Accessibility links

Daha bir dindar mülki geyimli şəxslər tərfindən saxlanılıb


Nardaran ( Photo by : Parvana Bayramova)
Nardaran ( Photo by : Parvana Bayramova)

Nardaran hadisələri ilə bağlı məhkəmə proseslərinin daha bir aktiv iştirakçısı, dindar fəal Bəhruz Quliyev yoxa çıxıb.

Bu barədə AzadlıqRadiosuna onun yaxınları məlumat verib.

Bildirilir ki, B.Quliyev sentyabrın 21-də Nizami rayonu ərazisində işlədiyi ticarət mərkəzindən çıxarkən dörd nəfər mülki geyimli tərəfindən saxlanılıb. Ticarət mərkəzində çalışanlar onun ailə üzvlərinə deyib ki, həmin şəxslər Bəhruzu məcburi şəkildə «Mercedes» markalı avtomobilə mindirib aparıblar.

Yaxınlarının sözlərinə görə, B.Quliyevin yerini müəyyənləşdirməkdən ötrü sentyabrın 21-də gün ərzində müxtəlif dövlət orqanları ilə əlaqə saxlasalar da, nəticəsi olmayıb.

Başqa bir dindar fəal - Əhsən Nuruzadədən də sentyabrın 19-dan heç bir xəbər yoxdur.

O, həmin gün günorta saatlarında mağazaya getmək adı ilə çıxıb və ailə üzvlərinin bildirdiyinə görə, hələ də ondan heç bir xəbər yoxdur. Ə.Nuruzadənin də evlərinin yaxınlığında 3-4 nəfər mülki geyimli tərəfindən saxlanılaraq, qara maşına mindirilib aparıldığı bildirilir. Daxili İşlər Nazirliyinin «102» xidmətindən tutmuş, Ombudsman Aparatı, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı nümayəndəliyinə qədər bir çox qurumlara məlumat verilməsinə baxmayaraq, Ə.Nuruzadənin yerini müəyyənləşdirmək mümkün olmayıb.

Ə.Nuruzadə 2017-ci il yanvarın 24-də də evinin yaxınlığında mülki geyimlilər tərəfindən naməlum istiqamətdə aparılmış və ondan bir həftə heç bir xəbər çıxmamışdı. Yalnız yanvarın 30-da onun DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanıldığı bəlli olmuşdu. Bir həftədən sonra vəkilinə onun yeri haqda məlumat verilərək bildirilmişdi ki, Nuruzadə polisin qanuni tələbinə tabe olmamaq ittihamı ilə 10 sutka inzibati həbs cəzası alıb.

2015-ci il noyabrın 26-da Bakının Nardaran qəsəbəsində keçirlən xüsusi əməliyyatda ikisi polis olmaqla, 6 nəfər həlak olub. Rəsmi ittihama görə, radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərib və ölüm hadisələri bu qarşıdurmada baş verib.

Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox (hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 80-dən çox göstərilir) adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 6 il 6 ayadək həbs cəzası kəsilib. 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.

XS
SM
MD
LG