Accessibility links

Azərbaycan, İran və Türkiyə xarici işlər nazirləri birgə bəyannamə qəbul edib [Video]


Nazirlər Bakıda görüşüb

Dekabrın 20-də Bakıda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov, İran xarici işlər naziri Məhəmməd Cavad Zərif və Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun iştirakı ilə üçtərəfli görüş keçirilib. Bu Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşü idi.

Görüşdə üç ölkə arasında əməkdaşlıq və regional məsələlər müzakirə olunub və birgə Bəyannamə qəbul olunub.

Sənəddə deyilir ki, nazirlər regionda sülh, təhlükəsizlik, rifah və əməkdaşlığa xidmət edəcək dəyərləri daha da gücləndirmək üçün öhdəliklərini bir daha təsdiq edib.

Azərbaycan Türkiyə İran
Azərbaycan Türkiyə İran

Nazirlər iqtisadi tərəqqi və davamlı inkişafa töhfə verə biləcək sahələrdə əməkdaşlığın daha da genişləndirilməsini xüsusi qeyd edib.

Biz bəyan etmişik ki, ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarını qəbul edə bilmərik.

Hər üç ölkə suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin pozulmamasına hörmət və bütün mübahisələrin sülh yolu ilə həlli daxil olmaqla beynəlxalq hüququn prinsipləri üzrə öhdəliklərini sadalamaqla Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münqişəsinin ən qısa müddətdə həllinin vacibliyini bildirib.

Azərbaycan, İran və Türkiyə Əl-Qüds Əl-Şəriflə əlaqədar 13 dekabr 2017-ci ildə İstanbulda keçirilən İƏT-in Fövqəladə Sammitinin bəyannaməsini və yekun komunikesini alqışlayıb.

Nazirlər eyni zamanda iqtisadi-ticarət, enerji, nəqliyyat, bankçılıq, telekomunikasiya, sənaye, kənd təsərrüfatı, turizm və ətraf mühit sahəsində birgə layihə və proqramların həyata keçirilməsi ilə bağlı əməkdaşlığın təşviqinə dəstək verilməsini razılaşıb.

Tərəflər terrorizm, separatizm və zorakı ekstremizmin bütün forma və təzahürləri, transmilli mütəşəkkil cinayət və narkotik vasitələrin və onların daşıyıcılarının, silahların qeyri-qanuni dövriyyəsi, insan alveri, mədəni və tarixi irsə qarşı cinayətlər, kibercinayətkarlıq və qeyri-qanuni miqrasiyaya qarşı mübarizə sahəsində əməkdaşlığın daha da gücləndirilməsinin əhəmiyyətini qeyd edib.

Nazirlər ölkələrinin ərazilərindən hər hansı bir insan və ya şəxsi qrupların istənilən nəticələr altında, bir-birinə qarşı istənilən təhlükə və fəaliyyətə qarşı istifadə etməsinə icazə verməyəcəklərini qətiyyətlə bəyan edib, separatizmə xarici dəstəyi kəskin şəkildə qınayıb.

Tərəflər növbəti görüşün Türkiyədə keçirilməsi barədə razılığa gəlib.

Nazirlərin birgə mətbuat konfransında Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, üçtərəfli görüşdə Fələstin-İsrail məsələsi müzakirə edilib.

“Biz bəyan etmişik ki, ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarını qəbul edə bilmərik," o qeyd edib.

Nazir deyib ki, bununla bağlı dekabrın 21-də BMT Baş Assambleyası tərəfindən qətnamə layihəsinin qəbul edilməsi təklif olunub.

"Azərbaycan, İran və Türkiyə qətnamənin lehinə səs verəcək. Azərbaycanın Qüdslə bağlı mövqeyi Azərbaycan prezidenti tərəfindən İstanbulda səsləndirilib və o çağırış edib ki, ABŞ bu məsələyə bir daha baxsın. Azərbaycanln mövqeyi beynəlxalq ictimaiyyətin 2 dövlət prinsipi ilə bağlı mövqeyi ilə üst-üstə düşür".

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif də Elmar Məmmədyarovun Qüdslə bağlı mövqeyini dəstəkləyir və ölkəsinin Qüdsün İsrailin paytaxtı elan edilməsi barədə ABŞ prezidentinin fikirlərini qəbul etmədiyini bildirib.

Üç ölkə arasında elektrik enerjisi mübadiləsi də gündən-günə artır. Qərara gəlmişik ki, növbəti görüşə özəl və iqtisadi sektoru da dəvət edək.

"Tranzit, enerji və turizm sahələrində əməkdaşlığın inkişaf etdirilməsini müzakirə etdik. Qərara gəldik ki, Azərbaycanla əlaqələrimizdə özəl sektorun payını da inkişaf etdirək".

Nazirlər enerji sahəsində əməkdaşlığın genişləndirilməsində də eyni mövqedən çıxış edib.

Məmmədyarov bildirib ki, TANAP qaz kəməri gələn il istifadəyə verəcəyik.

"Üç ölkə arasında elektrik enerjisi mübadiləsi də gündən-günə artır. Qərara gəlmişik ki, növbəti görüşə özəl və iqtisadi sektoru da dəvət edək".

Öz növbəsində Cavad Zərif bildirib ki, Azərbaycan və İran enerji resursları baxımından önəmli ölkələrdir.

Bu zaman Çavuşoğlu əlavə edib ki, Türkiyə hər iki ölkədən təbii qaz və neft alır.

“Aldığımız neft və qazın həcmini artırmaq istəyirik. Gələn il TANAP bitəcək. İran qazının da beynəlxalq aləmə çıxması istiqamətində çalışırıq. Enerji sahəsində əlaqələri daha da inkişaf etdirə biləcəyimizi düşünürük”, o qeyd edib.

Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı suallara Türkiyə və Azərbaycan xarici işlər nazirləri cavab verib.

Məmmədyarov bildirib ki, münaqişənin həlli ilə bağlı dekabrın əvvəllərində Vyanada 8 saat danışıqlar aparılıb.

O, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün 2018-ci ilin yanvarında olacağını deyib.

"Həmsədrlər görüşün tarixi ilə bağlı elan verəcəklər. Lakin görüşün gələn il yanvarın ortasında keçirilməsinə dair razılıq var".

Azərbaycan Türkiyə XİN nazirləri
Azərbaycan Türkiyə XİN nazirləri

Nazir bildirib ki, görüş Avropa ölkələrindən birində baş tutacaq.

"Vyanada müxtəlif fikir mübadilələri apardıq. Həmsədrlər müzakirələri dəyərləndirəcəklər və qərar verəcəklər. Mən hətta demişəm ki, iki gün də danışıq aparmağa razıyam. Əsas odur, nəticə olsun", o qeyd edib.

Mövlud Çavuşoğlu deyib ki, Ermənistan "həm suçlu, həm də güçlü olmaq" istəyir.

“Bu ölkə Azərbaycan torpaqlarının 20 faizini işğal edib. Xocalı faciəsi ortadadır. Biz münaqişənin Azərbaycanın qəbul etdiyi həll formulunu dəstəkləyirik".

O bildirib ki, Ermənistan qonşuları ilə necə davranmalı olduğunu bilməlidir.

"Ermənistana şərt irəli sürdük ki, işğal edilmiş torpaqları azad edəcək və bundan sonra münasibətlər normallaşacaq. Ermənistan tərəfindən verilən açıqlamaların bizim üçün heç bir hökmü yoxdur", nazir deyib.

Ermənistan və Türkiyə arasında 2009-cu ildə İsveçrədə imzalanan protokolların taleyi barədə sualı cavablandıran nazir xatırladıb ki, Ermənistan həmin protokolları öz Konstitusiya Məhkəməsinə təqdim edib və məhkəmə sənədlərin bəzi önəmli maddələrini oradan çıxarıb.

“Bu razılaşmanı Ermənistan rəfə qoysa və ya ləğv etsə, nə olacaq ki? Bizim şərtimizi yerinə yetirmədiyi müddətcə bu razılaşmanın həyata keçməsi mümkün deyil”, o qeyd edib.

Suriya probleminə gəlincə, Mövlud Çavuşoğlu deyib ki, Astana prosesi Suriyada atəşin dayandırılması baxımından böyük rol oynayıb.

“Bu faydalı prosesi davam etdirəcəyik".

O, Türkiyənin Cenevrə prosesini dəstəklədiyini bildirib.

"Lakin son görüşdə nəticə əldə olunmadı. İndi siyasi həllə köklənməliyik. Davamlı həll yalnız siyasi yolla mümkündür. Bunun üçün terror təşkilatlarından başqa bütün tərəflər görüşməlidir. Soçi sammitində belə bir qərar alındı. Həmçinin, ölkə seçkilərə hazırlanmalıdır. Demokratik, şəffaf ədalətli seçki olmalıdır. Ölkənin bunun üçün Konstitusiyaya ehtiyacı var. Bu isə Suriya xalqı tərəfindən hazırlanmalı və müzakirə edilməlidir. Bizim məqsədimiz Suriyada xaosu bitirmək, ölkəyə təkrar sülh və sabitlik gətirməkdir".

Azərbaycan Türkiyə İran
Azərbaycan Türkiyə İran

Azərbaycan, İran və Türkiyə xarici işlər nazirləri birgə bəyannamə qəbul edib
please wait

No media source currently available

0:00 0:01:36 0:00

XS
SM
MD
LG