.Babayev, Ü.Həsənli və T.Qəmbərin hər birinə mənəvi zərər əvəzi 10 min avro ödəməlidir. Qərar mənəvi zərərə görə Ş.Mirzəyevə 8, İ.Rüstəmzadəyə isə 6 min avro ödənilməsini nəzərdə tutur.

T.Qəmbərə əlavə olaraq, maddi zərər əvəzi 2 min 860 avro da ödənməlidir.

Bundan başqa, D.Babayev və Ü.Həsənli işində hökumət hüquqi məsrəflərdən ötrü ümumilikdə 1300 avro da ödəməlidir.

Habelə, hüquq xidməti məsrəflərdən ötrü Ş.Mirzəyevlə T.Qəmbərə birlikdə 1150, İ.Rüstəmzadəyə isə 2 min avro da verilməlidir.

Qərarlar 3 aydan sonra qüvvəyə minir.

XS
SM
MD
LG