Accessibility links

AŞPA-nın Qaydalar Komitəsi Səməd Seyidova sanksiya tətbiq edib [Yenilənib]


AŞPA-nn Prosedur Qaydalar Komitəsi korrupsiya hesabatında adı çəkilən dörd üzvünə sanksiyalar tətbiq edib.

Bu barədə komitə artıq rəsmi məlumat yayıb.

Komitə bildirir ki, AŞPA-da korrupsiya iddialarını araşdıran Müstəqil Təhqiqat Qurumunun hesabatında adı çəkilən dörd üzvü Davranış Kodeksini “ciddi pozub”. Həmin dörd deputatın AŞPA-dakı bir sıra hüquqlarının müvəqqəti məhrum edilməsinə qərar verilib. Onlar məruzəçi təyin oluna, bir sıra vəzifələrə namizədliklərini verə, seçkiləri müşahidə edə bilməzlər.

Bu sanksiyalar İspaniyadan deputat Pedro Agramunta 10 il müddətinə, Rumıniyadan Cezar Florin Preda, İspaniyadan Jordi Xuclàya və Azərbaycandan Səməd Seydidova iki illiyə tətbiq edilib.

Həmin deputatlar AŞPA-da çıxış etmək hüququnu saxlayır, ancaq sanksiya müddətində seçki müşahidəçisi, yaxud məruzəçi, eləcə də istənilən komitə və ya alt-komitənin sədri, yaxud sədr müavini, AŞPA-nın prezidenti ola bilməzlər.

Onlar Assambleyanın, yaxud komitələrini üçüncü tərəfin hər hansı tədbirində təmsil edə, Avropa Şurasının icraedici orqanı olan Nazirlər Komitəsinə suallar ünvanlaya bilməyəcəklər.

***

Avropa Şurası Parlament Assambleyasının Qaydalar Komitəsi deputatlar Aqramunt, Xucla, Preda və Seyidova qarşı sanksiya tətbiq edib. Bu barədə AŞPA-da Sosial-Demokrat və Yaşıllar qrupunun rəhbəri Frank Şvab özünün Twitter səhifəsində yazıb.

O qeyd edib ki, Parisdə Komitənin xüsusi iclasında sözügedən şəxslərə qarşı sanksiyalar 2-10 il müddətinə tətbiq edilib.

F.Şvab qeyd edib ki, görülmüş tədbirlər barədə rəsmi məlumat mayın 16-da gün ərzində açıqlanacaq.

Səməd Seyidov Azərbaycan parlamentinin AŞPA-da daimi nümayəndə heyətinin rəhbəridir. Onunla əlaqə yaratmaq və şərh almaq cəhdlərimiz baş tutmayıb.

Xatırladaq ki, bir neçə həftə əvvəl açıqlanmış korrupsiya hesabatı Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bəzi üzvlərinin Azərbaycanda insan haqları pozuntularına göz yummaq üçün rüşvət aldığını üzə çıxarıb. Avropa hökumətləri hesabatda adı hallanan millət vəkillərinə qarşı sanksiyalar tələb edir.

The New York Times qəzetindəki məqalədə yazılır ki, Danimarka xarici işlər naziri və Şuranın Nazirlər Komitəsinin sədri Anders Samuelsen mayın 4-də AŞPA prezidenti Mikele Nikolettiyə bu haqda məktub göndərib.

Məktub müəllifi korrupsiya qalmaqalını “çox narahatedici” adlandırıb, AŞPA-nı “dərhal və qətiyyətlə” hərəkət etməyə çağırıb.

AŞPA-nın keçmiş prezidenti Pedro Aqramunt və İspaniyanın konservativ idarəçiliyində senator olan millət vəkilləri neftə zəngin Azərbaycan ərazisində pul, zərgərlik, fahişəlik və ödənişli mehmanxanalarda qalmaqda ittiham olunurlar.

Pedro Agramunt amerikalı maliyyəçi Corc Sorosun Açıq Cəmiyyət İnstitutunun "siyasi səlib yürüşü"nün qurbanı olduğunu iddia edib. Onun bildirdiyinə görə, bu "yürüşü" Avropanın Rusiya ilə hər hansı formada yaxınlaşmasına qarşı çıxan Ukrayna, Ermənistan kimi ölkələr aparır.

Korrupsiya araşdırmasında ispaniyalı siyasətçi Agustin Kondenin, eləcə də Avstriya, Belçika, Britaniya, Polşa, Rumıniya və Azərbaycandan deputatların adları çəkilirdi.

Bu yaxınlarda İtaliyanın hüquq-mühafizə orqanları ölkənin AŞPA-da keçmiş təmsilçisi Luka Volonteyə qarşı araşdırmaya başlayıb. O, Azərbaycanın nümayəndə heyətinin iki keçmiş üzvündən 2 milyon avro almaqda ittiham olunub.

Həmin iki deputatdan biri - Elxan Süleymanov Avropa Şurasının son hesabatının heç bir fakta söykənmədiyini bildirmişdi.

Hakimiyyət nümayəndələri isə bu olayları təkzib edir və bunun şantaj xarakterli olduğunu bildirir.

XS
SM
MD
LG