Accessibility links

Tofiq Zülfüqarov: Lavrovun ADA universitetində çıxışının mövzusu da kifayət qədər qəribə idi


Tofiq Zülfüqarov

Keçmiş xarici işlər naziri Sergey Lavrovun Azərbaycan və Ermənistana səfərindən danışıb

"Rusiya xarici işlər naziri Sergey Lavrovun hazırki səfəri ilk növbədə Qarabağ nizamlanması nöqteyi-nəzərdən tamamilə mənasız olması ilə yadda qalıb. Səfər zamanı əvvəllər səslənən fikirlər təkrarlanıb."

Bu fikri Turan agentliyinə müsahibəsində Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov bildirib.

"Bəzi KİV-lərin ajiotaj yaratmağa çalışmasına baxmayaraq, səfər özü göstərdi ki, heç bir real irəliləyiş olmayacaq.

Lavrovun səfəri bir daha göstərdi ki, nizamlanma məsələsi hazırki mərhələdə Sarkisyanın siyasi hakimiyyətini qoruyub saxlamaq məqsədilə islahatları yekunlaşdıran Ermənistan üçün daxili siyasət elementidir. Məhz buna görə Ermənistan rəhbərliyi danışıqlar prosesi imitasiyasını davam etdirir", deyə Zülfüqarov bildirib.

O, bu yaxınlarda bəzi Azərbaycan şərhçilərinin Lavrovu Rusiya Federasiyasında Rusiya-Azərbaycan münasibətlərinə mane olan ermənipərəst qüvvələrin lideri kimi göstərdiklərinə diqqət çəkib.

"Onun birtərəfli ermənipərəst siyasəti hamıya aydındır. Təəssüf ki, Bakıda onun üçün proqram, o cümlədən tələbələr qarşısında çıxış hazırlayıblar. Adətən bu cür çıxışlar qonağa xüsusi münasibətin göstəricisi olaraq planlaşdırılır", deyə Zülfüqarov qeyd edib.

Onun fikrincə, "Lavrovun ADA universitetində çıxışının mövzusu da kifayət qədər qəribə idi".

"İlin əvvəllərində Lavrovun Azərbaycanın Dağlıq Qarabağ üzərində suveren hüquqlarını itirdiyini bəyan etməsi ilə bağlı qalmaqalı nəzərə alsaq, onun dəvət olunması artıq idi", deyə Zülfüqarov qeyd edib.

Dünya ictimaiyyəti münaqişənin nizamlanması prosesini necə yerindən tərpədə bilər? Bu suala cavabda Zülfüqarov deyib ki, "bir çox beynəlxalq oyunçular hesab edirlər ki, Azərbaycanda və Ermənistanda Rusiyanın üstünlüyü o qədər çoxdur ki, başqalarının qoşulması mənasızdır. Amma Rusiyadan daha çox Lavrovun bu üstünlüyünün sonu çatır".

"Bunun siqnalları var. İstənilən halda, Amerika tərəfin fəallaşması mənə çox real gəlir. İkinci komponent regional qüvvələrin fəallaşması, ilk növbədə Türkiyənin rolunun artırılmasıdır", deyə Zülfüqarov vurğulayıb.

Onun fikrincə, Putinin Türkiyə prezidenti Ərdoğanla Qarabağ nizamlanmasını müzakirə etməsinə Erdoğanın şəxsi təşəbbüsü kimi baxmaq lazım deyil.

"Məsələ ondadır ki, nizamlanma ətrafındakı siyasi proseslər hərbi əməliyyatların bərpası ehtimalının böyük olduğunu göstərir. Həm də hərbi əməliyyatlar artıq iki dövlət arasında olacaq. Bu kontekstdə Naxçıvan amili xüsusi əhəmiyyət qazanır.

Türkiyə Naxçıvanın təhlükəsizliyinin təmin edilməsi üzrə beynəlxalq öhdəliklər daşıyır və hərbi əməliyyatlar başlasa, ermənilərin fikrincə, Rusiya cəlb ediləcək və onda Türkiyə də müdaxilə edə bilər" o bildirib.

"Xüsusi beynəlxalq konfiqurasiya yaranır - Türkiyə ona öz təhlükəsizliyi, habelə Azərbaycan qarşısında dost-müttəfiq kimi öhdəlikləri kontekstində yenidən baxmalı olacaq", deyə eks nazir bildirib.

Zülfüqarovun fikrincə, Türkiyə nizamlanma prosesində fəal iştirakını bəyan edib və bu iştirak yalnız güclənəcək.

O deyib ki, İran da regional ölkə kimi hansısa addımlar atacaq. Buna görə münaqişə həll edilmədən və regional qüvvələrin iştirakı olmadan regionda sabitliyi və təhlükəsizliyi təmin etmək, sadəcə olaraq, mümkün olmayacaq.

"Düşünürəm ki, bu prosesdə Qərb ölkələri də iştirak etmək istəyəcək. Odur ki, Lavrovun səfəri bir daha göstərdi ki, biz əvvəlki konfiqurasiyanın pozulduğu və qüvvələrin yeni nisbətinin formalaşdığı dönüş nöqtəsindəyik", deyə Zülfüqarov fikrini tamamlayıb.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG