Accessibility links

Aslan İsmayılov: Vəzifəli şəxslərin gəlir bəyannaməsi elan edilsə korrupsiya azalar [Video- müsahibə]


Aslan İsmayılov: Vəzifəli şəxslərin gəlir bəyannaməsi elan edilsə korrupsiya azalar
please wait

No media source currently available

0:00 0:05:54 0:00

Viza Hüquq Firmasının rəhbəri Amerikanın Səsinə müsahibəsində korrupsiyaya qarşı mübarizədən danışıb

Viza Hüquq Firmasının rəhbəri Aslan İsmayılov Amerikanın Səsinə müsahibəsində ölkədə korrupsiyaya qarşı aparılan mübarizə və mövcud durumdan çıxış yollarından danışır.

Amerikanın Səsi: Azərbaycanda korrupsiyaya qarşı mübarizə tədbirləri korrupsiyanın səviyyəsinin azaldılması üçün bəs edirmi?

Bu tədbirlərin heç biri korrupsiya ilə bağlı köklü mübarizə aparmaq məqsədi güdmür.

Aslan İsmayılov: Xeyr. Bu günə qədər mətbuatda gedən məlumatlar, guya görülən tədbirlər onu göstərir ki, bunların hamısı dekorasiya xarakteri daşıyır. Bu tədbirlərin heç biri korrupsiya ilə bağlı köklü mübarizə aparmaq məqsədi güdmür.

Amerikanın Səsi: Azərbaycanda korrupsiyaya qarşı mübarizə üzrə qanun və milli fəaliyyət planı qəbul edilib. Bu sənədlərin icra vəziyyətini necə qiymətləndirirsiniz?

Aslan İsmayılov: Tək korrupsiyaya qarşı mübarizə qanunu, yaxud milli fəaliyyət planı yox, Azərbaycanda ilk dəfə korrupsiyaya qarşı mübarizə komissiyası da yaradılıb. Onun haqqında qanun qəbul edildi və onun ətrafında böyük bir ajiotaj yaradıldı. Sonra Respublika Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi yaradıldı. O da ara-sıra məlumatlar dərc edir. Elə sonuncu məlumatı olmuşdur ki, Azərbaycanda kənd rayonlarının birinə kənd təsərrüfatı üçün ayrılmış maliyyədən yeyintilər aşkar edilib. Azərbaycanda rayonda elə də kənd təsərrüfatı da yoxdur, ona ayrılan maliyyə də böyük deyil. Yəni, ona ayrılan maliyyə 100-200 min civarındadır. Amma hamımız gözəl biliririk ki, bu yaxınlarda baş vermiş hadisədə qaçqınkomun sədri Əli Həsənovun nəvəsinin maşınları bir neçə milyondur. Qaçqınkomda baş verən yeyintilər isə 100 milyonlarladır. Əgər o korrupsiya komissiyası mübarizə aparırdısa Bakının mərkəzində qaçqınkomu qoyub niyə 10-20 minin dalınca kənd rayonuna gedir? Bu, hamısı gözə kül üfürməkdir.

Amerikanın Səsi: Azərbaycan prezidenti 12 il əvvəl Nazirlər Kabinetinə məmurların gəlirləri ilə bağlı bəyannamənin nümunəsinin hazırlanmasını tapşırıb. Lakin indiyədək Nazirlər Kabinetinin həmin nümunəni hazırlayıb-hazırlamaması barədə məlumat verilmir. Həm də məmurların gəlirləri barədə ictimaiyyətə məlumat verilmir. Belə olan halda korrupsiyaya qarşı mübarizə tədbirləri nə qədər effektiv ola bilər?

Aslan İsmayılov: Əgər doğrudan da Azərbaycan hakimiyyəti korrupsiyaya qarşı mübarizə tədbiri görmək istəyirsə bu qədər sadaladığımın heç birinə ehtiyac yox idi. Sadəcə, Azərbaycan Respublikası Milli Məclisinin qəbul etdiyi, prezidentin imzaladığı 14 avqust 2005-ci ildə dərc olunduğu gündən qanuni qüvvəyə minmiş “Vəzifəli şəxslərin gəlir bəyannaməsinin elan edilməsi qaydaları” tətbiq olunsa, əmin edirəm ki, bəli, onda deyə bilərik ki, korrupsiyaya qarşı mübarizə başladı. Əsas məsələ oradadır. Qalanı hamısı - bu günə qədər olanlar, elanlar, mətbuatda gedənlər, sərəncamlar, Prezident Aparatının çox gurultulu korrupsiyaya qarşı mübarizə bəyanatları - bir daha təkrar edirəm gözə kül üfürmək və baş qatmaqdır. Əgər doğrudan da mübarizəni istəyirlərsə 2005-ci il qanununu tətbiq etsinlər, vəzifəli şəxslər gəlir bəyannamalərini elan etsin. Əgər elan edərlərsə onda sizi əmin edirəm ki, Azərbaycanda bu qədər ifrat formada korrupsiya olmazdı. Bu dəqiqə Azərbaycanda korrupsiya idarəetmə formasıdır.

Amerikanın Səsi: Müəyyən vaxtlarda ayrı-ayrı məmurların övladlarının bahalı avtomobilləri və avtoqəzaları ilə bağlı məlumatlar dərc olunur. Bundan sonra valideynlər vəzifədən azad edilir və övladlar həbs olunur. Problemin ümumi köklü həllini nədə görürsünüz?

Mən, şəxsən razıyam ki, böyük maliyyə amnistiyası olunsun.

Aslan İsmayılov: Qəbul olunmuş, qanuni qüvvəyə minmiş vəzifəli şəxslərin gəlirlər bəyannaməsi icra olunmalıdır. Əgər o icra olunarsa, əmin edirəm ki, bunların heç biri olmaz. Bunun icra olunmasının da bir problemi var. Onu da gözəl anlayıram. Bu, hakimiyyətin özünə də lazımdır. Mənim kimi minlərlə insan var ki, ölkədə köklü dəyişiklik, korrupsiyanın kökünün kəsilməsini istəyir. Biz razıyıq, yuxarıdakılar bizim haqqımızı oğurlayıb, milyonlar, milyardlar yığıblar. Mən şəxsən razıyam ki, böyük maliyyə amnistiyası olsun. Yəni, nə yığıblar hamısını sorğu-sualsız elan etsinlər, deyək, ölkə daxilində elan olunan əmlakın 10-20 faizi büdcəyə daxil edilsin. Faizlər aşağı da ola bilər. Ona görə ki, bu günlər hamımıza, həm bizim haqqımızı oğurlayanlara, həm biz haqqı oğurlananlara maliyyə amnistiyası lazımdır. Qoy, elan etsinlər, oğurladıqlarını gizlətməsinlər. Maliyyə amnistisiyası olarsa, xaricə daşınan oğurluq pullar da ölkəyə qayıdar. Sıfırdan başlasınlar. Mən razıyam, haqqımı oğurlayıblar. Mənə çatacaq pullar Ziya Məmmədovların, Əli Həsənovların tayfasındadır. Mən razıyam ki, maliyyə amnistiyası elan edilsin, sıfır nöqtəsindən başlansın.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG