Accessibility links

Məhkəmənin növbəti iclası dekabrın 1-nə təyin edilib

Noyabrın 17-də Bakı Apellyasiya Məhkəməsində bloger Mehman Hüseynovun işi üzrə proses davam edib.

Sentyabrın 29-da Azərbaycan Ali Məhkəməsi M.Hüseynovun kassasiya şikayətini qismən təmin edib və şikayəti Apellyasiya Məhkəməsinə qaytarıb.

M.Hüseynovun həbsinə onun bu ilin yanvarında polis idarəsində işgəncəyə məruz qalması barədə bəyanatları səbəb olub. Buna cavab olaraq Bakının Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayev böhtan haqqında iddia qaldırıb.

Mayın 3-də Suraxanı Rayon Məhkəməsi M.Hüseynovu böhtanda (CM-in 147-ci maddəsi) təqsirli bilərək 2 il müddətinə azadlıqdan məhrum edib.

Bugünkü iclasın əvvəlində vəkillər yenə də yanvarın 9-da M.Hüseynovun saxlandığı yerdə və Nəsimi polisində videomüşahidə kamerasındakı qeydlərə baxılmasının vacibliyini bildiriblər. Müdafiə tərəfi xüsusi ittihamçı - Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin prosesdə iştirakının təmin olunmasını xahiş edib.

Vəkil Fuad Ağayev qeyd edib ki, qanuna görə, müdafiə tərəfi xüsusi ittihamçının nümayəndəsinə sual verə bilməz, suallara xüsusi ittihamçı cavab verməlidir.

Digər vəkil Fəxrəddin Mehdiyev deyib ki, videomüşahidə kamerasındakı qeydlər iş üzrə birbaşa sübutdur. Odur ki, həmin sübutlar araşdırılmadan M.Hüseynovu cinayət törətməkdə ittiham etmək yolverilməzdir.

Ancaq hakim Əflatun Qasımov qısa məşvərətdən sonra hər iki vəsatəti təmin etməyib və növbəti iclası dekabrın 1-nə təyin edib.

Vəkil F.Ağayev məhkəmənin qərarını Turan-a şərh edərkən onu qanunazidd adlandırıb. O qeyd edib ki, Apellyasiya Məhkəməsi müdafiə tərəfinin vəsatətlərini qəbul etməməklə faktiki olaraq Ali Məhkəmənin ləğv etdiyi qərarı qüvvədə saxlayıb.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG