Accessibility links

Əfqan Sadıqovun apellyasiya şikayəti təmin edilməyib


Əfqan Sadıqov
Əfqan Sadıqov

Jurnalist 30 sutka həbsə məhkum edilib

İyulun 13-də Bakı Apellyasiya Məhkəməsi Azel.tv saytının rəhbəri Əfqan Sadıqov barədə Nərimanov rayon Məhkəməsinin 30 sutka inzibati həbs qərarını qüvvədə saxlayıb. Əfqan Sadıqovun özü məhkəmədə iştirak edib.

Əfqan Sadıqov bildirib ki, iyulun 6-da Cəlilabad rayonunda (Bakıdan 211 kilometr cənub) ata evində olarkən saxlanılıb. İyulun 7-də o Nərimanov rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 510 (Xırda xuliqanlıq), 535.1 (Polisin qanuni tələbinə tabe olmamaq) maddəsi ilə təqsirli bilinərək 30 sutka inzibati həbsə məhkum edilib.

Məhkəmənin qərarında yazılır ki, o iyulun 7-də Bakının Nərimanov rayonunda küçədə söyüş söyüb. Bu zaman Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

İyulun 9-da Daxili İşlər Nazirliyi bildirib ki, Əfqan Sadıqov Azərbaycanda yaranmış enerji problemi və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı sui-qəsdlə əlaqədar sosial şəbəkələrdə qeyri-qanuni çağırışlar etdiyinə görə bir qrup şəxslə birgə saxlanılıb və 30 sutka həbsə məhkum edilib.

Əfqan Sadıqlı bundan öncə də bir il yarım həbsdə olub. O bu il mayın 23-də azadlığa buraxılıb. Həbsdən buraxıldıqdan sonra qəbiristanlığa gedərək simvolik olaraq özü üçün qəbir qazıb və sosial şəbəkələrdə indiki rejimə qarşı sonadək mübarizə aparacağını bəyan etdiyi əks olunmuş video müraciətini yayıb.

Bu gün keçirilən məhkəmədə vəkil Cavad Cavadov bildirib ki, Əfqan Sadıqov iyulun 6-da saat 12 radələrində Cəlilabadda saxlanılıb. Oradan Baklıya gətirilib və bir sutka Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılıb.

“İyulun 7-də isə rəsmiləşdirilib ki, guya saat 9.15 radələrində küçədə ünvansız söyüş söyüb. Bu zaman ona Baş Mütəşəkkil Cinəyatkarlıqla Mübarizə İdarəsinin əməkdaşları yaxınlaşıb. Bu doğru deyil, Sadıqov Baklda saxlanılmayıb”, o qeyd edib.

Vəkil dediklərini sübut etmək məqsədi ilə Əfqan Sadıqovun anasının, bacısının, həyat yoldaşının şahid qismində məhkəməyə dəvət edilməsi, Sadıqovun telefonunun anten məlumatlarının çıxarılması, iyulun 7-də saat 9.15-də Baş Mütəşəkkil Cinayətkalıqla Mübarizə İdarəsinin əməkdaşlarının əməliyyat keçirib-keçirməməsibarədə məlumatın alınması, ərazidəki müşahidə kameralarındakı məlumatların çıxarılması barədə vəsatətlər qaldırıb.

Məhkəmə vəsatətlətin heç birini təmin etməyib.

Jurnalist də məhkəmə qərarında göstərilənlərin yalan olduğunu və Cəlilabadda saxlanıldığını bildirib.

“Baş Mütəşəkkil Cinayətkatlıqla Mübarizə İdarəsində fiziki təzyiqə, işgəncəyə məruz qaldım. Bu səbəbdən də sənədlərə imza atdım. Mən hər hansı inizbati xəta törətməmişəm. Cəlilabadda anamın yanında olarkən polislər məni saxlayıb, sonra Bakıya gətirib. İyulun 7-də isə ümumiyyətdə küçədə olmamışam, o zaman Baş Mütəşəkkil Cinayətkatlıqla Mübarizə İdarəsində saxlanılırdım”, Sadıqov məhkəmə heyətinin diqqətinə çatdırıb.

Vəkil Cavad Cavadov bildirib ki, məhkmənin qərarı ilə razı deyil, Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət verəcək.

XS
SM
MD
LG