Accessibility links

Ombudsman nümayəndələri təcridxanada olub


Ombudsmanın Milli Preventiv Qrupu (MPQ) sentyabrın 7-də Bakı İstintaq Təcridxanasına baş çəkib.

Bu barədə Ombudsman Aparatının mətbuat xidməti xəbər verir.

Mətbuat xidmətinin məlumatında bildirilir ki, MPQ üzvləri «Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyevlə də görüşüblər. Onun konfidensial dinləndiyi, hüquqlarının təmin olunması vəziyyətinin öyrənildiyi və qaldırdığı məsələlərin yerində araşdırıldığı bildirilir.

Ombudsman təmsilçilərinin həmçinin, AXCP sədrinin müavini Gözəl Bayramlı, jurnalistlər Əfqan Muxtarlı və Əziz Orucovla da konfidensial qaydada görüşdükləri bildirilir.

Ombudsman Aparatının mətbuat xidməti qəbul edilmiş şəxslərin müəssisə əməkdaşlarının onlarla rəftarından şikayət etmədiyini, bəzilərinin barələrində aparılan istintaqdan narazılıq etdiklərini qeyd edir.

Avqustun 25-i Yasamal Rayon Məhkəməsinin qərarı ilə «Turan» İnformasiya Agentliyinin direktoru M.Əliyev haqqında noyabrın 7-nə kimi həbs-qətimkan tədbiri seçilib. Bundan bir gün əvvəl o, şübhəli şəxs qismində saxlanmışdı.

Ona Cinayət Məcəlləsinin 213.1 (vergi ödənişindən yayınma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 192.2 (qanunsuz sahibkarlıq) maddələri ilə ittiham irəli sürülüb.

Vergilər Nazirliyi avqustun 8-də «Turan» agentliyinin fəaliyyətinin səyyar vergi yoxlamasına başlayıb. Nazirlik iddia edir ki, 60 min manat vergidən yayındırılıb. M.Əliyev ittihamları qəbul etmir.

Mayın 25-i axşam saatlarında isə AXCP sədrinin müavini G.Bayramlı Gürcüstandan qayıdarkən saxlanıb. O, Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə ittiham edilib.

Mayın 26-sı Səbail Rayon Məhkəməsinin hökmü ilə 3 ay müddətinə həbs olunub. Daha sonra həbs müddəti artırılıb.

Rəsmi açıqlamada Gürcüstandan qayıdarkən onun əşyaları arasında bəyan edilməmiş 12 min dollar pul tapıldığı iddia olunur. G.Bayramlı məhkəmədə deyib ki, onun həbsi siyasi xarakter daşıyır.

Jurnalist Ə.Muxtarlı da mayın 29-u oturum izini aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etmədə ittiham olunur.

Bakıda rəsmi qurumlar iddia edir ki, Ə.Muxtarlı sərhədi qanunsuz keçərkən Azərbaycan ərazisində saxlanıb və bu məsələnin siyasiləşdirilməsi düzgün deyil. Üstəlik, rəsmi qurumların açıqlamasına görə, jurnalist saxlanarkən hüquq-mühafizə orqanları əməkdaşlarına zorakı qaydada müqavimət göstərib.

Məhkəmənin qərarı ilə ona ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib. Onun da həbs müddəti sonra artırılıb. Ə.Muxtarlı da ittihamları qəbul etmir.

«Kanal 13» TV-nin Bakı bürosunun rəhbəri Ə.Orucova isə mayın 2-də Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibatı həbs cəzası verilmişdi. O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisə müqavimət) maddəsi ilə ittiham edilmişdi.

Ə.Orucovun inzibati cəzası başa çatan gün - iyunun 1-də ona cinayət ittihamı irəli sürülüb. Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində Ə.Orucov barəsində ilkin olaraq Cinayət Məcəlləsinin 192.2.2-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılmışdı.

Cinayət işi Ə.Orucovun təsisçisi olduğu «Qafqaz Media Təhqiqatları» İctimai Birliyi və «Kanal 13» ilə bağlıdır.

Nəsimi Rayon Məhkəməsi Ə.Orucov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib, sonra həmin müddəti artırıb. Artıq istintaqın yekunlaşdığı bildirilir. Jurnalist ittihamları qəbul etmir.

XS
SM
MD
LG