Accessibility links

İnsan Haqları üçün Beynəlxalq Tərəfdaşlıq təşkilatı "vəkillik qanununa" düzəlişlərdən narahatdır


İnsan Haqları üçün Beynəlxalq Tərəfdaşlıq Təşkilatı Azərbaycan Ali Məhkəməsinin "Vəkillik və vəkillik fəaliyyəti haqqında" qanuna düzəlişlər təklifinin oktyabrın 31-də Milli Məclisdən keçməsindən narahatdır.

Təşkilat bildirir ki, bu təkliflər parlamentdə birinci oxunuşdan geri qaytarılsa da, indi bunun qanun kimi təsdiq olunması təkliflərin real motivlərindən narahatlıq doğurur.

Bu qanuna görə, məhkəmə proseslərində yalnız Vəkillər Kollegiyasına üzv olan vəkillər iştirak edə bilər.

Oktyabrın əvvəllərində qanun layihəsinə etiraz edən bir qrup vəkil düzəlişləri tənqid edib və bildirib ki, qanun Azərbaycanda müstəqil vəkillərin fəaliyyətini məhdudlaşdıracaq.

İnsan Haqları üçün Beynəlxalq Tərəfdaşlıq təşkilatı bildirir ki, Azərbaycanda yalnız kollegiyanın üzvü olan vəkillər Ali və Konstitusiya məhkəmələrinə apellyasiya verə bilər.

Təşkilat qeyd edir ki, təməl insan haqları və azadlıqlarının tez-tez pozulduğu və siyasi məhbusların sayının artmaqda olduğu bir ölkədə belə düzəlişlərin qəbulu geriyə doğru addım sayıla bilər.

Bəyanatda deyilir ki, Vəkillər Kollegiyası Azərbaycan hökumətinin təsiri altındadır və onun 934 üzvündən çox azı siyasi motivli işləri üzərinə götürür.

Bu da qeyd edilir ki, belə işlərə girişmək cəsarətində olan vəkillər isə elə Kollegiyanın vasitəsilə məhkəmə proseslərindən “vəkillik etikası prinsipi” ilə kənarlaşdırılır.

Məsələn müstəqil vəkil Xalid Bağırov indiyədək bir neçə tanınmış siyasi məhbusun müdafiəsi ilə məşğul olub. Onu Şəki Apellyasiya Məhkəməsinin şikayəti ilə məhkəmə prosesindən kənarlaşdırıblar. Vəkilin özü bunu tanınmış siyasi məhbus İlqar Məmmədovu müdafiə etməsi ilə əlaqələndirir.

Bu yolla vəkillik fəaliyyətindən uzaqlaşdırılmış başqa hüquqşünasların arasında Elçin Namazov, Fərhad Mehdiyev, Aslan İsmayılov, Müzəffər Baxışov və Əlaif Həsənov da var.

Bəyanatda deyilir ki, bütün bunlara görə qanuna dəyişikliklər Azərbaycanın insan haqları sahəsində götürdüyü öhdəliklərlə ziddiyyət təşkil edir.

İnsan Haqları üçün Beynəlxalq Tərəfdaşlıq Təşkilatı bunları nəzərə alaraq Azərbaycan parlamenti və hökumətini təklif edilmiş düzəlişləri ləğv etməyə çağırır.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG