Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Amerikanın Səsinə müsahibəsində ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olması ilə bağlı mediada səslənən təklifləri qeyri-real sayır.
Amerikanın Səsi: Azərbaycanda bir sıra rəsmi şəxslər ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qoşulmasının vaxtının çatması ilə bağlı bəyanatlar verir. Necə qarşılayırsınız, bu nə qədər real ola bilər?
Hesab edirəm ki, bu siyasi reallıqdan uzaq təkliflərdir.
Tofiq Zülfüqarov: Hesab edirəm ki, bu siyasi reallıqdan uzaq təkliflərdir. Mən də onları oxumuşam. Problem nədən ibarətdir? Biz hamımız başa düşürük ki, Rusiyanın Ermənistan-Azərbaycan münaqişəsinə aid mövqeyi, daha doğrusu bəzi dairələrin mövqeyi gətirib ona çıxarıb ki, bu münaqişə həll olunmur. Rusiya təhlükəsizlik çətiri imkan verir ki, Ermənistan danışıqlarda çox radikal mövqedən çıxış edir. Faktiki olaraq danışıqlarda irəliləyişə imkan vermir. Yenə təkrar etmək istəyirəm ki, Ermənistanın radikal mövqedən çıxış etməsinin əsas səbəbi ondan ibarətdir ki, təhlükəsizlik çətiri Rusiya tərəfindən verilir və bu da işğalçının öz qüvvələrinə daha da arxayın olmasına imkan yaradır. Yəni, bu şəraitdə, Ermənistanla bir hərbi təşkilatda olmaq qeyri-mümkündür. İkincisi, əgər, Azərbaycanın Rusiya ilə təhlükəsizlik və müdafiə məsələlərində daha sıx əməkdaşlıq etməsindən söhbət gedirsə, Rusiya bu məsələlərdə öz mövqeyini kardinal şəkildə dəyişməlidir. Rusiya həm də bunu açıq bəyan etməlidir.
Amerikanın Səsi: Azərbaycan həm Qoşulmama Hərəkatının üzvüdür, həm NATO ilə əməkdaşlıq edir, həm Türkiyə ilə strtateji müttəfiqlik, o cümlədən hərvi müttəfiqlik edir, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olmaq və yaxud münasibətləri yumşaltmaqla bağlı bəyanatlar verir. Bunun əsası nədir?
Hesab edirəm ki, Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyü mümkün deyil. Amma, əməkdaşlıq etmək mümkündür.
Tofiq Zülfüqarov: Hesab edirəm ki, Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyü mümkün deyil. Amma, əməkdaşlıq etmək mümkündür. Ələlxüsus Azərbaycanın maraqlarına cavab verən sahələrdə əməkdaşlıq mümkündür. Hərbi əməkdaşlıqü mövcuddur. Rusiya ilə hərbi əməkdaşlıq həm ikitərəfli münasibətlərdə, həm də təşkilata üzv dövlətlərlə çoxtərəfli münasibətlərdə özünü büruzə verir. Təşkilatın üzvü olan Belorus və Qazaxıstan Azərbaycanla müdafiə məsələlərində çox aktiv əməkdaşlıq edir. Bu baxımdan əməkdaşlığın güclənməsinin tərəfdarıyam. Amma, yenə də deyirəm, bəzi məsələlər var ki, onlar həll edilmədən əməkdaşlığın inkişafı mümkün deyil.
Amerikanın Səsi: Necə hesab edirsiniz, Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olarsa Qarabağ münaqişəsi öz həllini tapa bilərmi? Qarabağ münaqişəsinin həlli qərbdən, yoxsa Rusiyadan asılıdır?
Tofiq Zülfüqarov: Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlük məsələsinə yalnız Dağlıq Qarabağ münaqişəsi həllini tapandan sonra baxıla bilər. İkincisi Azərbaycanda müxtəlif siyasi qüvvələr mövcuddur, onların müxtəlif siyasi prioritetləri var. Bu baxımdan bu fikirlərin səslənməsi geniş siyasi spektrə malik olan bir siyasi mühiti əks etdirir. Bu bəyanatların faydası ondan ibarətdir ki, bir növ perspektivi göstərir ki, əgər, əks tərəf bizə qarşı hansısa pozitiv addımlar atsa biz bu məsələləri nəzərdən keçirə bilərik.