Yanvarın 31-də Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurucularından Məhəmməd Əmin Rəsulzadənin 134-cü doğum günü münasibəti ilə Müsavat Partiyasının və Milli Şuranın üzvləri onun Novxanı kəndindəki abidəsi önündə mitinq keçirib.
Müsavat Partiyasının tərəfdarları kəndin girişindən abidənin önünə gələnə kimi yürüş ediblər. Onlar "Müsavat", "Rəsulzadə", "Qarabağ", "Azadlıq" şüarları səsləndiriblər.
Daha sonra abidənin önünə əklil qoyublar.
Tədbirin aparıcısı, Müsavat Partiyası başqanının müavini Səxavət Soltanlı deyib ki, bu il xüsusi önəm daşıyır, çünki Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 ili tamam olur.
Aksiyanın gedişində həbsdə olan siyasi fəallara, jurnalistlərə azadlıq şüarı səsləndirilib.
Müsavat Partiyasının başqanı Arif Hacılı çıxışında M.Ə.Rəsulzadənin xidmətlərindən bəhs edib. O deyib ki, Azərbaycan yaşadıqca, M.Ə.Rəsulzadənin adı da daim yaşayacaq.
Müsavat başqanı bu il keçiriləcək prezident seçkilərinə toxunub. A.Hacılı vurğulayıb ki, bu prezident seçkisində cümhuriyyətin gerçək dəyərlərini bərpa etmək niyyətindədirlər. "Bu il seçkilərdə Müsavat ideologiyası mütləq qalib gələcək".
A.Hacılı ölkədə 3-cü Respublikanın qurulması zamanının yetişdiyini və bunun üçün xalqın potensialı olduğunu bildirib.
“Təkcə mövcud avtoritar rejim buna imkan vermir ki, ölkə öz adi məcrasına qayıtsın, bunu da bu ilki seçiklərdə etməyə səy göstərəcəyik”, deyə Müsavat başqanı qeyd edib.
A.Hacılı indki hakimiyyəti qeyri-səmimilikdə ittiham edib.
“Sözdə cümhuriyyətin dəyərlərinə sadiq olduqlarını deyirlər, əslində isə cümhuriyyət dəyərləri uğrunda mübarizə aparan şəxsləri həbslərə atırlar, odur ki, biz mübarizəmizlə ölkədə cümhiriyyət dəyərlərini bərpa edəcəyik”.
Çıxışlarda Müsavat Partiyasının prezidentliyə namizədi İsa Qəmbərin salamları tədbir iştirakçılarına çatdırılıb.
Daha sonra Rəsulzadənin doğum günü ilə bağlı Milli Şuranın yürüşü keçirilib.Yürüşdə AXCP sədri Əli Kərimli və Milli Şuranın sədri Cəmil Həsənli abidənin önünə çiçəklər qoyub. Onlar abidənin qarşısında ənənəvi olaraq nitq söyləyib.
Çıxışlarda Rəsulzadənin dövlətçilik ənənələrini bundan sonra da davam etdirəcəklərini bildiriblər.
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü İbrahim İbrahimli çıxışında cümhuriyytin baş naziri Nəsibbəy Yusifbəylinin pul təmənnası ilə atasına məktubunin xatırladıb.
“Cümhuriyyət dövründə xalqdan rüşvət götürməyən baş nazir, indi xalqın varını talan edən hakimiyyət var” deyə İ.İbrahimli iki hakimiyyət arasında fərqi müqayisə aparıb.
“100 il əvvəl, Məhəmməd Əmin Rəsulzadənin liderliyi dövründə Azərbaycan dünyada 22 demokratik dövlətdən biri idi. 100 il sonra, indiki hakimiyyət dövründə isə Azərbaycanın adı ancaq beyənlxalq “qara siyahı”lardadır”, AXCP fəalı İlham Hüseyn deyib.
Azərbaycan Xalq Cəbhəsi Partiyasnın sədri Əli Kərimli M.Rəsulzadənin böyük milli lider olduğunu xatırladıb.
“M.Rəsulzadənin şah əsəri olan Azərbaycan Cümhuriyətinin 100 illiyidir. Bu il həm də Azərbaycan milli-azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin anadan olmasının 80 illiyidir. Odur ki, sizləri cümhuriyyət dəyərləri uğrunda ciddi mübarziəyə dəvət edirəm”, o qeyd edib.
AXCP lideri iqtidarı kəskin tənquisd edib.
“Bir tərəfdə hakimiyyəti xalqın xidmətinə gətirən cümhuriyyət var, digər tərəfdə xalqın hakimiyyətini mənimsəyən iqtidar, bir tərəfdə xalqa xidmət edən zehniyyət var, digət tərəfdə xalq malını talan edənlər. Bir tərəfdə azadlıq düşüncə tərzi var, digər tərəfdə avtoritar hakimiyyət”, Kərimli deyib.
Milli Şuranın sədri Cəmil Həsənli mövcud hakimiyyəti cümhuriyyət liderlərinə sayğısızlıqda ittiham edib.
“Hara baxırsan heykəllər qoyurlar, amma bu hakimiyyətin ləyaqəti çatmadı ki, cümhuriyyət qururcuları olan babalara heykəl qoysunlar, bir heykəl qoymağa yer tapılmır”.
Çıxışlar zamanı dəfələrlə elektrik enerjisinin verilməsində problemlər yaranıb və bu səbəbdən natiqlərin mikrofonu sönüb.