Accessibility links

Elmar Məmmədyarov: İraqdakı azərbaycanlıların gətirilməsi ilə bağlı işlər davam etdirilir


Elmar Məmmədyarov
Elmar Məmmədyarov

"İraqda olan azərbaycanlıların Azərbaycana gətirilməsi ilə bağlı işlər davam etdirilir". Bu barədə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərə deyib.

Nazir bildirib ki, Iraq tərəfinin bu məsələdə kömək etməyə hazır olduğunu bəyan etməsinə baxmayaraq, istintaq aparılır. Onun sözlərinə görə, bu məsələ Azərbaycandan asılı deyil.

“İraq hökuməti də burada istintaq aparmalıdır ki, onlar kimlərdir, hansı terror qruplaşmalarına qoşulublar və s. Yəni iş gedir, düzdür çətin və vaxt aparan prosesdir, amma bu istiqamətdə işlər davam etdirilir”.

Nazir İradakı uşaqlarla bağlı da araşdırma aparıldığını deyib.

"Öyrənirik ki, onların Azərbaycanda qohumları var, ya yoxdur. Bu isə vaxt tələb edir. Biz artıq İraqa, ora nümayəndə heyəti göndərmişik, görüşlər keçirilir", nazir bildirib.

Bir müddət əvvəl İraqlı deputat Vian Daxil özünün “Twitter” səhifəsində yazıb ki, İraq ordusu İŞİD-lə əlaqədə şübhəli bilinən 512 Rusiya və 200 Azərbaycan vətəndaşı olan qadın saxlayıb. Deputatın bildirdiyinə görə, saxlanılan qadınlar həbsxanaya yerləşdirilib. Daxil qadınların harada və nə vaxt saxlanıldığını açıqlamayıb.

2017-ci il oktyabrın 12-də İŞİD-in işğalından azad edilən ərazilərdə tapılan bir azərbaycanlı uşaq Azərbaycana gətirilib.

2017-ci il oktyabrın 30-da Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, İraqda saxlanılan azərbaycanlı qadın və uşaqlarla Xarici İşlər Nazirliyi ilə bərabər Daxili İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məşğuldur.

Nazir deyib ki, ilk növbədə İraq hökuməti ilə birgə həmin insanların bu ölkəyə necə getməsi, hansı işlə məşğul olmaları və gələcək taleləri müzakirə olunacaq.

"Bu məsələ Bağdaddakı səfirliyimiz və konsulluğumuzun daimi diqqət mərkəzindədir. Bu məsələnin hər birinə fərdi qaydada baxılacaq. İstənilən insanı sadəcə, götürüb ölkəyə gətirmək olmaz. İlk növbədə müvafiq hüquqi məsələlər müəyyənləşdirilməlidir. İraqda 100-dən bir az çox qadın və uşaq var. Bir ay ərzində bu siyahı tam dəqiqləşəcək", Məmmədyarov 2017-ci il oktyabrın 30-da deyib.

XS
SM
MD
LG