Accessibility links

Milli Şuranın mitinqində iştirak edəcək 100-dək adam polisə çağırılıb


Milli Şura mitinq keçirir
Milli Şura mitinq keçirir

"Əgər Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları Demokratik Qüvvələrin Milli Şurasının 28 oktyabr mitinqində törədilməsi planlaşdırılan terror aktının təşkilatçılarını məhv etməklə bu cinayətin qarşısını alıbsa, ona alqış düşür", - Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, Azərbaycan Xalq Cəbhəsi Partiyası Ali Məclisinin sədri Nurəddin Məmmədli bildirib.

Amma N.Məmmədli bununla bağlı digər mülahizələrin də olduğunu deyir və kimlərinsə mitinqdə terror aktı törətmək istəməsi versiyasını ağlabatan saymır.

"Burada məqsəd mitinqdə terror ola bilməsi adı ilə insanların şüuruna qorxu yeritmək də ola bilər, hətta kimlərinsə Milli Şuranın əleyhinə olduğunu və hətta terrordan belə çəkinməmələrini göstərmək də ola bilər", N.Məmmədli vurğulayıb.

Oktyabrın 25-də Dövlət Təhlükəsizliyi Xidməti Xırdalan şəhərində keçirilən xüsusi əməliyyat zamanı terror planlaşdıran üç nəfərin məhv edildiyini bildirib. Qrup oktyabrın 28-də Bakıda müxalifətin mitinqində terror aktı törətməyi planlaşdırırmış.

Milli Şuranın mitinqində iştirak edəcək 100-dək adamın polisə çağırılır ?
Milli Şuranın mitinqində iştirak edəcək 100-dək adamın polisə çağırılır ?

Bu arada Report agentliyi bildirir ki, aidiyyəti orqanlar Milli Şuranın oktyabrın 28-nə təyin etdiyi mitinqdə iştirak edə biləcək şəxslərin müəyyənləşdirilməsi və onlarla müvafiq iş aparılması istiqamətində səylərini davam etdirir.

Agentlik bildirir ki, bu məqsədlə dövlət orqanlarında, səhiyyə, təhsil, mədəniyyət müəssisələrində və digər sahələrdə çalışanlara xüsusi nəzarət həyata keçirilir.

“Bu günə kimi daxili işlər orqanları tərəfindən mitinq iştirakçısı olan 100-ə yaxın şəxs polis bölmələrinə dəvət edilib. Müəyyən olunub ki, onların bir qismi 2017-ci ildə Rusiya, İran, Türkiyə və Gürcüstanda səfərlərdə olub. Hazırda həmin şəxslərin xarici ölkələrdəki əlaqələri, müəyyən maraqlı dairələrin nəzarəti altında fəaliyyət göstərib-göstərməmələri araşdırılır. DTX müxalifətin mitinqində terror törətmək istəyən qrupu zərərsizləşdirdikdən sonra bu məsələlər daha ciddi aktuallıq kəsb etməyə başlayıb. O da məlum olub ki, polisə dəvət olunan şəxslərin bir qismi kriminal keçmişə malikdir”, xəbərdə deyilir.

Agentlik bildirir ki, aksiyanın keçiriləcəyi “Məhsul” stadionunun bir neçə yerində videoçəkilişlər aparılır, mitinqdə iştirak edənlərin foto və videogörüntüləri əsasında cəza tədbirləri həyata keçirilir.

“Aksiyada iştirakı müəyyən edilənlərin əvvəl fotoları çıxarılır. Onlar rəhbərlik tərəfindən çağırılaraq faktlar sübut kimi qarşısına qoyulur və heç bir izahat tələb etmədən işdən kənarlaşdırılırlar. Mitinqdə iştirak edənlərin “maraq üçün getmişdik”, “danışdıqları ilə razı deyilik” kimi bəhanələrinə diqqət yetirilmir. Tədbir işçilərinin özləri ilə yanaşı, həm də yaxınlarının təzyiqlərə məruz qaldığı barədə məlumatlar var”, xəbərdə qeyd edilir.

Report xatırladır ki, Milli Şuranın bundan əvvəlki mitinqlərində iştirak edən orta məktəb müəllimləri, Mənzil İstismar Sahəsinin işçiləri, hətta mədəniyyət sahəsində çalışan tanınmış şəxslər belə işlərindən kənarlaşdırılıb. “Həmçinin aksiyada iştirak edən tələbələr də bu və ya digər bəhanələrlə ciddi cəza tədbirlərinə məruz qalıb”, məlumatda qeyd edilir.

Rəsmi orqanlar isə hələlik bu məsələ ilə bağlı hər hansı şərh verməyib.

XS
SM
MD
LG