Accessibility links

Oqtay Gülalıyev: Müstəqil mətbuata qarşı total hücum davam edir [Video]


Oqtay Gülalıyev: Müstəqil mətbuata qarşı total hücum davam edir
please wait

No media source currently available

0:00 0:05:20 0:00

Hüquq müdafiəçisinin Amerikanın Səsinə müsahibəsi

Siyasi Məhbusların Müdafiə Mərkəzinin koordinatoru Oqtay Gülalıyev Amerikanın Səsinə müsahibəsində insan hüquqlarının durumu və media azadlığından danışıb.

Amerikanın Səsi: Azərbaycan rəsmiləri ölkədə insanların əqidəsinə, fikrinə görə təqib olunmadığını bildirir. Sizin təşkilat isə ölkədə 161 “siyasi məhbus”un olduğunu elan edib. İnsanları “siyasi məhbus” elan edəndə hansı meyarlara əsaslanırsınız?

Biz siyasi məhbusları həm bu kriteriyaya əsasən müəyyənləşdiririk, eyni zamanda onların ictimai-siyasi fəaliyyətində təqiblərə, repressiyalara məruz qalmasını əsas götürürük.

Oqtay Gülalıyev: Azərbaycan hakimiyyəti bildirir ki, ölkədə insanlar siyasi baxışlarına görə təqib olunmur. Bu, tamamilə yanlış fikirdir. Sizin də qeyd etdiyiniz kimi, mənim təmsil olunduğum Siyasi Məhbusların Müdafiə Mərkəzinin bu yaxınlarda açıqladığı siyasi məhbus siyahısında 161 nəfərin adı var. Eyni zamanda, araşdırma altında olan bəzi şəxslər də var. Yəni, Azərbaycanda insanlar ictimai-siyasi fəaliyyətinə, baxışlarına görə təqib olunurlar. Bu, birmənalı şəkildə belədir. Digər tərəfdən, biz siyasi məhbusları hansı kriteriyalar əsasında müəyyənləşdiririk sualna gəldikdə isə bildirirəm ki, Avropa Şurası Parlament Assambleyasının 2012-ci il oktyabr tarixli 100 saylı qətnaməsi var. Həmin qətnamədə siyasi məhbus kriteriyaları müəyyənləşib. Biz siyasi məhbusları həm bu kriteriyaya əsasən müəyyənləşdiririk, eyni zamanda onların ictimai-siyasi fəaliyyətində təqiblərə, repressiyalara məruz qalmasını əsas götürürük.

Amerikanın Səsi: Freedom House təşkilatı Azərbaycanı qeyri-azad ölkələr siyahısına daxil edib. Siz necə düşünürsünüz?

Oqtay Gülalıyev: Təşkilatın hesabatı ilə qismən tanışam. Həqiqətən, hesab edirəm ki, Azərbaycan qeyri-azad ölkələr siyahısındadır. Çünki ölkədə vətəndaş cəmiyyəti demək olar ki, sıradan çıxarılıb, müstəqil qeyri-hökumət təşkilatlarının fəaliyyəti qeyri-rəsmi səviyyədə qadağan edilib, azad mətbuat çökdürülüb, insanlar kütləvi şəkildə həbs olunur, təqiblərə məruz qalır, işdən çıxarılır və digər demokratik təsisatlar bir institut kimi sıradan çıxarılıb. Bu baxımdan hesab edirəm ki, hesabatda göstərildiyi kimi Azərbaycan, həqiqətən, nə qədər acınacaqlı olsa da qeyri-azad ölkələr siyahısında yer almaqdadır.

Amerikanın Səsi: Azərbaycan son dövrlər media azadlığı və jurnalistlərin həbsi ilə bağlı daha çox beynəlxalq tənqidlərə məruz qalır. Tənqidlərin azaldılması üçün ölkədə hansı addımlar atılmalıdır?

Oqtay Gülalıyev: Həqiqətən, beynəlxalq jurnalist birliklərinin açıqladığı siyahıda Azərbaycan həbsdə olan jurnalistlərin sayına görə dünya ölkələri arasında ilk beşlikdə qərarlaşıb. Bu, çox acınacaqlı bir rəqəmdir. Məlumat üçün qeyd edim ki, hazırda həbsdə olan 161 siyasi məhbusun 15 nəfərdən çoxu jurnalist və blogerdir. Eyni zamanda, təqiblər bu gün də davam edir. Bir neçə gün bundan öncə Əfqan Muxtarlı haqqında absurd məhkəmə qərarı çıxarıldı. O, Balakən Rayon Məhkəməsinin qərarı ilə 6 il azadlıqdan məhrum olundu. Təəssüflər olsun ki, Əfqan Muxtarlını ölkəyə oğurlayıb gətirənlər cinayət məsuliyyətindən kənarda qaldı, amma bunun bədəlini Əfqan Muxtarlıya ödətdilər. Təbii ki, bu, onun araşdırma yazıları və ictimai-siyasi fəaliyyəti ilə bağlıdır. Eyni zamanda keçən ilin avqustunda Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev şərlənərək həbs olundu. Yaxşı ki, yerli və beynəlxalq ictimaiyyətin təkidli tələbindən sonra o, qısa zamanda azadlığa çıxdı və ona qarşı irəli sürülən ittihamlar ləğv olundu. Eyni zamanda, son bir neçə ayda əldə etdiyim məlumata görə, ölkə daxilində otuza yaxın informasiya saytına giriş bloklanıb. Bu siyahını artırmaq olar. Bütün bunlar onu göstərir ki, Azərbaycanda media azadlığı yox səviyyəsindədir, xüsusən müstəqil mətbuata qarşı başlanmış total hücum bu gün də davam edir. Hesab edirəm ki, bu, birbaşa Prezident Aparatından, ona yaxın qurumlar tərəfindən idarə olunur və həmin şəxslər tərəfindən də həyata keçirilir. Ölkədə vəziyyəti dəyişmək üçün köklü dəyişikliklər olmalıdır. O cümlədən mətbuata olan basqılar aradan qaldırılmalıdır.

Amerikanın Səsi: Azərbaycanda insan haqlarının durumu ilə bağlı beynəlxalq ictimaiyyətin diqqəti yetərlidirmi?

Azərbaycanda baş verən ictimai-siyasi proseslərə, həbslərə, repressiyalara beynəlxalq təşkilatların münasibəti daha adekvat olmalıdır.

Oqtay Gülalıyev: Bu suala birmənalı cavab vermək çətindir. Çünki beynəlxalq təşkilatlar vaxtaşırı olaraq Azərbaycanda insan haqlarının pozulduğunu, demokratik dəyərlərin tapdandığını, insanların ictimai-siyasi fəaliyyətinə görə şərlənib həbs olunduğunu dəfələrlə qeyd edir və onların azadlığa çıxmasını qeyd edirlər. Amma düşünürəm ki, daha təsirli vasitələrə əl atılmalıdır və daha ciddi addımlar atılmalıdır. Konkret olaraq bir nümunə deyim. Əfqan Muxtarlının Tbilisidən oğurlanıb Bakıya gətirilməsini Amerika Dövlət Departamenti, Avropa Parlamenti başda olmaqla dünyanın əksər nüfuzlu təşkilatları qeyd etdi. Əgər bir jurnalist oğurlanıb ölkəyə gətirilirsə və bu siyasət dövlət səviyyəsində həyata keçirilirsə nəyə görə həmin təşkilatlar bu olaya yalnız bəyanat verməklə kifayətlənirlər? Hesab edirəm ki, ciddi addımlar atılmalıdır və ən azı Əfqan Muxtarlı olayında iştirak edən, oğurluq hadisəsinin iştirakçıları, onu mühakimə edənlər və cəza verənlər haqqında daha ciddi addımlar atılmalıdır, o cümlədən onlar ən azı sanksiyalara məruz qalmalıdır. Çünki bu şəxslər ortadadır, oğurlayanlar da, mühakimə edənlər də, cəza verənlər də, yəni burada başqa bir şey axtarmağa ehtiyac yoxdur. O baxımdan düşünürəm ki, Azərbaycanda baş verən ictimai-siyasi proseslərə, həbslərə, repressiyalara beynəlxalq təşkilatların münasibəti daha adekvat olmalıdır.

XS
SM
MD
LG