Fevralın 6-da Bakı Apellyasiya Məhkəməsində hakim Əmir Bayramovun sədrliyi ilə Kanal13 internet televiziyasının icraçı direktoru Əziz Orucovun apellyasiya şikayətinə ilkin baxış olub. Məhkəmə baxışı fevralın 20-nə təyin edilib.
Əziz Orucov 2017-c il mayın 2-də polisə müqavimət ittihamı ilə saxlanılıb, ona məhkəmə 30 sutka inzibati həbs cəzası verib. İyunun 1-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində jurnalistə qarşı Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Orucov 6 il müddətinə azadlıqdan məhrum edilib.
Jurnalist ittihamları qəbul etmir, sifarişli hesab edir.
Vəkillər Cavad Cavadov, Bəhruz Bayramov, Əlibaba Rzayev bu günki məhkəmədə jurnalistin şüşə kameradan (akvarium) çıxarılaraq müdafiəçilərinin yanında oturdulması, apellyasiya baxışının audio və video yazısının aparılması, cinayət işinə xitam verilməsi, həbs qətimkan tədbirinin ev dustaqlığı və ya girov müqabilində ev dustaqlığı ilə əvəz edilməsi, nəhayət məhkəmə baxışının məhkəmə istintaqı ilə aparılması barədə vəsatətlər verib.
Dövlət ittihamçısı vəsatətlərin təmin edilməməsini sədrlik edəndən xahiş edib.
Hakimlər kollegiyası vəsatətlərin heç birini təmin etməyib və məhkəmə baxışınlı təyin edib.
Hakim Əmir Bayramov bildirib ki, vəsatətlər əsasən məhkəmə baxışının predmetidir və baxış zamanı vəsatətlərə yenidən qayıdıla bilər.
Vəkil Cavad Cavadov deyib ki, birinci instansiya məhkəməsi belə jurnalistin müdafiəçilərinin yanında oturması ilə bağlı vəsatəti təmin edib.
“Əziz Orucovla bağlı cinayət işinə xitam verilməli, birinci instansiya məhkəməsinin hökmü ləğv olunmalı və o azadlığa buraxılmalıdır. Orucovun əməlində ona qarşı irəli sürülmüş qanunsuz sahibkarlıq ittihamının tərkibi yoxdur, vəzifə səlahiyyətlərindən sui-istifadə halları ittihamının tərkibi isə ümüumiyyətlə yoxdur. Əziz Orucov qrant almayıb, hər hansı qrant müqaviləsini imzalamayıb, Qafqaz Media Mərkəzinə rəhbərlik etməyib”, vəkil qeyd edib.
Orucovun anası Almaz Həsənova da məhkəmə zalında olub. Ananın oğlu ilə görüşməsinə imkan verilməyib.
“Mənim oğlum Əzizdən qardaşı Anarın intiqamını alırlar. Oğlum azad sözün qurbanıdır”, Həsənova qeyd edib.