Accessibility links

Qubad İbadoğlu: Yeni hökumət - yenə regional faktor, sadiqlik iddiası... [Video-müsahibə]


Qubad İbadoğlu: Yeni hökumət - yenə regional faktor, sadiqlik iddiası...
please wait

No media source currently available

0:00 0:07:39 0:00

ADR Hərəkatının rəhbəri Amerikanın Səsinə müsahibəsində yeni hökumətin islahatyönümlü olmadığını bildirib

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının rəhbəri Qubad İbadoğlu Amerikanın Səsinə müsahibəsində yeni təşkil edilən hökumətdən danışıb.

Amerikanın Səsi: Cəmiyyət yeni qurulacaq hökumətdən köklü islahatlar gözləntisində idi. Yeni hökumətin tərkibini cəmiyyətə islahatlar aparılacağı barədə mesaj hesab etmək olarmı?

Burada qruplar arasında mənafe mübarizəsi və onalrın rəyləri, maraqlarının əsas götürüldüyünü sezmək mükündür.

Qubad İbadoğlu: Hesab edirəm ki, Azərbaycan prezidenti ciddi dəyişikliyə getmədi. Bu dəfə də demək olar ki, əvvəlki idarəçiliklə, əvvəlki kadrlarla yeni dövr üçün siyasətini davam etdirməyi artıq bir mesaj olaraq təsdiq etdi. İlk olaraq bunu Nazirlər Kabinetinin tərkibi ilə göstərdi. Bu, düşünmürəm ki, sırf olaraq islahat görüntüsü məqsədi ilə edilib. Çünki dəyişlikliklər demək olar ki, cüzi xarakter daşıyır və baş verən dəyişikliklərin hansı əsasda həyata keçirilməsi bu günləri yenə də bizim üçün sual doğurur. Görsənən ondan ibarətdir ki, yenə də regional faktor, sadiqlik iddiası, müstəqillik göstəricisinin aşağı olması və digər bu kimi parametrlər təyinat alınmasında əhəmiyyətli rol oynayıb. Təbii ki, burada qruplar arasında mənafe mübarizəsi və onalrın rəyləri, maraqlarının da əsas götürüldüyünü sezmək mükündür. İndiki halda qənaətim ondan ibarətdir ki, yenə də Azərbaycanda islahatlar üçün siyasi iradə nümayiş olunmadı və açıq desək, prezidentin siyasi iradəsi çatmadı ki, növbəti dövr üçün, xüsusən də Nazirlər Kabinetində ciddi dəyişikliklərə getsin və Nazirlər Kabinetinin tərkibində yeni simalarla Azərbaycan xaalqını tanış etsin.

Amerikanın Səsi: Hökumət iqtisadiyyatda ilkin olaraq hansı addımları atmalıdır?

Müstəqil məhkəmə, ədliyyə sistemi yoxdursa, ümumiyyətlə hər hansı bir islahatın aparılmasından danışmağa dəyməz.

Qubad İbadoğlu: İqtisadiyyatda islahatlar aparmaq üçün islahatçı əhval-ruhiyyəsində olan bir komanda formalaşmalıdır. Bu komanda təbii ki, baş nazirin rəhbərliyi və onun üzərinə götürdüyü məsuliyyətlə işə başlamalıdır. Düşünürəm ki, ilk növbədə bundan başlamalı idi. İndi atılan addımlar onu göstərir ki, hökumətin ümumiyyətlə islahat aparmaq niyyəti yoxdur. İkinci istiqamətdə isə ayrı-ayrı idarəçilik qollarının müstəqilliyi təmin olunmalıdır. Bu gün Azərbaycanda müstəqil məhkəmə, ədliyyə sistemi yoxdursa, ümumiyyətlə hər hansı bir islahatın aparılmasından danışmağa dəyməz. Bu həm iqtisadi, həm siyasi məsələdir, həm vətəndaşların hüquq məsələsidir, həm də sosial məsələdir. İndiki halda nəzərə alsaq ki, cüzi də olsa o sistemdə dəyişikliklərdən söhbət getmir. Bu baxımdan hesab edirəm ki, hökumətin islahat proqramı olmalı idi, onun hədəflərində korrupsiyanın, inhisarçılığın aradan qaldırılması, ümumiyyətlə rəqabətin dəstəklənməsi və digər bu kimi əhəmiyyətli məsələlər öz əksini tapmalı idi. Təəssüflər olsun ki, vahid islahat proqramı yoxdur. Koordinasiya edilə bilən komanda formalaşmayıb və hökumətin bu təyinatları göstərdi ki, bu 15 illik dövr ərzində Azərbaycanda kadr potensialı yetişməyib və mövcud kadr potensialı da demək olar ki, köhnə qvardiyanın üzvlərindən ibarətdir.

Amerikanın Səsi: Hökumət sosial siyasət sahəsində, xüsusilə işsizliyin azaldılması, yaşlı insanlarla bağlı sosial siyasətdə yeni hansı işlər görməlidir?

Mövcud bisnes sistemi ilə bank sistemi arasında demək olar ki, əlaqə getdikcə itir.

Qubad İbadoğlu: İlk növbədə biznes üçün islahatlar davam etməlidir. Biznesin fəaliyyət imkanları üçün daha geniş sfera açılmalıdır. Biznes üçün mövcud olan baryerlər aradan qaldırılmalıdır ki, onların əlverişli mühitdə işləmək imkanı yaransın. Çünki indiki halda dövlət nə qədər çalışsa da işsizliyi öz resursları hesabına həll edə bilməyəcək. Bu problemin yeganə həlli ondan ibarətdir ki, ölkədə azad təşəbbüskarlıq olsun, iqtisadiyyat azad olsun, liberallıq olsun. Hər bir insan özü öz ideyasını, təşəbbüsünü reallaşdırmaq imkanına malik olsun. Bunun üçün kreditlərə çıxış imkanları olmalıdır ki, o öz ideyasını, biznes planlarını maliyyələşdirə bilsin. İndiki halda demək olar ki, bu sistemin heç biri işləmir. Həm azad təşəbbüskarlıq boğulur. Ölkə iqtisadiyyatı liberal deyil. Mövcud bisnes sistemi ilə bank sistemi arasında demək olar ki, əlaqə getdikcə itir. Bank kreditlərinin ümumiyyətlə bu sektorun inkişafında rolu getdikcə aşağı düşür.

Amerikanın Səsi: Yaxın dövrdə maliyyə-bank sistemində hansı dəyişikliklər gözləmək olar?

Yaxın dövrlər üçün mən hesab edirəm ki, ən ciddi problemlərdən biri qoyulmuş əmanətlərin geri qaytarılması ola bilər.

Qubad İbadoğlu: Çox təəssüflər olsun ki, maliyyə-bank sistemi hələ də böhranın girdabından qurtula bilməyib. Yenə maliyyə-bank sistemində demək olar ki, işçilərin ixtisarı, filialların bağlanması prosesi gedir. Çünki ən böyük problemlər ondan ibarətdir ki, maliyyə-bank sistemi özünü saxlamaq, maliyyələşdirmək qabiliyyətini tam şəkildə təmin edə bilmir. Bu sistemdə əsas gəlirlər əsasən kreditlərin yerləşdirilməsindən əldə olunur. Bu gün maliyyə-bank sisteminin ən böyük problemi izafilikdir. Yəni onlar yüksək faizlərlə əmanətləri yığırlar, sonra onları yerləşdirməkdə çətinlik çəkirlər. Çünki ölkədə o vəsaitə tələb formalaşdıran biznes strukturları fəaliyyətdə deyil. Bu nəyə gətirib çıxara bilər? Yaxın dövrlər üçün mən hesab edirəm ki, ən ciddi problemlərdən biri qoyulmuş əmanətlərin geri qaytarılması ola bilər. O baxımdan əmanətlərin üzərində yenə də risklər qalır. Əhalinin yerləşdirdiyi əmanətləri bəzi banklardan geri götürmək problemləri ilə üzləşə bilərik. Ümumiyyətlə əmanətlərin qaytarılması ciddi problemlərdən biri ola bilər. Bankların bağlanması yenə də davam edəcək və bu bank sistemindəki mövcud vəziyyət iqtisadiyyatın digər sektorlarına təsirsiz ötüşməyəcək.

Amerikanın Səsi: Fikrinizcə yeni hökumət Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyünü, qeyri-leqal iqtisadiyyatın aşkarlanmasını, antiinhisar tədbirlərini reallaşdıra biləcəkmi?

Azərbaycan hökuməti Dünya Ticarət Təşkilatına üzv yox, üzv olmamaq istiqamətində iş aparır və yaxın dövr ərzində bura inteqrasiya gözlənilmir.

Qubad İbadoğlu: Düşünürəm ki, o istiqamətdə ciddi dəyişikliklər gözləməyə dəyməz. Çünki Azərbaycan hökuməti Dünya Ticarət Təşkilatına üzv yox, üzv olmamaq istiqamətində iş aparır və yaxın dövr ərzində bura inteqrasiya gözlənilmir. Bunun da əsas səbəbi ondan ibarətdir ki, dünya bazarında neftin qiyməti yenə bahalaşır. Ölkəyə lazımi qədər valyuta daxil olur və ölkənin deyək ki əsas məhsulu olan neft rəqabətli məhsuldur. Həmin məhsulu onsuz da Ümumdünya Ticarət Təşkilatına üzv olsaq da, olmasaq da bazara çıxarıb satmaq problemi yoxdur.

Ölkədə monopoliya qeyri-leqal iqtisadiyyat, ticarətin baryerləri, diskriminasiyanın aradan qaldırılması sahəsində ciddi manelər yaradır. Monopoliyanın aradan qaldırılması üçün ilk növbədə Azərbaycan parlamenti “Rəqabət haqqında” məcəlləni qəbul etməlidir. Antiinhisar siyasəti indi müstəqilləşib, struktur səlahiyyətləri genişlənib, fəaliyyət göstərmək imkanları da yarana bilərdi. Amma indiki qanunvericilik, indiki normativ baza ilə hətta antiinhisar siyasəti üzrə dövlət xidmətini biz agentlik etsək də, onu İqtisadiyyat Nnazirliyindən ayırıb müstəqillik versək də yenə də onlar müstəqil ola bilməyəcək. Ona görə də nə gizli iqtisadiyyatın leqallaşdırılması, nə də ki antiinhisar siyasəti istiqamətində əhəmiyyətli dəyişikliklər gözləmirəm.

XS
SM
MD
LG