Strateji və Beynəlxalq Aaraşdırmalar Mərkəzinin rəhbəri, eks-prezident Heydər Əlyevin köməkçisi olmuş Eldar Namazov Amerikanın Səsinə müsahibəsində Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasında yaranmış son durumdan danışıb.
Amerikanın Səsi: Ermənistanla Azərbaycan arasında danışıqların perspektivinə necə baxırsınız?
Faktiki olaraq, Qarabağ məsələsində biz iki yol ayrıcındayıq. Ya məhəlli plan üzərində bir sülh prosesi başlayacaq, status-kvo dəyişməyə başlayacaq. Ya da ki, müharibə olacaq.
Eldar Namazov: Əslinə qalsa, bu günki şəraitdə elə də böyük perspektiv görmürəm. Ona görə ki, indiki mövcud şəraitdə yeni hakimiyyətə gələn Ermənistan rəhbərliyi elə bil ki, iki daşın arasında qalıb. Faktiki olaraq, Qarabağ məsələsində biz iki yol ayrıcındayıq. Ya məhəlli plan üzərində bir sülh prosesi başlayacaq, status-kvo dəyişməyə başlayacaq. Ya da ki, müharibə olacaq. Ona görə ki, üçüncü yol, vəziyyəti dondurmaq yolu, artıq iflasa uğrayıb. 2016-cı ilin aprel ayında baş verən hərbi toqquşmalar da bunu sübut etdi. Ona görə də vəziyyətin dondurulması ideyası artıq ölüb. Heç bir beynəlxalq qüvvə, heç bir beynəlxalq ictimaiyyət və Azərbaycan bunu qəbul etmir. Ona görə də bunlar iki daşın arasındadır, -ya məhəlli planla sülh prosesi başlamaq, ya da müharibəyə getmək. Ermənistan rəhbərliyi birinci yolu seçə bilir, ona görə ki, məhəlli planla torpaqların qaytarılmasını indi qəbul edə bilmirlər. Ermənistanda daxili-ictimai vəziyyət gərgindir, onlar ictimai rəydən qorxurlar. Eyni zamanda müharibədən də qorxurlar. Ona görə ki, artıq Azərbaycan Ordusunun gücünü görürlər. Bilirlər ki, müharibə başlasa, Azərbaycan Ordusu torpaqları işğaldan azad edəcək. Ona görə də bu günki durumda Ermənistan rəhbərliyi yalnız danışıqlardan qaçmaq, uzaqdan söz atəşi açmaq, təbliğatda hansısa bir gərginlik, görüntü yaratmaq yolunu tutub. Ancaq, indi onlar real danışıqlara getməkdən çəkinir.
Amerikanın Səsi: Belə bir halda Minsk Qrupunun həmsədrləri danışıqlarda nəticə olması üçün hansı addımları atmalıdır?
Eldar Namazov: Hesab edirəm ki, indi ən düzgün, ən vacib addım ondan ibarət olardı ki, BMT-nin Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ məsələsi ilə bağlı yeni qətnaməsi qəbul olunmalıdır. Çünki əvvəlki qətnamələrin üzərindən 25 il vaxt keçib. Deməli 25 il ərzində problem öz həllini tapmayıbsa, BMT-nin Təhlükəsizlik Şurası indi bu məsələyə qayıtmalıdır. BMT-nin Təhlükəsizlik Şurasının qəbul edəcəyi yeni qətnamənin məzmunu nə olmalıdır? Birincisi, əvvəlki qətnamələri yenidən dəstəkləmək lazımdır. Yəni işğal olunmuş ərarzilərin azad olunması ilə bağlı verilən qətnamələrin qüvvədə olduğu yenidən dəstəklənməlidir. İkinci vacib məsələ, - bu qətnamədə qeyd olunmalıdır ki, işğal olunmuş ərazilərdə hansısa tikinti işləri aparmaq, başqa ölkələrdən erməniləri gətirib orada məskunlaşdırmaq, işğal olunmuş ərazilərdə coğrafi adları dəyişmək və sair bu tipli əməllər qeyri-qanunidir. BMT-nin Təhlükəsizlik Şurası bunu qadağan edir. Belə bir qətnamə vaxtı ilə İordan çayının sol sahilində olan torpaqlarla bağlı da qəbul olunub. Orada İsrail dövləti bir neçə yeni kəndlər, qəsəbələr tikirdi, o torpaqlar BMT tərəfindən işğal altında olan torpaqlar kimi qəbul olundu. Hesab olunur ki, həmin torpaqlar gələcəkdə Fələstin dövlətinə qaytarılmalıdır. Həmin o tikintiləri qadağan edən qətnamələr BMT-nin Təhlükəsizlik Şurasında qəbul olunub. 1949-cu il Cenevrə Konvensiyasına istinad edilib. Bu tipli qətnamə indi BMT-nin Təhlükəsizlik Şurasında Qarabağ məsələsi ilə bağlı da qəbul olunmalıdır. Köhnə qətnamələrin yenidən qüvvədə olduğu orada qeyd olunmalıdır. İkinci tərəfdən də qeyd olunmalıdır ki, işğal olunmuş ərazilərdə tikinti işləri aparmaq, erməniləri məskunlaşdırmaq, çoğrafi adları dəyişmək qeyri-qanunidir. Belə bir qətnamənin qəbul olunması sülh prosesinin qabağa aparılması, Ermənistanın qeyri-konstruktiv mövqeyindən geri çəilməsi üçün çox mühüm addım oalrdı.
Amerikanın Səsi: Siz mövcud durumdan çıxış yollarını necə görürsünüz? Dağlıq Qarabağın gələcək statusunun modelini necə təsəvvür edirsiniz?
Ermənistandan başqa bütün ATƏT dövlətləri hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ermənilərə muxtariyyət verilməsi ilə həll olunmalıdır.
Eldar Namazov: Bu haqda vaxtı ilə qərar qəbul olunub. ATƏT-in bir neçə sammitində Azərbaycanla bağlı, Dağlıq Qarabağ problemi ilə bağlı ciddi qərarlar qəbul olunub. Xatırlatmaq istəyirəm ki, ATƏT-in 1996-cı ildə Portuqaliyada keçirilən sammitində bir qərar hazırlanmışdı ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ermənilərə muxtariyyət verilməklə həll olunmalıdır. O dövrdə Levon Ter-Petrosiyan hakimiyyəti həmin sammitdə veto hüququndan istifadə edərək bu qətnamənin qəbul olunmasının əleyhinə çıxış etdi. Onda ATƏT-n sammiti ayrıca bir bəyanatla çıxış etdi. Bildirdi ki, bir ölkədən başqa, yəni Ermənistandan başqa bütün ATƏT dövlətləri hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ermənilərə muxtariyyət verilməsi ilə həll olunmalıdır. Biz nədənsə o qərarları yaddan çıəxarırıq. Nədənsə biz o qərarlardan diplomatik təbliğatımızda istifadə etmirik. Mənə elə gəlir ki, həmin qərarı mütləq siyasi gündəliyə qaytarmalıyıq və onun əsasında öz işimizi qurmalıyıq.
Amerikanın Səsi: Fikirinzcə, mövcud durumdan çıxış yolları nədir?
Eldar Namazov: Əslinə qalsa Azərbaycan dövlətinin Qarabağla bağlı apardığı siyasət düzgündür. Burada nə iqtidar, nə müxalifət, nə vətəndaş sektoru arasında fikir ayrılığı yoxdur. Biz həmin torpaqlarımızı, işğal olunmuş torpaqlarımızı qaytarmaq üçün diplomatik addımları da atmalıyıq, danışıqlarda da iştirak etməliyik. Bunlar bir nəticə verməyəndə Azərbaycan Ordusu öz vəzifəsini yerinə yetirməlidir. Bu məsələdə bütün Azərbaycan cəmiyyəti vahid bir mövqedən çıxış edir.