Accessibility links

Avropa İttifaqının xüsusi nümayəndəsi Azərbaycanla sazişin imzalanacağına ümid edir


Azərbaycan prezidenti İlham Əliyev iyulun 30-da Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaarı qəbul edib.

Prezidentin rəsmi saytının məlumatına görə, prezident bu yaxınlarda Azərbaycanla Avropa İttifaqı arasında "Tərəfdaşlıq prioritetləri" sənədinin paraflanmasını əməkdaşlığın gələcək inkişafı üçün önəmli adlandırıb. O qeyd edib ki, Azərbaycan eyni zamanda NATO-nun etibarlı tərəfdaşıdır.

T.Klaar isə Avropa İttifaqı-Azərbaycan əməkdaşlığının daha da inkişaf etdirilməsindən ötrü yaxşı imkanların mövcud olduğunu deyib. Bu baxımdan Azərbaycanla Avropa İttifaqı arasında yeni sazişin yaxın zamanlarda imzalanacağına ümidvar olduğunu bildirib.

Söhbət zamanı əməkdaşlığın perspektivləri, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər, nəqliyyat, ticarət, turizm sahələrində əlaqələrin inkişaf etdirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

T.Klaar iyulun 30-da Azərbaycana gəlib. Onun başqa rəsmilərlə də görüşü gözlənir.

Azərbaycan Avropa İttifaqı ilə əsası 2009-cu ildə qoyulan "Şərq Tərəfdaşlığı" Proqramı çərçivəsində əməkdaşlıq edir.

"Şərq Tərəfdaşlığı" Avropa İttifaqının altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir. Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla assosiasiya sazişi imzalayıb.

Ötən il noyabrın 24-də Brüsseldə keçirilən sammitdə Avropa İttifaqı Ermənistanla hərtərəfli və genişləndirilmiş partnyorluq razılaşması (Comprehensive and Enhanced Partnership Agreement - CEPA) adlı sənəd imzalayıb.

Azərbaycan isə bu qurumla oxşar danışıqlara ötən ilin fevralından başlayıb. Əvvəlcə Brüssel sammitində Azərbaycanla da Avropa Birliyi arasında oxşar sazişin imzalanacağına ümidlər bəslənirdi. Ancaq bu baş tutmadı. Nəhayət, bu il iyulun 11-də Brüsseldə Azərbaycanla Avropa İttifaqı arasında tərəfdaşlıq prioritetlərinə dair sənədin paraflanması mərasimi keçirilib.

Amerika İcmalı

Amerika İcmalı - 17 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:29:53 0:00
XS
SM
MD
LG