Accessibility links

Beynəlxalq QHT koalisiyası Avropa İttifaqını Bakıya təzyiq göstərməyə çağırıb


Beynəlxalq QHT koalisiyası Avropa İttifaqını Bakıya təzyiq göstərməyə çağırıb
Beynəlxalq QHT koalisiyası Avropa İttifaqını Bakıya təzyiq göstərməyə çağırıb

36 beynəlxalq hüquq-müdafiə təşkilatı Avropa İttifaqı rəhbərliyinə noyabrın 24-də Brüsseldə Şərq Tərəfdaşlığı sammiti çərçivəsində prezident İlham Əliyevlə görüşdə Azərbaycanda repressiyalara son qoyulmasını tələb etmək çağırışı yer alan açıq məktubla müraciət edib.

“Biz israrla sizi prezident Əliyevi insan hüquqlarının pozulmasına son qoymağa və insan hüquqlarının təmin edilməsi sahəsində konkret islahatlar həyata keçirməyə, ilk növbədə siyasi məhbusları azad etməyə, müstəqil QHT-lərin işinə mane olan qanunvericilikdə islahatlar aparmağa və onların xaricdən maliyyə almasına imkan verməyə çağırmaq üçün bütün imkanlardan istifadə etməyə çağırırıq”.

Təşkilatlar qeyd edir ki,son illər Azərbaycan hakimiyyətinin addımları onun Şərq Tərəfdaşlığı proqramı çərçivəsindəki öhdəlikləri ilə kəskin ziddiyyət təşkil edir.

Belə ki, Azərbaycanda faktiki olaraq bütün müstəqil KİV-lər ləğv edilib, İnternet nəzarət altındadır, bir çox müstəqil jurnalist və vətəndaş fəalları həbs edilib.

"Biz əminik ki, Aİ və Azərbaycan arasında yeni saziş haqqında danışıqlar əsasən Azərbaycanın əsas hüquqlarını təmin etmək üçün əldə edəcəyi irəliləyişdən asılıdır, "deyə müraciətdə qeyd edilir.

Koalisiya Azərbaycanda hüquq və azadlıqların pozulmasına son nümunə kimi jurnalist Əfqan Muxtarlının Tbilisidə oğurlanması və Azərbaycana aparılıb orada həbs olunması;

Turan agentliyinə qarşı cinayət təqibi və avqustda agentliyin direktoru Mehman Əliyevin həbsi;

“Azadlıq” qəzetinin, “Azadlıq Radiosu"nun, “Meydan TV”in saytlarının və “Azərbaycan saatı” proqramının bloklanmasını və digər faktlar xatırladılıb.

"Bir çox hökumət tənqidçiləri və ya siyasi müxalifət fəalları həbsdə qalmaqdadır. Onlar arasında müxalif hərəkat lideri İlqar Məmmədov da var, o, 2013-cü ildə prezident seçkilərində namizədliyini irəli sürməyə çalışıb və 2013-cü ilin əvvəllərində uydurma zorakı etirazlara təhrik etmə ittihamı ilə həbs edildiyi andan etibarən həbsxanada saxlanılır. Hökumət Avropa İnsan Hüquqları Məhkəməsinin qərarına məhəl qoymayıb və Avropa Şurası Nazirlər Komitəsinin İlqar Məmmədovu azad etməyə çağıran onlarla qətnaməsinə meydan oxuyub.

Azərbaycanda QHT-lər həm donorlardan, həm də qrant alanlardan ayrı-ayrılıqda hökumətdən razılıq almağı tələb edən qanun və qaydalarla əlaqədar ciddi maneələrlə üzləşir.

2017-ci ilin oktyabrında Avropa Şurası Parlament Assambleyası Azərbaycanla bağlı iki qəti qətnamə qəbul edərək, hökuməti tənqidçilərin bitmək bilməyən təqiblərinə son qoymağa çağırıb.

Bundan başqa, “Mütəşəkkil cinayətkarlıq və korrupsiya” layihəsi çərçivəsində Azərbaycan siyasi elitasının üzvlərinin 2.9 mlrd. dollar məbləğində çirkli pulların yuyulması və Qərb siyasətçilərinin öz tərəflərinə çəkilməsi ilə məşğul olduğu aşkar edilib.

Bu şəraitdə Aİ liderlərinin prezident Əliyevə Azərbaycan və Aİ arasında istənilən yeni saziş bağlanmasının Bakının insan hüquqları sahəsində problemlərin həlli üzrə addımlarından asılı olduğunu çatdırması həddindən artıq vacibdir.

Biz israrla sizi İlqar Məmmədovun və qanunsuz olaraq həbs edilmiş bütün digər hüquq müdafiəçisi və vətəndaş fəallarının dərhal azad edilməsində israr emtəyə;

Söz və KİV azadlığına mütləq hörmət etməyi, o cümlədən bütün jurnalistlərin və sosial şəbəkə fəallarının dərhal və qeyd-şərtsiz azad edilməsini;

Mehman Əliyevə qarşı bütün ittihamlara və Turan-a qarşı təzyiqə son qoymağı;

Araşdırmaçı jurnalist Xədicə İsmayılovanın, vəkil İntiqam Əliyevin və başqalarının səyahət etməsinə və yer dəyişdirməsinə qoyulmuş bütün qadağaları qaldırmağı;

QHT-lərin Venesiya Komissiyasının tövsiyələrinə uyğun olaraq xarici maliyyəyə çıxışını təmin etməyi tələb etməyə çağırırıq”, deyə Amnesty International, Article 19, Norveç Helsinki Komitəsi, İşgəncələr Əleyhinə Ümumdünya Təşkilatı, Beynəlxalq Pen Klub, “Sərhədsiz Reportyorlar” və digər təşkilatların imzaladığı müraciətdə bildirilir.

XS
SM
MD
LG