Accessibility links

Azərbaycan və Fransa xarici işlər nazirləri görüşüb


Elmar Məmmədyarov və Jan-İv Lö Drian
Elmar Məmmədyarov və Jan-İv Lö Drian

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov
Fransaya işgüzar səfəri çərçivəsində Fransanın xarici işlər naziri Jan-İv Lö Drian ilə görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüşdə nazirlər Azərbaycan və Fransa arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə edib və siyasi əlaqələrin daha da dərinləşdirilməsində yüksək səviyyəli səfərlərin vacibliyini vurğulayıb.

Tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə toxunub. Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsi üzrə danışıqlar prosesinin son statusu haqqında həmkarına məlumat verib.

O, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq münaqişənin həllində irəliləyişə nail olmaq üçün Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı olduğunu vurğulayıb.

Elmar Məmmədyarov və Jan-İv Lö Drian
Elmar Məmmədyarov və Jan-İv Lö Drian

Məlumatda deyilir ki, Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçılarının dəfələrlə bəyan etdiyi kimi mövcud status-kvonun qəbuledilməz və qeyri-davamlı olduğunu vurğulayıb.

“Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən həyata keçirilən qeyri-qanuni əməllərə toxunan Elmar Məmmədyarov işğal olunmuş ərazilərdə Suriyadan olan ermənilərin yerləşdirilməsi, Azərbaycan xalqının maddi-mədəni irsinin talan və məhv edilməsi və ermənilərin heç vaxt yaşamadığı Cəbrayılda kilsənin tikilməsi kimi faktlara diqqəti çəkib”, məlumatda qeyd edilir.

Elmar Məmmədyarov Azərbaycanın münaqişənin mərhələli şəkildə tezliklə həll edilməsi üçün substantiv, intensiv və məntiqi danışıqların tərəfdarı olduğunu bildirib və bu xüsusda həmsədrlərlə birgə səyləri davam etdirəcəyini deyib.

Nazirlər Azərbaycan və Fransa arasında iqtisadi sahədə əməkdaşlığın inkişafını təqdir edir və iki ölkə arasında ticarət dövriyyəsinin artırılması istiqamətində birgə səylərin daha da artırılmasının önəmini vurğulayıb.

Nazirlər həmçinin iki ölkə arasında iqtisadi əməkdaşlıq əlaqələrinin gücləndirilməsində Azərbaycan-Fransa İqtisadi Komissiyasının rolunu və komissiyanın iclaslarının mütəmadi əsasda keçirilməsinin iqtisadi əlaqələrə müsbət təsirini qeyd edib.

Azərbaycanda Fransanın 50-dən çox şirkətinin fəaliyyət göstərdiyini bildirən Elmar Məmmədyarov Fransanın ölkəsinin neft və qaz sektorunda “Total Fina Elf”, “Total E&P Absheron” və “GDF Suez E&P” şirkətləri ilə təmsil olunduğunu bildirib. Bu xüsusda, Azərbaycanın təşəbbüskarı və iştirakçısı olduğu irimiqyaslı enerji və infrastruktur layihələri barəsində məlumat verib.

Elmar Məmmədyarov Azərbaycan hökuməti tərəfindən qeyri-neft sektorunun inkişafına xüsusi diqqət ayrıldığını bildirib və İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT) sahəsinin Azərbaycanın prioritet sahələrinin sırasında, Fransanın isə bu sahədə aparıcı ölkələrdən biri olduğunu nəzərə alaraq, iki ölkə arasında İKT sahəsində əməkdaşlığın inkişafının vacibliyini diqqətə çatdırıb. O həmçinin Azərbaycanın ilk telekommunikasiya peyki - Azerspace-1 Fransanın “Arianespace” şirkətinin “Ariane-5” raketi ilə 2013-cü ilin fevralında Fransız Qvianasındakı kosmodromdan uğurla orbitə çıxarıldığını xatırladıb və “Arianespace” şirkəti ilə imzalanmış müqavilə əsasında, Azərbaycanın Azerspace-2 ikinci telekommunikasiya peykinin 2018-ci ilin əvvəlində orbitə çıxarılmasının gözlənildiyini deyib.

Görüşdə həmçinin iki ölkə arasında humanitar sahədə əməkdaşlıq, müqavilə-hüquq bazasının genişləndirilməsi, eləcə də beynəlxalq gündəmin qarşılıqlı maraq doğuran məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG