Accessibility links

Milli Şura Donald Task və Torbörn Yaqlandın təbrikinə təəssüflə yanaşıb


Qurum bəyanatla çıxış edib

Demokratik Qüvvələrin Milli Şurası (DQMŞ) İlham Əliyevin yenidən Azərbaycanın prezidenti seçilməsi ilə bağlı Avropa İttifaqı Şurasının sədri Donald Task və Avropa Şurasının baş katibi Torbörn Yaqlandın təbrik məktublarından təəccübləndiyini və təəssüfləndiyini bildirib.

ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun, ATƏT Parlament Assambleyasının və Avropa Şurası Parlament Aassambleyasının nümayəndələrinin iştirakı ilə beynəlxalq seçki müşahidə missiyası 11 aprel seçkilərinin qiymətləndirilməsinə dair ilkin rəyində bildirib ki, seçkilər siyasi azadlıqların məhdudlaşdırılması, böyük sayda siyasi məhbusun olması, rəqabətin olmaması, inzibati resurslardan ancaq hakimiyyət namizədinin xeyrinə istifadə olunması şəraitində keçirilib.

“Buna görə də Avropa liderlərinin təbrikləri qəribə görünür”, sənəddə deyilir.

DQMŞ bu təbrikləri Avropa İttifaqı və Avropa Şurasının rəsmi şəxslərinin Azərbaycan xalqının azad seçki hüququnun pozulmasına göz yummaq istəyi kimi qiymətləndirib.

“Belə mövqe Aİ və AŞ-nin əsaslandığı demokratik prinsiplərlə bir araya sığmır”.

DQMŞ beynəlxalq demokratik birliyi və dövlətləri demokratik prinsiplərə sadiq olmağa, Azərbaycan xalqının öz hakimiyyətini azad seçkilər yolu ilə formalaşdırmaq hüququna hörmətlə yanaşmağa və seçkilərin saxtalaşdırılmasına bəraət qazandırmamağa çağırıb.

Öz növbəsində rəsmi Bakı beynəlxalq seçki müşahidə missiyasının ilkin bəyanatını qəbul etmir və qərəzli sayır. Hökumət rəsmiləri, o cümlədən Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin azad və demokratik mühitdə keçirildiyini bildirib.

XS
SM
MD
LG