Accessibility links

«Müsəlman Birliyi» Hərəkatının daha iki üzvü – Samir Babayev və Mahir Quliyev həbs olunub.

Bu barədə AzadlıqRadiosuna dindar fəalların ailə üzvləri məlumat verib. Bildiriblər ki, Maştağa sakini olan S.Babayev fevralın 3-də Sabunçu rayonu, 14-cü polis bölməsinə çağrılaraq saxlanılıb.

Yaxınlarının sözlərinə görə, Samirdən heç bir xəbər çıxmadığını görüb özləri də polis bölməsinə gediblər. Onlara deyilib ki, S.Babayevə 60 sutka inzibati həbs cəza verilib. O, İnzibati Xətalar Məcəlləsinin 206-cı (narkotik vasitələrin, psixotrop maddələrin satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) maddəsi ilə təqsirli bilinib. İddia olunur ki, S.Babayevin üzərindən narkotik tapılıb.

Həbs olunan digər dindar fəal M.Quliyevə isə 30 sutka inzibati həbs cəzası verilib. O, polisin qanuni tələbinə tabe olmamaqda günahlandırılır.

M.Quliyev 2015-ci il noyabrın 26-da Nardaranda ikisi polis olmaqla, altı nəfərin öldüyü əməliyyat zamanı həbs olunub, 14 il 6 ay azadlıqdan məhrum edilmiş Abbas Quliyevin qardaşıdır.

Hər iki dindar fəalın yaxınları onların uzun müddətdir təqib altında olduğunu və saxta ittihamla həbs edildiklərini deyirlər.

Dindarların həbsi ilə bağlı rəsmi məlumat verilməyib.

S.Babayev 2017-ci il oktyabrın 5-də də polisə tabe olmamaq suçlaması ilə saxlanmış və ona 30 sutka həbs cəzası verilmişdi. Həmin həbs qərarından verilmiş apellyasiya şikayətinə baxılarkən S.Babayev məhkəmədə bildirmişdi ki, ona Sabunçu Rayon Polis İdarəsində işgəncə verilib - bədəninə cərəyan qoşulub, dəyənəklə döyülüb, təhqir olunub.

Ağır cinayətlərdə ittiham olunan Taleh Bağırov və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. Bağırov və onun müavini Abbas Hüseynov 20 il, Cabbar Cabbarov 19, Rasim Cəbrayılov 17, Nardaran hadisələri ilə bağlı Facebook səhifəsində qanunsuz çağırışlar etməkdə günahlandırılaraq həbs olunan AXCP sədrinin müavini Fuad Qəhrəmanlı 10 il həbs alıb. Saxlanarkən yetkinlik yaşına çatmamış Ramin Yarıyev 10 il, qalan 12 nəfərin hər biri isə 14 il 6 ay azadlıqdan məhrum ediliblər.

Bu günlərdə şərti adı "Nardaran işi-3" olan prosesdə də təqsirləndirilənlərə hökm oxunub. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrlik etdiyi Səbuhi Hüseynov və Azad Məcidovdan ibarət hakimlər kollegiyasının hökmü ilə 12 nəfərə ümumilikdə 160 il 9 ay həbs cəzası verilib. Ayrı-ayrılıqda Zülfüqar Mikayılov 17 il, Elman Ağayev 13 il, M.Quliyev 13 il, M.Məmmədov 12 il 3 ay, E.Bünyadov 12 il 3 ay, E.Ağayev 13 il, E.Həsənov 12 il 3 ay, F.Allahverdiyev 13 il, R.Seyfullayev 13 il, M.İbrahimov 13 il, R.İsmayılov 15 il, C.Əliyev 14 il azadlıqdan məhrum edilib.

Cəzalandırılan dustaqlar da daxil, daha 12 nəfərin məhkəməsi də yekunlaşmaq üzrədir. Onlar məhkəmədə son sözlərini deyirlər. Ardınca hökm oxunacaq. Prokuror 12 nəfərə 13 ildən 16 ilə qədər həbs cəzası istəyib.

"Nardaran məhbusları" məhkəmədə deyiblər ki, tutularkən və ondan sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ağır işgəncələrə məruz qalıblar. Ancaq idarənin əməkdaşları məhkəmədə dindirilərkən işgəncə iddialarını təkzib ediblər.

XS
SM
MD
LG