Accessibility links

Müxalifət "Xalqın seçki hüququnu özünə qaytar!" şüarı ilə mitinq keçirib [Video & Fotoqalereya]


Mitinqdə seçkilərin nəticələrinin ləğv edilməsi tələb edilib

Müxalifət "Xalqın seçki hüququnu özünə qaytar!" şüarı ilə mitinq keçirib
please wait

No media source currently available

0:00 0:07:17 0:00

Milli Şuranın sədri Cəmil Həsənlinin çıxışının əsas hədəfi hazırki prezident İlham Əliyev olub. O, korrupsiya, rüşvət, hökumət rəsmilərinin ofşorlardakı hesabları, müdafiə sənayesi sahəsində korrupsiya halları, seçkilərin saxtalaşdırılması və çoxsaylı digər sahələrdə qanun pozuntularından danışıb.

“Avtoritar rejimlərdə, totalitar diktaturalarda kütləvi aksiyalar keçirmək, insanların öz iradələrini ifadə etməsi son dərəcə ağırdır. Bu gün meydana gələn hər bir insan bir qəhrəmandır. Bu insanlar qadağaları, basqıları, repressiyaları, Əliyevin polis kordonlarını yıxaraq bura toplaşıb", o qeyd edib.

C. Həsənli deyib: “Bir tamaşa var idi. 22 gün idi ki, bu tamaşa hər 3 gündən bir, axşamlar televiziyalarda Azərbaycan xalqına təqim edilirdi (prezidentliyə namizədlərin debatı nəzərdə tutulur-red). Ən böyük dramaturqlar belə İlham Əliyevin yazdığı bu məzhəkəni yaza bilməzdi, milləti bu formada təhqir edə bilməzdi”, o, ironiya ilə bildirib.

Milli Şuranın sədri deyib ki, bugünkü mitinq həm də ATƏT-in müşahidəçilərinin elan etdiyi rəyə dəstəkdir.

“Biz belə də rəy gözləyirdik. Azərbaycan hakimiyyəti cinayət başında yaxalandı. Onun bütün seçki saxtakarlıqları, İlham Əliyevin hakimiyyəti daha 7 il mənimsəməsinin bütün mahiyyəti ortaya qoyuldu. Görürsünüz, ATƏT-ə qarşı necə həşir qaldırıblar?”

Onun fikrincə, hökumət növbədənkənar prezident seçkilərini saxtalaşdırmaqla ölkəni beynəlxalq aləmdə nüfuzdan salıb.

“Bizim vətənimizi gözükölgəli ediblər. İndi harda bir oğurluq hadisəsi olur, içindən Azərbaycan çıxır. Harada bir gizli, ofşor hesab olur, içindən İlham Əliyevin ailə üzvləri çıxır. Azərbaycanda korrupsiyaya qarşı bu qədər komissiya yaradılıb. Bir neçəsi prokurorluqda, bir neçəsi Prezident Aparatında, daha hansı təşkilatlarda. Nəzarət komissiyaları var. Ancaq nəticə yoxdur, ola da bilməz. Çünki korrupsiyanın başında özləri durur”, Həsənli bildirib.

***

Müsavat Partiyası başqanı Arif Hacılının çıxışının əsas hissəsi prezident seçkiləri ilə bağlı olub.

“Bu növbədənkənar seçki mahiyyət etibarı ilə seçimsiz seçkilər idi. Seçkilərin növbədənkənar keçirilməsinin səbəbləri seçkidən əvvəl, seçki dövründə və ondan sonra elan edilmədi. Demokratik seçkilərin təşkili üçün tələb olunan şərtlərin heç birinə əməl olunmadı. Seçkilərin taleyi ATƏT-in müşahidəçilərinin də dediyi kimi yalnız seçki günü həll olunmur, biz də bunları əvvəlki seçkilərdə dəfələrlə demişik. Seçkilərin demokratikliyi üçün ölkədə demokratik mühit olmalıdır ki, bu da Azərbaycanda mövcud deyil. Azərbaycanda 150-dən çox siyasi məhbus var. Qəzet bir mədəniyyət növü kimi sıradan çıxarılıb. Teleradio tam şəkildə Azərbaycan hakimiyyətinin nəzarəti altındadır. Siyasi partiyaların bərabərhüquqlu mübarizə imkanları yoxdur. Sərbəst toplaşmaq azadlığı məhdudlaşdırılıb. Halbuki, qanunvericiliyə görə, bir neçə yer istisna olmaqla digər bütün məkanlarda vətəndaşların sərbəst toplaşmaq haqqı təmin olunmalıdır”.

Arif Hacılı həəbsdə olan minlərlə məhbusa amnistiya tətbiq edilməsini vacib sayır.

“Bu insanlar Azərbaycanın gələcəyi üçün mübarizə apardığından həbsxanalara salınıblar. Onlar bizim gələcəyimiz üçün, bizim əvəzimizə, xalqın əvəzinə fədakarlıq göstərərək həbsxanalarda da öz dəyanətlərini nümayiş etdirərək Azərbaycan cəmiyyətinin müqavimət gücünün artırılmasına xidmət edirlər.”

Müsavat başqanı hakimiyyətdən Azərbycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar qızıl amnistiya tələb etdiyini deyib. Onun fikrincə,t bu amnistiya yalnız siyasi məhbusları deyil, həm də minlərlə məhkəmələrdə hüququ pozulmuş digər məhbusları əhatə etməlidir.

"Mən bir neçə dəfə həbsdə olmuş insan kimi deyirəm ki, həbsxanalarda olan minlərlə insanların istintaq zamanı və məhkəmələrdə hüquqları pozulub. Onlar imkansızlıqdan vaxtından əvvəl həbsdən azad oluna da bilmirlər", o qeyd edib.

A.Hacılı hökumətin Azərbaycanın iqtisadi inkişafı ilə bağlı açıqlamalarına toxunub, onların yalan olduğunu iddia edib.

“Hökumət yenə də iqtisaid inkişafdan danışır. Halbuki, Azərbaycanın iqtisadi tənəzzülü bütün rəqəmlərdə özünü göstərir. Azərbaycan nəinki aparıcı dünya dövlətləri ilə müqayisədə, hətta MDB-yə daxil olan iqtisadiyyatı, cəmiyyəti geridə qalmış, iqtisadi resursları məhdud olan dövlətlərlər sırasında da ən geridə qalmış iqtisadi vəziyyətə malikdir. 2017-ci ildə Azərbaycanda ümumdaxili məhsul nəinki artmayıb, hətta azalıb. Azərbaycan MDB ölkələri arasında belə yeganə ölkədir ki, inflyasiya iki rəqəmli olub. Belə bir şəraitdə hansı iqtisadi inkişafdan danışmaq mümkündür?” , partiya lideri sual edib.

***

Müsavat Partiyası təmsilçisi Gülaga Aslanlı da öz çıxışında prezident seçkilərindən bəhs edib.

O, bildirib ki, seçkilər hakimiyyətdən ötrü ugursuz başa çatıb.

“Bizim mitinqlərimizdə insanların az olduğunu deyirlər. Seçkidə hakimiyyət 50 mindən artıq müşahidəçi qeydə aldırmışdı. Həmin 50 min müşahidəçi 450 nəfər müşahidəçinin qarşısında diz çökməyə məcbur oldu. Çünki dünya 450 beynəlxalq müşahidəçinin vermiş olduğu rəyi qəbul etdi”, G.Aslanlı deyib.

***

Mitinqdə çıxış edən AXCP sədri Əli Kərimli əsasən aprelin 11-də keçirilmiş prezident seçkilərindən danışıb.

“Bütün dünya boyu seçki saxtakarlıqları ifşa olunub. Bütün dünya İlham Əlieyvin saxta seçkilər nəticəsində hakimiyyətinin davam etdiyini deyir. Bunların da bütün dünya ilə bacaracaqları bir iş yoxdur, hamının əvəzini bizdən çıxmaq istəyirlər. Bu mitinqin alınmaması üçün indiyə qədər etdiklərindən də artığını etdilər. Hazırda AXCP-nin təşkilat şöbəsinin müdiri Vaqif Qurbanov başda olmaqla 8 nəfər inzibati qaydada həbs olunub, 100-lərlə fəal polis idarələrinə aparılıb, hədələnib. İnsanların bu mitinqə gəlməsini önləməkm üçün hər şey ediblər. Amma buna baxmayaraq sizlərin qarşısını kəsə bilməyiblər”.

Əli Kərimli seçkiləri boykot edənlərə təşəkkür edib.

Milli Şura «Xalqın seçki hüququnu özünə qaytar!» mitinqini keçirir
please wait

No media source currently available

0:00 0:00:25 0:00

“Sizə, bütün xalqımıza seçkini boykot etdiyiniz , hökumətin yalanlarına inanmadığınız, İlham Əliyevi öz saxtakar komandası ilə baş-başa buraxdığınız və seçkinin nəticələrini tanımadığınız üçün təşəkkür borcumuz var. Bütün dünya da bizim dediyimizi dedi. Amerika Konqresi, ATƏT, Avropa Birliyi, özünə hörmət edən bütün dünya da dedi ki, seçki beynəlxalq standartlara uygun olmayıb”.

Əli Kərimlinin həbslər və fəalların polisdə hədələnmələri ilə bağlı dediklərinə, hələlik, hüquq mühafizə orqanlarından münasibət almaq mümkün olmayıb.
Bundan əvvəl keçirilən aksiyalar ərəfəsində də bəzi fəalların saxlanması ilə bağlı məlumatlar yayılmışdı. Martın 31-də keçirilən son aksiya ərfəsində isə AXCP-nin 3 fəalına polisə müqavimət ittihamı ilə inzibati həbs verildiyi bildirilmişdi.

Azərbaycan rəsmiləri isə seçkinin azad və ədalətli keçirildiyini bildirirlər. Prezident seçkilərinin nəticələri ilə bağlı aprelin 12-də Heydər Əliyev Mərkəzinin qarşısındakı parkda təşkil olunmuş şənlikdə də hazırkı dövlət başçısı İlham Əliyev demişdi ki, açıq, şəffaf, ədalətli şəkildə keçirilmiş seçkilər xalqın iradəsini əks etdirir:

«Bu seçkilərdə Azərbaycan xalqı öz seçimini etdi. Azərbaycan xalqı bir daha bizim siyasətimizə öz səsini verdi. Bir daha sabitliyə, inkişafa, tərəqqiyə, müstəqil siyasətimizə səs verdi», deyə hakim Yeni Azərbaycan Partiyasının sədri, hazırkı dövlət başçısı İlham Əliyev vurğulamışdı.

***

Milli Şura və Müsavat Partiyasının birgə mitinqi başlayıb.

Ənənəvi olaraq mitinqin əvvəlində Azərbaycan himni oxunub.

***

Aprelin 14-də Milli Şura və Müsavat Partiyasının birgə mitinqi keçirilir.

Mitinq Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ilə razılaşdırılıb.

Təşkilatçıların bildirdiyinə görə, mitinqin əsas şüarı «Xalqın seçki hüququnu özünə qaytar!» olmalıdır. Bundan başqa, prezident seçkisinin nəticələri ilə bağlı şüarların da səsləndiriləcəyi gözlənir.

Mitinqin təşkilatçıları dünən, aprelin 13-də Bakı Şəhər Baş Polis İdarəsinə çağırılmışdılar.

Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini S.Bağırov isə təşkilatçıların idarəyə çağırılmasını belə izah edib:

« Mitinqdə Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlanan müraciətdə qeyd olunan şüarlardan fərqli şüarların səslənməsinə, həmçinin iğtişaşa və qarşıdurmaya səbəb ola biləcək hər hansı addımın atılmasına imkan verilməyəcək. Əks təqdirdə, mitinqin təşkilatçıları və günahkarlar qanun çərçivəsində cəzalandırılacaqlar».

Mitinq təşkilatçıları isə bildirirlər ki, onlar da qanunları pozmaqda yox, sivil mübarizədə maraqlıdırlar.

Milli Şura və Müsavat Partiyası budan öncə, martın 31-də və martın 10-da birgə aksiya keçirmişdilər. Həmin aksiyalarda “ Talana son”, “Monarxiyaya son”, “ Azad seçkilər” və “ Siyasi məhbuslara azadlıq” kimi şüarlar səsləndirmişdilər.

Xatırlatma Aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilib. Hələ seçki günü gecə, Mərkəzi Seçki Komissiyası (MSK) bildirmişdi ki, artıq səslərin 90 faizindən çox sayılıb. Sayılan bülletenlərə əsasən, hazırkı dövlət başçısı İlham Əliyev 86 faizlə liderdir. Qalan 7 namizədin 0.75 faizdən 3.11 faizə kimi səs topladığı bildirilib.

Müsavat Partiyası və Milli Şura növbədənkənar prezident seçkisini boykot edib. Onlar seçkinin nəticəsini tanımadıqlarını açıqlayıb.

Hazırkı dövlət başçısı İ.Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası isə seçkilərin azad və ədalətli keçirildiyini bildirib.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) müşahidəçiləri, bu qurumun və Avropa Şurası parlament assambleyalarının nümayəndə heyətlərinin hazırladığı birgə hesabatda isə Azərbaycandakı seçkilərin hüquq və azadlıqların məhdudlaşdırılması şəraitində keçirildiyi bildirilib.

Milli Şura «Xalqın seçki hüququnu özünə qaytar!» mitinqini keçirir
please wait

No media source currently available

0:00 0:00:24 0:00

XS
SM
MD
LG