Accessibility links

İlqar Məmmədov: REAL bütün seçkilərdə iştirak edəcək


İlqar Məmmədov: Biz yeni mərhələdə də mübarizəmizi davam etdirəcəyik
please wait

No media source currently available

0:00 0:03:46 0:00

"Biz yeni mərhələdə də mübarizəmizi davam etdirəcəyik. REAL Partiyası bütün seçkilərdə iştirak edəcək".

Bu fikri sentyabrın 4-də mətbuat konfransı keçirən REAL Partiyasının sədri İlqar Məmmədov deyib.

O, mətbuat konfransının əvvəlində onu müdafiə edən vəkillərə təşəkkürünü bildirib. İlqar Məmmədov deyib ki, qələbəsində vəkillərin böyük xidməti olub.

İlqar Məmmədov deyib ki, ona görə vəkil Xalid Bağırov Vəkillər Kollegiyasından çıxarılıb. Vəkil Fuad Ağayev də, onun dediyinə görə, təzyiqlərlə üzləşib: "Bunda məqsəd onları qorxutmaq və məni müdafiə etməkdən çəkindirmək idi".

Ancaq Azərbaycan Vəkillər Kollegiyası siyasi mülahizələrlə bağlı vəkillərə təzyiq olunduğu barədə deyilənləri qəbul etmir.

İlqar Məmmədov
İlqar Məmmədov

REAL sədri 2015-ci ilədək həbsxanada ona təzyiqlərin olduğunu deyib.

İlqar Məmmədovun sözlərinə görə, 2015-ci ilə qədər ona cəzaçəkmə müəssisəsində ciddi təzyiqlər göstərilib. REAL Partiyasının sədrinin dediyinə görə, hətta fiziki təzyiqlər belə göstərilib.

O vurğulayıb ki, sonradan isə hüquqi müdafiəsi zamanı müəyyən müdaxilələrlə üzləşib.

Penitensiar Xidmətin rəhbərliyi isə cəzaçəkmə müəssisələrində məhbuslara siyasi baxışlarına görə ayrı-seçkilik edilməsi ilə bağlı deyilənləri qəbul etmir.

REAL sədri İlqar Məmmədov ölkə iqtisadiyyatının hazırkı durumunu şərh edib.

İlqar Məmmədov deyib ki, əgər ölkə iqtisadiyyatı neftə bağlanırsa, neftin qiyməti düşəndə, büdcə də azalır.

O, xarici borcların artmasına da münasibət bildirib. REAL lideri bunu "gələcək nəsillərin cibinə girmək" adlandırıb.

REAL Partiyası sədri deyib ki, bunun qarşısını almaqdan ötrü borclanma prosesi ciddi nəzarətə götürülməlidir. O vurğulayıb ki, daha sonra rəqabətə davamlı iqtisadiyyat yaradılmalı və xarici borcun qaytarılmasından ötrü konsepsiya işlənib hazırlanmalıdır.

İlqar Məmmədov deyib ki, mövcud hökumət gedərsə, onlar gəlib vəziyyəti düzəldərlər.

Ancaq ölkə rəsmiləri deyirlər ki, ölkənin xarici borcu heç də faciəvi şəkildə deyil. Rəsmilər vurğulayırlar ki, ölkənin 40 milyard dollardan çox valyuta ehtiyatı var və bu getdikcə artır.

Maliyyə Nazirliyinin bu il aprelin 1-nə olan məlumatına görə, ölkənin 10 milyard dollara yaxın borcu var.

İlqar Məmmədov vurğulayıb ki, onunla bağlı çıxarılan məhkəmə hökmlərində bütünlükdə 19 hakim iştirak edib. REAL sədrinin qənaətinə görə, onlar qərəzli hökm veriblər.

"Həmin hakimlərə qarşı cinayət işi qaldırılmalıdır. Mən bu məsələdə axıra qədər gedəcəyəm", o vurğulayıb.

Ancaq Azərbaycan rəsmiləri insanların siyasi baxışlarına görə həbs edilməsi ilə bağlı fikirləri qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus sayılan insanlar törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

İlqar Məmmədov 2013-cü ildə İsmayıllı iğtişaşlarının təşkili ittihamı ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Avropa Şurası Nazirlər Komitəsi ötən il dekabrın 5-də Azərbaycana qarşı xüsusi prosedura başlanması barədə keçid qətnaməsi qəbul edib.

AİHM İlqar Məmmədovla bağlı ötən ilin noyabrında verdiyi ikinci qərarda isə İnsan Hüquqları və Söz Azadlığı haqqında Konvensiyanın 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) maddəsinin pozulduğunu müəyyən edib. AİHM İlqar Məmmədovun siyasi motivlərlə həbs olunması nəticəsinə gəlib.

Bundan sonra Azərbaycan Ali Məhkəməsinin plenumu bu il iyunun 29-da yerli məhkəmələrin əvvəlki qərarlarını ləğv edib və işə yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilib. Avqustun 13-də Şəki Apellyasiya Məhkəməsi İlqar Məmmədovu 2 il sınaq müddəti olmaqla azadlığa buraxıb.

XS
SM
MD
LG