Accessibility links

Siyasi məhbus problemi yenidən gündəmdədir - hüquq müdafiəçilərinin Amerikanın Səsinə müsahibələri [audio-müsahibə]


Hüquq müdafiəçiləri Amerikanın Səsinə müsahibəsində siyasi məhbusların azad edilməsini vacib sayır

Azərbaycanda siyasi məhbus problemi yenidən aktivləşməkdədir. Belə ki, sosial şəbəkələrdə siyasi məhbus kimi tanınan şəxslərin yaxın zamanda azadlığa buraxılacağı ilə bağlı fikirlər səslənməkdədir.

Oqtay Gülalıyev: Siyasi məhbusları həbsdə saxlamaq çıxış yolu deyil

Siyasi Məhbusların Müdafiə Mərkəzinin koordinatoru Oqtay Gülalıyev Facebook səhifəsində yazır ki, siyasi məhbusların azadlığa buraxılması son illərin ən çox müzakirə olunan mövzularından biridir.

Oqtay Gülalıyev mətbuat konfransı
Oqtay Gülalıyev mətbuat konfransı

“Hazırda ölkəmiz 160-dan çox siyasi məhbusla Avropanın lider ölkələrindən biridir. Bu problem də hakimiyyət üçün həmişə basqı mənbəyi olub.“Hazırda ölkəmiz 160-dan çox siyasi məhbusla Avropanın lider ölkələrindən biridir. Bu problem də hakimiyyət üçün həmişə basqı mənbəyi olub. Müxtəlif zamanlarda müxtəlif vədlər verilsə də onların azadlığa buraxılması reallaşmayıb. Sonuncu dəfə cümhuriyyətin 100 illiyində böyük əfv sərəncamı gözlənilsə də bu baş vermədi. Artıq beynəlxalq təşkilatlar və birliklər üçün siyasi məhbus məsələsi Azərbaycan hakimiyyəti ilə münasibətdə qırmızı xəttə çevrilməkdədir”, o qeyd edir.

Hüquq müdafiəçisi bildirir ki, basqılardan qurtulmaq, Avropa Birliyi başda olmaqla beynəlxalq qurumlarla normal əməkdaşlığa düzən vermək üçün Azərbaycan hakimiyyətinin siyasi məhbusları azad edəcəyi gözlənilir.

“Artıq hökümət də fərqindədir ki, siyasi məhbusları uzun müddətə həbsdə saxlamaq ona xeyirdən çox ziyan gətirir. Hakimiyyəti qorumaq üçün həbslər və siyasi məhbusları həbsdə saxlamaq çıxış yolu deyil.

Verilən məlumatlara görə, siyasi məhbusların azadlığa buraxılması üçün İlham Əliyevin iştirakı ilə müzakirələr aparıldığı və onun tərəfindən artıq müvafiq qurumlara və şəxslərə göstəriş verildiyi bildirilir. Onun bu qərara gəlməsində Fransa səfərinin və orada keçirdiyi görüşlərin də böyük rol oynadığı bildirilir”, o qeyd edib.

Xədicə İsmayılova: Siyasi məhbusların sayı artmaqdadır [Audio-müsahibə]

Xədicə İsmayıl
Xədicə İsmayıl
Xədicə İsmayılova: Siyasi məhbusların sayı artmaqdadır
please wait

No media source currently available

0:00 0:09:05 0:00

​“Təəssüf ki, son əfv fərmanı bu siyahıda ciddi dəyişikliklərə rəvac vermədi. Amma bir xeyli, xüsusilə də Nardaran hadisələrindən əvvəl Sabunçu Polis İdarəsinin qarşısında həbs olunmuş bir neçə nəfərin həbs müddəti günəgün bitdiyi üçün həmin adamlar azadlığa çıxdılar. Bu, siyahıda yenilənməni şərtləndirir. Eyni zamanda yeni həbslər var. Bu, siyahının yenilənməsinə səbəb oldu. Biz hazırda o işlərin sənədləri ilə tanış oluruq”.

İsmayılova bildirib ki, siyasi məhbusların sayı ilə bağlı son rəqəm 128-dir.

“Söhbət vahid siyasi məhbus siyahısının hazırlanması üzrə işçi qrupunun müzakirə elədiyi və tanıdığı siyasi məhbuslardan gedir”.

O, “siyasi məhbus kimi tanıdığınız şəxslər hansı məsələlər üzrə həbsə məhkum edilib?” - sualının cavabında deyib ki, söhbət rəsmi ittihamlardan gedirsə, müxtəlif növ cinayətlər var.

Onların həbsinin real səbəbi həmin adamların siyasi fəaliyyəti və yaxud hökumətə siyasi təhlükə təşkil etməsidir.

“Narkotik alverindən tutmuş, xuliqanlığa, iqtisadi cinayətlərə qədər. İnsanlar müxtəlif bəhanələrlə tutulur. Amma siyasi məhbus kimi tanınan bu işlərin bir ortaq cəhəti var ki, bu şəxslər cinayətləri ya heç törətməyiblər, ya da ittiham aktında iddia olunduğu kimi törətməyiblər. Onlara verilən cəza ya tamam haqsız olub, ya da həddən artıq olub. Onların həbsinin real səbəbi həmin adamların siyasi fəaliyyəti və yaxud hökumətə siyasi təhlükə təşkil etməsidir”.

İsmayılovanın fikrincə, siyasi məhbus kimi tanınan başqa kateqoriyalı məhbuslar da var.

“Bu şəxslər siyasi fəaliyyətlə məşğul olmayıblar və hökumət üçün siyasi təhlükə deyillər. Amma onların həbsi hökumətə siyasi divident qazandırdığı üçün onlar indi də həbsdədirlər. Məsələn, Səid Dadaşbəylinin dəstəsi o qrup adamlardandır. Bir kriterya da var, bu “keysləri” müəyyənləşdirərkən məlum olur ki, bu da insanların silahdan istifadə etməməsi, zorakılığa yol verməməsi və təbliğ etməməsidir. Siyahıda olan, lakin terror, silahlı müqavimət və sair maddələrlə ittiham olunmuş şəxslərin belə yüzdəyüz əminliyimiz var ki, onlar silaha əl atmayıblar, silahlı müqavimət göstərməyiblər. Onlara qarşı irəli sürülən ittihamlar tamamilə böhtan xarakteri daşıyır”.

İsmayılova yaxın zamanda siyasi məhbus kimi tanınan insanların azadlığa buraxılacağı ilə bağlı xəbərlərə inanmır.

“Hər zaman eşidirik, kimisə buraxacaqlar, nə bilim amnistiya, əfv olacaq. Amma gördüyümüz budur ki, bu baş vermir, əksinə, daha çox adam həbs olunur. Hal-hazırda çoxlu sayda həbslər var. Hökumət iddia edir ki, bu şəxslər dini ekstremisdirlər, onlar terror aktı törədiblər və s. yəni, belə ifadələr işlədirlər. Qorxduğumuz budur ki, nə zamansa öyrənəcəyik ki, o əməliyyatlarda həbs olunanlar, öldürülənlər də əslində təsadüfən hüquq-mühafizə orqanlarının tuşuna gəlmiş insanlardır və yaxud da ki, hökumətin cəmiyyətdə xof yaratmaq üçün törətdiyi qətllərdir. Ola bilsin ki, Gəncə hadisələri ilə bağlı hökumətin yaydığı məlumatlarda hansısa həqiqət payı var. Amma hələ ki, ictimiayyəti inandıracaq məlumatlar paylaşılmayıb və bu məlumatlara olduqca böyük şübhə ilə yanaşırıq. Söhbət Gəncə hadisələrindən gedir. Görünən budur ki, tutulanların hüquqları pozulur. Vəkillərə çıxışları məhdudlaşdırılır. Vəkillərinə, ailələrinə məlumat verilmir. Bu yayılan əməliyyat məlumatları cəmiyyətdə olduqca böyük şübhə doğurur”.

O, deyib ki, casusluq, terrorizm məsələlərində hökumətin məlumatlarına güvənə bilmirlər.

“Hökumətin verdiyi məlumatlar sonra həqiqət çıxmır. İstintaq orqanları cəmiyyətin gözündə etimadını itirib. Ona görə də ictimai nəzarət mexanizmi olması çox vacidbir. Bu ictimai nəzarət mexanizmi həmin istintaqların gedişinə, zorakılığın tətbiqinin nə qədər əsaslı olmasına nəzarət edə bilər. Çünki bu şəraitdə biz görürük ki, hökumət istənilən günahı olmayan adamı casusluq, terror, ekstremizm ittihamı ilə haqsız yerə tutub, hətta işgəncə altında da tutub öldürə bilərlər. Bu artıq praktikaya çevrilib. Cəmiyyət bu prosesə nəzarət etməlidir. Təəssüf ki, Azərbaycanda ictimai nəzarət mexanizmləri iflic edilib”.

O, hazırda 128 nəfərin siyasi məhbus kimi tanındığını bir daha vurğulayıb.

“Bildiririk ki, 60-dan çox insan da Gəncə hadisələri ilə bağlı həbs olunub. Bu həbslərin hansı hissəsinin əsaslı və ya əsassız olduğu ilə bağlı bizdə məlumat yoxdur. Biz bu işləri araşdırırıq və bu işlərin siyasi sayılma ehtimalı mümkündür. Əgər biz informasiyaya çıxış əldə etdikdən sonra müəyyənləşdirsək ki, bu insanlar heç vaxt silahlı müqavimət göstərməyib, zorakılığa çağırışlar etməyib, onda yəqin ki, onlar potensial siyasi məhbusdurlar”, o qeyd edib.

Novella Cəfəroğlu: Bunların allahı varsa siyasi məhbusları buraxmalıdırlar [Audio-müsahibə]

Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin rəhbəri Novella Cəfəroğlu Amerikanın Səsinə müsahibəsində deyib ki, siyasi məhbusların sayı artmaqdadır.

Novella Cəfəroğlu
Novella Cəfəroğlu
Novella Cəfəroğlu: Bunların allahı varsa siyasi məhbusları buraxmalıdırlar
please wait

No media source currently available

0:00 0:01:30 0:00

​“Bizim siyahıda siyasi məhbusların sayı 30 nəfər idi. İndi sayları daha çoxdur. Gündə bir adamı tuturlar. Biz bunları başa düşə bilmirik”.

Əgər, bunların allahı varsa, bunlar bir balaca da olsa bu millətlə dostluq eləmək istəyirlərsə bu addımı atıb, siyasi məhbusları buraxmalıdırlar”

Hüquq müdafiəçisi siyasi məhbus kimi tanınan şəxslərin həbsdən azad ediləcəyinə inamının həmişə olduğunu bildirib.

“Biz bu yaxınlarda Səməd Seyidovla (Milli Məclisin Avropa Şurası Parlament Assambleyasında daimi nümayəndə heyətinin rəhbəri-red), Fuad Ələsgərovla (Azərbaycan prezidentinin köməjkçisi-red) görüşməliyik. Biz ondan sonra dəqiq məlumat verəcəyik ki, siyasi məhbusları nə zaman azadlığa buraxırlar. Əgər bunların allahı varsa, bunlar bir balaca da olsa bu millətlə dostluq eləmək istəyirlərsə, bu addımı atıb, siyasi məhbusları buraxmalıdırlar”, Cəfəroğlu qeyd edib.

Hökumətin mövqeyi

Rəsmi Bakı siyasi məhbusların olması ilə bağlı iddiaları rədd edir.

Dövlət rəsmiləri Azərbaycanda insanların qanun qarşısında bərabər olduğunu, siyasi fəaliyyətinə, dini inancına, fikrinə görə insanların təqib edilmədiyini bəyan edir.

Azərbaycan prezidenti dəfələrlə ölkədə bütün fundamental azadlıqların tam təmin edildyini, azad məhkəmələrin oldğunu bildirib.

XS
SM
MD
LG