Accessibility links

İlham Əliyev: Müstəqilliyi qorumaq qazanmaqdan daha çətindir [Video]


İlham Əliyev:Müstəqilliyi qorumaq qazanmaqdan daha çətindir
please wait

No media source currently available

0:00 0:01:41 0:00

"İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması" mövzusunda VI Qlobal Bakı Forumu işə başlayıb

Martın 15-də "İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması" mövzusunda VI Qlobal Bakı Forumu işə başlayıb.

Üç gün davam edəcək tədbirə 50-dən çox ölkədən 500-dək nümayəndənin qatıldığı bildirilir.

Azərbaycan prezidenti İlham Əliyev və xanımı, Birinci vitse-prezident Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak edib.

Forumda Azərbaycan prezidenti İ.Əliyev nitq söyləyib. Dövlət başçısı xatırladıb ki, bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd ediləcək.

Bakıda Qlobal Forum
Bakıda Qlobal Forum

"İlk dəfə Şərqdə Azərbaycan xalqı 100 il əvvəl demokratik cəmiyyət quruculuğunu həyata keçirib. İlk dəfə Şərqdə qadınların səsvermə hüququ təmin edilib və bir çox Avropa ölkələrindən əvvəl qadınlara səs hüququ verilib. Ancaq təəssüf ki, iki il sonra Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinə son qoyulub. Müstəqilliyi qorumaq qazanmaqdan daha çətindir. Bu gün Cümhuriyyətin qurucuları Azərbaycanı görsələr, fəxr edərdilər. Biz də Cümhuriyyətin qurucuları ilə fəxr edirik".

Prezident Əliyev Azərbaycanın iqtisadi sahədə uğurlarından, regional enerji və nəqliyyat-loqistika layihələrinin həyata keçrildiyini bildirib.

"Hazırda 7 ölkəni birləşdirən Cənub Qaz Dəhlizi layihəsi uğurla icra olunur. Bu layihəyə 40 milyard dollar sərmayə qoyulacaq. Boru kəmərləri Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsinə öz töhfəsini verir. Milli təhlükəsizlik bir çox hallarda enerji təhlükəsizliyindən asılıdır. Azərbaycan nefti Avropada bəzi ölkələrini neftə tələbatının 40 faizini təmin edir".

Bakıda Qlobal Forum
Bakıda Qlobal Forum

Əliyev Dağlıq Qarabağ münaqişəsindən danışarkən mövcud status-kvonun qəbuledilməz olduğunu deyib.

"Münaqişə beynəlxalq hüquq normaları, ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Ermənistan 20 ildən artıqdır, BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirmir. Avropa Şurası və digər beynəlxalq qurumlar da müvafiq qərarlar qəbul edib. Ermənistan isə işğal etdiyi torpaqları azad etmək istəmir. Ermənistan Dağlıq Qarabağ və ətraf 7 rayonu işğal edib. Lakin status-kvo qəbuledilməzdir. ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərinin başçıları da bunu bəyan ediblər. Ermənistan qoşunları dərhal işğal olunmuş torpaqlardan çıxmalı, azərbaycanlılar o torpaqlara qayıtmalıdır. Münaqişə yalnız BMT qətnamələrinə, Helsinki Yekun Bəyannaməsinə uyğun həll edilməlidir", o qeyd edib.

Forumda Türkiyə baş naziri Binəli Yıldırım da çıxış edib. O deyib ki, Türkiyə 3 milyondan çox suriyalı qaçqına ev sahibliyi edir. Ancaq dünya bu böhranı aradan qaldıra bilmir.

"Biz səylərimizi birləşdirməliyik, Qarabağda, Suriyada, İraqda və digər yerlərdə törədilən qətliamları unutmamalıyıq. "Qarabağda yaşananlar bizim məsələlər deyildir” deyə bilmərik. Haqsızlığa səssiz qalmaq olmaz”, Yıldırım qeyd edib.

B. Yıldırım bildirib ki, ikili standartlara son qoyulmalıdır.

"Dağlıq Qarabağ Azərbaycanın qanayan yarasıdır. Azərbaycanın 20 faiz torpaqları işğal olunub, 1 milyondan çox insanı qaçqın və məcburi köçkün düşüb. BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, digər beynəlxalq təşkilatların qərarlarına baxmayaraq, münaqişə hələ də həllini tapmayıb. İnanıram ki, gec-tez haqq yerini tapacaq, yanlışlığa yol verənlər cavablarını alacaqlar".

B.Yıldırım Bakı-Tbilisi-Qars dəmir yolu xəttindən də danışıb. O qeyd edib ki, Qafqaz regionunun təhlükəsizliyi üçün Gürcüstan, Azərbaycan və Türkiyə birgə addımlar atır.

Bakıda Qlobal Forum
Bakıda Qlobal Forum

“Regionda bir sıra beynəlxalq layihələr həyata keçirilir. Bakı-Tbilisi-Qars dəmiryol xətti vasitəsilə Çindən Londona qədər kəsintisiz əlaqə yaradılacaq. Buna bənzər layihələrin sayı artdıqca, regionda təhlükəsizlik möhkəmlənəcək”, baş nazir deyib.

B.Yıldırım Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin növbəti toplantılarından birinə Türkiyənin ev sahibliyi etmək istədiyini bildirib.

Forum çərçivəsində martın 18-i və 19-da VII Beynəlxalq Kitab Sammiti təşkil olunacaq. ABŞ Konqres Kitabxanasının və Misirin İsgəndəriyyə Kitabxanasının birgə təşəbbüsü ilə keçiriləcək sammitdə milli inkişafda, mədəni irsin qorunmasında kitabın əhəmiyyəti müzakirə olunacaq.

Qlobal Bakı Forumu 2013-cü ildən fəaliyyətə başlayıb. Forumun təşkilatçısı Nizami Gəncəvi Beynəlxalq Mərkəzidir.

XS
SM
MD
LG